Ermənistanda payız yaydan daha “isti” olacaq
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri və onun Avropa İttifaqı tərəfindən Ermənistanın iqtisadiyyatı üçün nəzərəçarpacaq məbləğdə-2.6 milyard avro-maliyyə yardımının ayırması haqqında bəyanat səsləndirməsi birmənalı qarşılanmadı. Mütəxəssislər bunu müxtəlif istiqamətlərdə əsaslandırmağa cəhd etdilər”.
Bu sözləri “Sherg.az”a BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib. O, proseslərin inkişafını da təhlil edib:
“Kimi bunu Avropa İttifaqının Ermənistan qarşısında “günahını yumaq”, kimi ATƏT-in Minsk Qrupunun fəaliyyətini “reanimasiya etmək”, kimi də Avropanın Ermənistan vasitəsi ilə regionda fəaliyyətinin aktivləşdirilməsi üçün atılan addım kimi qiymətləndirdi. Müharibə nəticəsində üzülüb əldən düşmüş iqtisadi və siyasi kollapsla üz-üzə dayanan Ermənistandan başqa region dövlətlərindən heç biri Avropanın bu hərəkətindən eyforiyaya qapılmadı. Region dövlətləri Ermənistana edilən bu yardımın bölgə üçün heç də istənilən nəticəni verməyəcəyinin fərqindədirlər. Çünki Ermənistan çoxdan özünü region dövlətlərindən təcrid etmiş vəziyyətdə aparır və qonşu dövlətlərin ərazilərini qəsb etmək məqsədi güdməklə inteqrasiya proseslərinə qoşulmaqda maraqlı olmadığını göstərir. Deməli, Avropa İttifaqının Ermənistana maliyyə yardımının onun Ermənistanı region ölkələrinə inteqrasiya etmək cəhdi ilə yanaşı digər məqsədlərinin də həyata keçirilməsində effektli mexanizm rolunu oynamayacağını Brüsseldə başa düşməmiş deyillər. Avropa İttifaqının Ermənistana maliyyə yardımının məhz Rusiyanın əleyhinə yönəldiyini iddia edənlərin bu məsələdə haqlı olduqlarını təsdiq etmək, fikrimcə, daha da məntiqli olardı. Bu yardım məhz Rusiyanın regionda rolunun azaldılmasına və Ermənistanın Rusiyanın nüfuzundan uzaqlaşdırılmasına istiqamətlənib. Çünki Avropa İttifaqı Rusiyanın ətrafında olan ölkələrlə birlikdə şimal qonşumuza qarşı mübarizə aparır. Nəzərə almalıyıq ki, Cənubi Qafqaz Avropa İttifaqı və Rusiya qarşıdurması dairəsinə daxil olan regiondur. Avropa İttifaqı Gürcüstan, Ukrayna, Yunanıstan, Türkiyədəki Rusiya əleyhinə olan qüvvələrin siyahısını Ermənistan vasitəsi ilə daha da genişləndirir”.
Ə. İbrahimovun sözlərinə görə, Avropa İttifaqının sözügedən addımı heç də təsadüfi atılmayıb:
“Məlumdur ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra hələ baş nazir kürsüsünə oturmağa imkan tapmamış Nikol Paşinyan Moskvaya çağırıldı. Bu dəvət rəsmi elan olunduğu kimi heç də Ermənistan-Rusiya münasibətlərinin müzakirə olunması üçün həyata keçirilməmişdi. Rusiyanın əsas məqsədi iqtisadi problemlər içində boğulan Paşinyana Rusiyaya tərəf daha da ciddi addımlar atması üçün istiqamət verməkdən ibarət idi. Onun qarşısında maliyyə yardımı qarşılığında Rusiya meylli qüvvələrin hakimiyyətdə təmsil olmasına şərait yaratmaq kimi vəzifə qoyulmuşdu. Bu vəziyyəti başa düşən Avropa İttifaqı öz yardımı ilə Ermənistanın yanına tələsdi və 4 illik 2.6 milyard avro ilə Ermənistanı Rusiyanın məngənəsindən çıxarmağa cəhd etdi. Yaxın gələcək jestlərin nə qədər effektli olduğunu göstərəcək. Artıq Rusiyanın Avropa İttifaqının bu addımını neytrallaşdırmaq istiqamətində tədbirlər görməyə başlaması haqqında xəbərlər gəlməkdədir. Deyəsən, Ermənistanda payız yaydan daha “isti” olacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.