modern.az 31.07.2021 1627755894

“Rusiyanın siyasət texnologiyasında dəyişikliklər gecikdiyinə görə, bu, bəzən ölkənin adından səslənən məqsədyönlü fikirlərin də ciddiliyi itir. Bu metod, xüsusilə də Jirinovski obrazında qurulan hədə və xəbərdarlıq mesajlarında gülünc qaşılanmağa başlayır”.

araz.az  xəbər verir ki, bunu deputat Fazil Mustafa Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana xəbərdarlığına münasibət bildirərkən deyib:

“Bu adam artıq “bir neçə ölkəyə atom bombası atıb”, “bir neçə ölkəni işğal edib”, “bir neçə ölkədə çevrilişlər edib”… Sonunda anlaşılıb ki, bir cizgi filminin qəhrəmanının cızılmış süjet xətti üzrə hərəkətindən başqa bir şey baş verməyib. Adam dəfələrlə Azərbaycanla bağlı, həm dövlət, həm xalq, həm də iqtidar barədə təzadlı, bir çox hallarda da təhqiramiz fikirlər səsləndirib. Arada sərsəmləyərək hətta Qarabağı Rusiyaya birləşdirib, Azərbaycanı Rusiyanın quberniyasına çevirib. Bütün bunlar Rusiya ilə münasibətləri yetərincə yaxın olan Azərbaycanı elə də narahat etməyib, çünki indiyədək erməni mənbələrinin qidalandırdığı bu cür siyasətbazların mövqeləri dövlətlərarası münasibətlərə zərrə qədər də öz təsirini göstərməyib” –  deyən F.Mustafanın fikrincə Azərbaycan və Rusiyanın praqmatik düşüncəyə sahib liderləri hər iki dövlətin maraq və mənafelərinə uyğun münasibətləri indiyədək uğurla davam etdirirlər və aramızda ciddi dostluq ənənələri formalaşıb:

“Buna baxmayaraq, dəfələrlə öz opponentlərinə qarşı heyvani davranış sərgiləyən Jirinovski indi də eyni sərsəmləməni radio vasitəsilə edib ki, bəs Cənubi Qafqaz Rusiyanın 200 illik nüfuz dairəsində olduğuna görə, bizim iradəmizlə hamı hesablaşmalıdır. Və əlavə olaraq da ədəbsiz formada Azərbaycan prezidentinə xitab edərək, bu ərazilərdə rus əsgərlərinə yan baxılmayacağını və əks halda hakimiyyətin devriləcəyini bildirib. Bir işğalçı-faşist ritorikası ilə ədəbsiz formada Azərbaycan prezidentinə müraciət edən, eyni zamanda Azərbaycana xəbərdarlıq edən bu tərbiyəsiz Volodya hələ də anlamır ki, məhz İlham Əliyevin liderliyi altında Azərbaycan xaıqı bir yumruq kimi birləşərək öz torpaqlarını vaxtaşırı Jirinovskiləri sadiq köpək kimi yemləyən erməni vəhşilərinin işğalından azad etdi. Artıq hər hansı qüvvə Azərbaycan xalqının bundan sonrakı birlik modelini pozmaq iqtidarında deyil və istənilən xarici qüvvəyə qarşı iqtidarlı, müxalifətli qətiyyətlə birləşəcəyimizdən hər kəs əmin ola bilər. Bu gün Azərbaycan müxalifəti də istər torpaqların işğaldan azad olunması, istərsə də ölkənin müstəqilliyinin qorunmasında iqtidarla birgə çiyin-çiyinə mübarizə aparmağa hazırdır. 44 günlük savaşda və ondan sonrakı mərhələdə ölkədə olan bütün müxalifət partiyalarının iqtidarın ərazi bütövlüyümüz uğrunda apardığı siyasəti dəstəkləyən bəyanat səsləndirməsi də bunun bariz sübutudur. Bu cür üslubda Azərbaycana hədə göndərənlər anlamalıdırlar ki, müstəqillik bu millətin qırmızı xəttidir və ona əl uzadan hər hansı bir ölkənin əsgərinin dəbilqəsinin altı boş qalar. Necə ki, erməni əsgərlərinin miskin durumu həmin tərbiyəsiz Jirinovskinin də gözünün önündədir. Ona görə də bu səviyyəsiz Volodya Azərbaycana boylanmaq yerinə öz miskin durumuna ağlasa daha doğru olardı”.

Deputat qeyd edib ki, Azərbaycan bir dövlət olaraq Rusiya ilə dostluğa böyük əhəmiyyət verir:

“Əminəm ki, bu cür pozucu elementlərin məqsədyönlü çağırışları əvvəlkilər kimi də küləyə qarışıb eşidilməz olacaqdır”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.