Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi twitter hesabında dövlət məmurlarına ünvanladığı xəbərdarlıq siyasi ekspertlər tərəfindən də müsbət qarşılanıb.
Siyasi ekspert Telman Qasımov Olaylar.az saytına bildirib ki, prezident İlham Əliyevin açıqlaması bundan ibarətdir ki, müharibədən sonra Azərbaycan iqtisadiyyatında heç bir dəyişiklik baş verməyib, yəni adətən bir çox ölkələrdə müharibədən sonra büdcədə kəsirlər, çatışmazlıqlar yaranır, amma bizdə tam əksinə oldu:
“Müharibə belə bizim büdcəmizə və gəlirlərimizə təsir edə bilmədi. Əksinə Azərbaycan büdcəsi 1 milyard valyuta gəliri əldə etdi. Azərbaycan prezidentinin fikirlərindən belə başa düşmək olur ki, Azərbaycandakı son islahatlar – yeni kadrların vəzifəyə gətirilməsi ilə köhnə məmurların əlləri-qolları kəsildi. Büdcəni oğurlayan, talayan, yersiz xərclərə yol verən məmurlar yox oldu və yeni kadrlar seçildi. Yeni kadrların islahatlarda iştirak etməsi, büdcədən ayrılan pulların doğru şəkildə xərclənməsi nəticəsində, demək olar ki, Azərbaycan nəinki bu çətinlikləri dəf etdi. Pandemiya və müharibə dövrü böyük xərclər tələb etsə də, Azərbaycanın büdcəsi zərər görmədi, əksinə üstünlük əldə etdi. 1 milyard valyuta gəliri, bu az say deyil. Bundan sonra Qarabağda gedən quruculuq işləri,Şərqi Zəngəzurdakı islahatlar, tikintilər, infrastrukturun qurulmasına vəsaitin xərclənməsi belə büdcəyə təsir edə bilmədi.”
Ekspert prezidentin verdiyi mesajla bağlı digər məsələlərə də toxunub:
“Hesab edirəm ki, Prezidentin verdiyi bu mesaj yeni vəzifələrə təyin olunmuş məmur komandasınadır ki, bir az pullara qənaət olunsun, yersiz layihələrə vəsait xərclənməsin. Bu tam birbaşa dövlət tərəfindən nəzarətdə olacaq. Dövlət büdcəsindən ayrılan maliyyə effektiv şəkildə xərclənməlidir. Düşünürəm ki, bu çox yaxşı haldır. Çünki hələ bizim görüləsi işlərimiz çoxdur. İstər quruculuq işlərində, istər digər sahələrdə və həmçinin şəhid ailələrimiz, müharibə əlillərimizin sosial müdafiə sahəsindəki məsələlərinin həllində, onların aylıq və illik xərclərinə də öz təsirini göstərəcək. Təbii ki, iqtisadiyyatımızın inkişafı belə davam etsə. Cənab Prezidentin verdiyi bu açıqlama məhz bununla bağlıdır ki, keçmiş dövr bitdi, yeni dövr başladı. Yeni dövrdə yeni kadrlarla ağıl və düşüncə ilə çalışıb Azərbaycanın inkişafına doğru uğurlu addımlar atılmalıdır. Sual yarana bilər, məsələn, nə üçün müharibə dövründə bu qədər vəsait xərcləndi, pandemiya dövründə də dövlət büdcəsindən kifayət qədər pullar ayrıldı və nə üçün bunlar Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilmədi? Çünki burada dövlətin tutduğu doğru yol var. Dövlətin valyuta gəliri, məsələn, qazın, neftin gəlirləri var ki, onlar doğru şəkildə istiqamətlənmişdir. Bu sevindirici bir haldır ki, Azərbaycanın büdcəsində valyuta gəlirləri 1 milyarda çatıb. Hətta, səhv etmirəmsə, bu il bizim büdcəmizdən 2 milyarda yaxın maliyyə xərclərinə qənaət olunub. Artıq yerlərə, lazımsız layihələrə maliyyə vəsaiti xərclənməsinin qarşısı alınıb. Təsəvvür edin ki, keçmiş məmurlar – o acgöz, yırtıcı məmurlar olsaydı, bu 2 milyard büdcədə artıq qala bilməzdi. Onu hər vəchlə dağıdıb yeyəcək, lazımsız yerlərə xərcləri özləri yazacaq, mənimsəyəcəkdilər. Düşünürəm ki, bu gün Azərbaycan iqtisadiyyatında yüksəlişlər və inkişaf varsa bu çox sevindirici haldır.”
Mehriban XƏLİLLİ.
araz.az xəbər portalı.