“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri post-konflikt dönəmi ilə bağlıdır. Hesab edirəm ki, səfərin müzakirə mövzusu xüsusilə sərhəddə və Qarabağın dağlıq hissəsində gedən proseslər olub. Post-müharibə dövründə baş tutan bu səfərin əhəmiyyəti böyükdür”.
Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri barədə danışarkən deyib.
Politoloqun sözlərinə görə, səfər zamanı, çox güman ki, şəxsi komissiyasının fəaliyyətinin bərpası ilə bağlı da fikir mübadiləsi aparılıb: “Komissiya Ermənistanın ucbatından öz işini dayandırıb. Lakin seçkilər keçirilərək, komissiya işini artıq bərpa etməlidir. Bu məsələdə Rusiya da bizimlə həmfikirdir. Eyni zamanda, Prezidentin səfəri çərçivəsində Rusiya ilə ikitərəfli münasibətlərin də müzakirəsinin aparıldığı istisna edilmir. Fikrimcə, həm sosial və iqtisadi, həm də ticari əlaqələrin inkişafı məsələsinə də toxunulub. Ümumiyyətlə, Rusiya onun siyasi dəst-xəttinin dəstəklənməsini istəyir. Azərbaycan isə bunun qarşılığında post-münaqişə dövründəki proseslərin sürətlənməsini, delimitasiya və demarkasiyanın başa çatmasını, həmçinin kommunikasiyaların tez bir zamanda açılmasını gözləyir. Nəticədə isə, xalqımızın Qarabağa qayıdışı prosesini başa çatdırmaq hədəflənir. Onu da qeyd edim ki, əhalinin təkcə işğaldan tamamilə azad edilmiş ərazilərə deyil, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan torpaqlara qayıdışı da nəzərdə tutulur. Ermənilər, doğrudan da, dinc halda azərbaycanlılarla birgə yaşayacaqlarsa belə, yenə də məsələ kompleks şəkildə öz həllini tapmalıdır. Heç kimə sirr deyil ki, son dövrlər də Rusiya hərbi birləşmələrinin yerləşdirildiyi Azərbaycan torpaqlarına Ermənistan tərəfindən tez-tez atəşlər açılır. Bu o deməkdir ki, erməni terrorçuları hələ də var və onlar mütləq tərksilah edilməlidir. Cənab Prezidentin səfəri zamanı bütün bunlar və ümumən iki dövlət arasındakı münasibətlərin inkişafına dair digər mövzular müzakirə edilib”.
Nəzrin CAVİD
araz.az xəbər portalı.