Bir qrup QHT rəhbəri ilə media mənsubunun Bakının Səbail rayonunda jurnalistlər üçün tikilən 3-cü binanın şəhid və qazi ailələrinə verilməsi ilə bağlı ölkə prezidentinə müraciətinə fərqli yanaşmalar var.
araz.az xəbər verir ki, məsələyə jurnalist Qabil Abbasoğlu da maraqlı şərh verib.
Jurnalistin sözlərinə görə, o bina dövlət vəsaiti ilə tikilib, dövlət kimə istəsə, ona da veriləcək:
“Dövlət əmlakını kimlərə, hansı sosial təbəqəyə, hansı şərtlərlə vermək üçün niyə kimlərinsə müraciətinə ehtiyac olsun ki? O binanı media mənsubları kooperasiya şərtlərilə tikiblər, ya tikilməmişdən kimlərinsə adına mənzil elan olunub ordan? Binanın sahibi dövlətdir, dövlətin belə bir məsləhətə ehtiyacı niyə yaransın ki? Əvvəl bu izah olunmalıdır.
İkincisi, tutaq ki, o bina şəhid ailələrinə verildi. Doğrudanmı, hökumət və o müraciəti imzalamalı olanlar BİR BİNA ŞƏHİD AİLƏSİ nə deməkdi təsəvvür etmirlər? O binadakı aura, psixoloji mühit, posttravmatik stress amili, atasız övladlar, övladsız valideynlər icması… O ailələrin, o uşaqların inteqrasiyası haqda düşünmək lazımdır, onları təcrid edib bir binaya yığmaq yox! Təkcə onu təsəvvür edin, 200-300 ailəlik binada ya ilin 44 günü kütləvi anım, kədər, emosional ton… Ya da hətta növbəylə keçirilsə belə, bu dəfə ilin hər günü anım, kədər, yenə həmin emosional ton…”.
Q.Abbasoğlunun sözlərinə görə, bu, dövlət düşüncəsinə aid məsələdir: “Dövlət özü həll etməlidir. Məsələ kiməsə ev verilməsi, yaxud, bir bina artıq, bir bina əskik tikilməsi qədər sadə deyil”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.