20191218 142831

Belə bir beynəlxalq təşkilat, fəaliyyət dairəsindən asılı olmayaraq, ancaq və ancaq Azərbaycana xələl gətirəcək — buna əsla yol vermək olmaz!

Azərbaycan — Ermənistan sərhədində yaşanan gərginliyin aradan qaldırılması və iki dövlətin sərhədlərinin demarkasiyası prosesinə yenidən ATƏT-in Minsk Qrupunun cəlb edilməsi, hətta son vaxtlar bu mövzu ətrafında müzakirələrin qızışması belə düzgün deyil. Çünki Azərbaycan bu yöndən olan öz taleyüklü məsələsinin həllinə heç bir beynəlxalq təşkilatı buraxmamalıdır. Hələ bir olsun ki, Qarabağ münaqişəsinin həlli istiqamətində uzun zaman heç nəyi bacarmayan Minsk Qrupunu.
Bu gün ABŞ və Fransa, faktiki olaraq, regionda heç bir real təsir imkanına malik deyil. Minsk Qrupunun eksqumasiyası, ancaq bu iki dövlətin siyasi maraqlarına xidmətin bərpası kimi, həm də gələcəkdə həll ediləcək Qarabağ məsələsinin yenidən dirçəlməsi ehtimalını artırır. Yalnız bu halda, yəni, Minsk Qrupunun mandatı ilə,
ABŞ və Fransa regionda siyasi-diplomatik təsir imkanlarını əldə edə bilərlər.
Ümumiyyətlə, post müharibə dövründə, Ermənistanla Azərbaycan arasında ən həssas məsələ sərhədlərin demarkasiyası, erməni hərbi birləşmələrinin, eləcə də silahlı təxribatçıların Qarabağ ərazisindən çıxarılması və ən önəmli kommunikasiya məsələsi, daha doğrusu, Zəngəzur dəhlizinin açılışıdır. Olduqca vacib bu üç məsələnin həllində Minsk Qrupu heç bir təsirə və imkana malik deyil. 10 noyabr və 11 yanvar tarixli üçtərəfli Bəyanata əsasən, yuxarıda sadaladığım məsələlərin icrası, tam olaraq, birbaşa Rusiyanın məsuliyyətindədir. Sərhəd məsələsində isə, Rusiya, birmənalı olaraq, söz sahibidir. Çünki Rusiya SSRİ-nın varisi kimi, Ermənistanla Azərbaycan arasında dəqiq inzibati sərhəd məlumatına, sənədlərə və arxiv materiallarına malikdir. Bütün bunlar isə, Azərbaycanın maraqlarına uyğundur və indiki vəziyyətdə də, Rusiyanın mövqeyi neytral və ədalətli görünür.
Kəlbəcərdəki son atışmadan sonra, Rusiya Müdafiə Nazirliyinin “Ermənistan yeni reallıqları qəbul etməlidir, əks halda, Azərbaycan ərazi bütövlüyünü qorumaq üçün, qəti tədbirlər görəcək” açıqlaması Azərbaycanın maraqlarını əks etdirir və sülhə məcburetmə əməliyyatlarının başlanmasına yaşıl işıq yandırır. Ancaq Minsk Qrupu üzvləri olan ABŞ və Fransa, post müharibə dövründə də, Azərbaycana qarşı düşmən mövqelərində dəyişiklik etməyiblər. ABŞ-ın Ermənistandakı səfirinin Azərbaycanın Kəlbəcər rayonuna yaxın sərhəd bölgəsinə səfəri və son Kəlbəcər atışmasından sonra, ABŞ-ın Azərbaycana maliyyə yardımını dayandırması, onun dövlətimizə qarşı qarşı düşmən mövqeyinin son sübutlarındandır. Fransadan isə, heç danışmağa dəyməz, çünki bu dövlətin 1-ci erməni dövləti olduğunu çoxdan “təsdiq edib”. Fəaliyyət dairəsindən asılı olmayaraq, Minsk Qrupunun bərpası, ümumən götürdükdə, post müharibə dövründə baş tutacaq proseslərə müdaxilə imkanı yaradır. Təbii ki, bu da, ABŞ və Fransanın Minsk Qrupunun həmsədrləri kimi, Rusiyanı neytrallaşdırmaq və prosesi onun yekdil nəzarətindən çıxarmaq, onu Azərbaycana və Türkiyəyə qarşı qoymaq kimi məqsədlər güdəcək. Sözsüz ki, bu şəraitdə Ermənistanla Azərbaycan arasında yekun nəticə — Sülh Müqaviləsinin imzalanması olduqca çətinləşəcək.
Minsk Qrupunun post müharibə prosesinə buraxılması üçün, ABŞ və Fransanın canfəşanlığı fonunda, Rusiya Azərbaycan üçün ədalətli tərəfdaş kimi özünü göstərir. Ancaq bu o demək deyil ki, Rusiya öz oyununu oynamır. Sözsüz ki, Rusiyanın da öz maraqları var, amma indiki real geosiyasi vəziyyətdə Rusiya Azərbaycan və Türkiyə ilə tərəfdaş olmaqda, NATO və Avropa Ittifaqı ilə çəkişmədə müqavimət və dözümlülük əldə edir. Bu səbəbdən də, Rusiya Azərbaycan və Türkiyə maraqları ilə hesablaşmağa məcburdur və bu vəziyyətdən də uduşludur.
İndi, konkret olaraq onu demək olur ki, Rusiya regionda maraqlarını təmin edib, Azərbaycan və Türkiyə ilə ortaq məxrəcə gəlib. Üstəlik, Zəngəzur dəhlizinin də açılması yaxın zaman məsələsi kimi görünür. ABŞ və Fransanın Minsk Qrupunun eksqumasiyasına çalışması, əsasən, erməni sevgisi yox, Türkiyə, Rusiya və Azərbaycan birliyini laxlatmaq, Rusiya ilə Türkiyə arasında çat yaratmaqdır. Belə bir Minsk Qrupu fəaliyyət dairəsindən asılı olmayaraq, ancaq və ancaq, Azərbaycana xələl gətirəcək və buna əsla yol vermək olmaz.

Vüqar DADAŞOV,
MCP SŞ-nin üzvü, hüquqşünas, Qarabağ qazisi.

araz.az xəbər portalı.