Əfqanıstanda hakimiyyət “Taliban” hərəkatına dinc yolla veriləcək.
araz.az reyting.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bəyanat yayıb.
O bildirib ki, razılaşmaya görə, hərəkatın silahlıları paytaxta hücum etməyəcəklər: “Kabil hücuma məruz qalmayacaq, hakimiyyət dinc yolla ötürüləcək”.
Mirzakval paytaxt sakinlərini əmin edib ki, təhlükəsizlik orqanları Kabilin təhlükəsizliyini təmin edəcəklər.
Öz növbəsində “Taliban” hərəkatının nümayəndələri də bildiriblər ki, vətəndaşların təhlükəsizliyi təmin olunacaq.
“Al-Arabiya” telekanalı isə bildirir ki, Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək: “Hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq”.
Xatırladaq ki, Taliban silahlıların bu gün paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Elə həmin xəbərdə də “Taliban” paytaxtı silahlı güc yolu ilə ələ keçirmək istəmədiyini bəyan edib.
Bu məqsədlə hərəkət öz döyüşçülərinə tutduqları mövqedə dayanmağı tapşırıb.
Məlumatda iddia olunur ki, “Taliban” hökumətdən paytaxtı döyüşsüz təslim etməsini tələb edir: “Hazırda hökumətlə bu istiqamətdə danışıqlar aparılır”.
Qeyd edək ki, Kabil ölkə hökumətinin nəzarət etdiyi sonuncu böyük şəhərdir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.