“Qabiliyyət imtahanının ləğvinin tərəfdarıyam”
Son bir neçə ildir ki, Azərbaycan ali məktəblərinin, xüsusən də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlər üçün test imtahanlarından əlavə qabiliyyət imtahanı da keçirilir. Əvvəlki dönəmlərdə gələcək jurnalistlər üçün qabiliyyət imtahanının müsbət tərəfləri vurğulansa da, indi bunun tamamilə əksi deyilir.
Mütəxəssislər təklif edirlər ki, jurnalistika fakültəsində qabiliyyət imtahanı ləğv edilməlidir. Bir sıra ekspertlərin qənaətinə görə, qabiliyyət imtahanları heç bir effekt vermir, ona görə də onun qalmasından ləğv edilməsi daha məqsəduyğundur.
Qeyd edək ki, bəzi mütəxəssislərin fikrincə, çox zaman abituriyentlərdən qabiliyyət imtahanı götürənlərin özlərinin də yazı sahəsində elə də bilgisi olmur, bu səbəbdən də qeyri-obyektivliyə yol verilir.
Onu da vurğulayaq ki, bu məsələ uzun müddətdir sosial şəbəkələrdə də aktiv şəkildə müzakirə edilir, əksər istifadəçilər jurnalistika ixtisası üzrə keçirilən qabiliyyət imtahanlarını artıq və yersiz sayır.
- “Çünki bu mənasız və heç bir müsbət effekti olmayan bir imtahandır”
Filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli du fikirdədir ki, qabiliyyət imtahanları effekt vermir, o ləğv edilməlidir. V.Ağabəyli bizimlə söhbətində bildirdi ki, ümimiyyətlə qabiliyyət imtahanı artıqdır və birokratikliyə rəvac verən hallar yaradır. V.Ağabəylinin sözlərinə görə, jurnalistika ixtisasından qabiliyyət imtahanı yığışdırılmalıdır. “Mən də jurnalistikaya qəbulda qabiliyyət imtahanının ləğvinin tərəfdarıyam. Çünki bu mənasız və heç bir müsbət effekti olmayan bir imtahandır. Qabiliyyət imtahanının qeyri-adi bacariq təsbit etdiyini deyə bilmərik. Jurnalist universitetdə, praktik mühitdə yetişməlidir. İnşa yaza bilmək, köçürdə bilmək və ya əzbərləyib 3-4 cümlə yazmaq mühüm məsələ deyil, jurnalist analitik olmalıdır, təhlillər aparmağı, müqayisələr etməyi bacarmalıdır. Bu qabiliyyət və bacarıq isə universitetdə təhsil aldığı illərdə formalaşdırılmalıdır. Kiməsə xoş gəlsin və ya hansısa “hörmətli” müəllimin tədris etdiyi fəndir deyə lazımsız, köhnəlmiş nəzəri fənləri tədris planında saxlamaqdansa onları çıxarıb əvəzinə praktik, lazımlı fənləri salmaq lazımdır” – deyə V.Ağabəyli qeyd etdi.
İradə SARIYEVA
araz.az xəbər portalı.