..Dünən Azərbaycan Milli Mətbuatının günü idi…
Bünövrəsi Həsən Bəy Zərdabinin min bir əziyyətlə qoyduğu və bu günümüzə gətirib çıxarmasını hamı bilir. Amma bu mətbuatın gününü qara edənlər də oldu. Prezident sərəncamları ilə mətbuatımıza yardım Fondu yaradıldı. Amma hardan biləydik ki, bu xoşniyyətli işi öz xeyrinə qazandıranlar da olacaq. Təxminən 11 il ərzində bu Fonda Vüqar Səfərli rəhbərlik etdi. Onun əli ilə Fonda, daha dəqiqi, mətbuata, jurnalistlərə ayrılan yardımlar (pul və mənzillər, Fəxri adlar) korrupsiyanın yemi edildi…. Çox təəssüflər!
***
Bu gün isə bu əməlli fəaliyyətinə görə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi geçiriləcək. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək.
***
Hələ bir müddət Baş Prokurorluqdan “Təzadlar”a verilən məlumatları oxuyanda dəhşətə gəlmişdik. Biz bunları qismən bilirdik, V.Səfərlinin ətrafında kimlərin nə əməllər törətdiyini də, yalmananları da və bununla da onu oyuna salanları da bilirdik. Amma…
Beləliklə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir. Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulmuşdur. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
***
Sual olunur: büdcəmizə vurulan ziyanın bir hissəsi geri qaytarılıb və ödənilib. Bəs Azərbaycan Prezidentinin mətbuatımıza olan diqqət və qayğısına, nəhayət, Azərbaycan mətbuatına, jurnalistlərin mənəvi dünyasına, ümidlərinə vurulan ziyan necə ödəniləcək???
A.MƏMMƏDLİ.
araz.az xəbər portalı.