Ünvanlı sosial yardım əsasən aztəminatlı ailələr üçün nəzərdə tutulub.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.
O, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı proseduru izah edib: “Ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından balaca uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Çünki övladların böyüdülməsi ilə məşğuldur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir”.
Mətin Əsgər qeyd edib ki, ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilməsində ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq əsas götürülür.
O bildirib ki, elektron formada müraciət olunarkən müvafiq dövlət qurumlarının informasiya sistemlərindən və informasiya mənbələrindən sorğular olunur: “Burada vətəndaşın gəlirləri, əməkhaqqısı, o cümlədən, hər hansısa pensiya və ya təqaüd alıb-almaması barədə daxili bazadan məlumatlar götürülür. Vətəndaş aylıq kommunal borclarını ödəyə bilirsə, deməli gəliri olub. Bu səbəbdən də kommunal xərclər gəlir kimi nəzərə alınır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.