Son günlər Qarabağ ətrafında silahlı insidentlərin sayı artmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, son bir həftə ərazində ard-arda bir neçə hadisə qeydə alınıb.
Belə ki, bir müddət əvvəl Ağdam rayonu istiqamətində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Ordumuzun gizirini atəşə tutaraq, onu yaralamışdılar.
Dünən gecə isə Şuşa şəhəri ətrafındakı hərbi postlarımıza basqın edən erməni silahlı dəstələrinin qarşısı alınıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə dünən gecə saat 23:45 radələrində qeydə alınıb. Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin üzvləri postlarımızı atəşə tutublar.
Lakin son bir həftə ərzində Qarabağda baş verən insidentlərin sayı heç də iki deyil. Bəzi hadisələrin qeydə alınmadığına dair iddialar var.
JAMAZ.İNFO-nun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, iyulun 12-də Qarabağdakı qanunsuz erməni silahlı dəstələrə məxsus kəşfiyyat-diversiya qrupu Ağdərə istiqamətində yerləşən hərbi mövqelərimizin arxasına keçərək, təxribat törətməyə cəhd edib. Lakin Azərbaycan Ordusunun ərazidəki bölmələri məsələdən vaxtında xəbər tutaraq, düşmənin niyyətinin qarşısını alıb. Atışma nəticəsində düşmənin kəşfiyyat-diversiya qrupunun üzvlərindən 1-i öldürülüb, ikisi isə yaralanıb. Azərbaycan tərəfindən heç bir itki və yaralı yoxdur. Qrupun digər üzvləri isə qaçmağa müvəffəq olublar.
Qeyd edək ki, mənbə Azərbaycan Müdafiə Nazirliyinin faktı qeydə aldığını, bu barədə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verdiyini, lakin bəlli olmayan səbəblərdən ictimaiyyətə açıqlamadığını bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.