“Zəngəzur, Göyçə, İrəvan, Basarkeçərin və s. bizim dədə-baba torpağı olmasının heç bir şübhə yoxdur. Və bu tarixi faktdır ki, vaxtilə həmin torpaqlarda yaşayan soydaşlarımız ermənilər tərəfindən deportasiya edilib. Bunu heç kəs inkar edə bilməz”.
Bunu bəzi xarici qüvvələrin son vaxtlar Azərbaycan Prezidentinin öz çıxışlarında Zəngəzur, Göyçə, İrəvanın və s. tarixi dədə-baba torpaqlarımız olması və soydaşlarımızın oralara qayıtmasının vacibliyini vurğulamasının Ermənistana ərazi iddiası kimi dəyərləndirilməsinə münasibət bildirən AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib.
“Tarixi ədaləti bərpa etmək üçün isə Azərbaycanın güclü olması gərəkdir. Və təbii ki, Azərbaycan öz müttəfiqləri vasitəsilə də bu məsələnin həllinə çalışacaq. Yəni bizim əhalinin indi “Ermənistan” adlanan torpaqlara qayıtması hələ heç də həmin ərazilərin toxunulmazlıq prinsipinə zidd deyil. Çünki söhbət həmin ərazilərin ilhaqından yox, o torpaqların köklü əhalisinin geri dönməsindən gedir. BMT-nin qəbul etdiyi sərhədlər daxilində Ermənistan da öz dövlətini yaşada bilər. Ancaq Azərbaycan insanlarının bəhs edilən torpaqlara qayıtması onların təbii haqqıdır”- deyə açıqlamasının davamında istiqlalçı deputat söyləyib.
“Zəngəzur dəhlizi məsələsi həll olunsa, Xankəndi, Xocalı və digər ərazilərdə suverenliymizin bərpası öz həllini asanlıqla tapacaqmı? Ortalıqda Qarabağda faktiki hərbi kontingenti olan Rusiya faktoru da var…” sualına cavabında isə Etibar Məmmədov bunları söyləyib.
“Qarabağda Rusiya faktoru olmasına, var. Ancaq hələlik qüvvələr nisbəti belədir ki, bu gün Rusiyanın mövqeyi Azərbaycan dövlətinin mövqeyinə zidd deyl. Çünki Rusiya dövlət başçısı da dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, Azərbaycan öz ərazilərində müharibə aparır və öz torpaqlarını azad etmək onun təbii haqqıdır. Halbuki Minsk Qrupunun digər həmsədrlərindən Fransa Azərbaycanı “işğalçı” adlandırıb və ordumuzun azad etdiyi ərazilərdən çıxması haqda Fransa senatının bəyanatı da var. O biri həmsədr ABŞ-ın Dövlət katibi Entoni Blinken isə elə hakimiyyətə gələn kimi Azərbaycan qarşısında azad etdiyi ərazilərdən çıxması tələbini qoymuşdu…
Yəni Minsk Qrupunun 3 həmsədrindən ikisi Azərbaycanın təbii haqqını dolayısıyla da olsa, tanımamaq mövqeyindədir. Rusiya isə Azərbaycanın bu haqqını tanıyır. Ona görə də hələlik Rusiya ordusunun keçmiş Dağlıq Qarabağ ərazisində guya ki, sülhməramlı qüvvə kimi qalması məsələsi bizim üçün daha sərfəlidir, nəinki oraya ermənilərin də təşəbbüs göstərdiyi kimi, Fransa və ABŞ-ın birgə qoşun birləşmələrinin yerləşdirilməsi. Və hətta nənki Qarabağa, Ermənistanla sərhədə də bu iki ədalətsiz həmsədrin qoşunlarının yerləşdirilməsi planı mövcuddur. Təbii ki, Azərbaycanın razılığı olmadan bu, mümkün deyil. Ancaq nəzərə almaq lazımdır ki, bu iki dövlət faktiki Ermənistanın müttəfiqi kimi çıxış edir. Və yada salaq ki, 100 il bundan öncə Sevr müqaviləsindən sonra məşhur Vilson planı var idi. Həmin plana əsasən Azərbaycanın yarıdan çoxu, Türkiyənin də böyük bir hissəsi Ermənistana verilməli idi. Yəni ABŞ-ın mövqeyi o vaxtdan belə olub. Fransa da Ermənistanın təbii müttəfiqidir və açıq-aşkar öz mövqeyini bildirir. Onların yenə də BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təcavüzkar kimi tanınması məqsədilə yeni bir qətnamə qəbul olunması üçün təşəbbüs göstərmək ehtimalı var. Bunun qarşısını real olaraq ala biləcək yeganə qüvvə isə veto hüququna malik Rusiyadır.
Yada salaq ki, bir dəfə də bunun qarşısını Böyük Britaniya alıb. Ancaq bu dəfə onun hansı mövqedə olacağını da bilmirik. Yəni Avropa Birliyi və ABŞ-la Rusiyanın mövqeyinin toqquşması hələki Azərbaycanın əleyhinə qərar qəbul olunmasına imkan vermir. Odur ki, bizim indiki siyasi taktikamız eyni zamanda rəqiblərin hamısına qarşı vuruşmaq deyil, onları bir-birilə vuruşdurub öz mövqelərimizi möhkəmləndirməkdən ibarət olmalıdır” -deyə AMİP lideri vurğulayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.