“Unudulmamalıdır ki, vəki ədalət mühakiməsinin tərəfi kimi qiymətlidir. Vəkilə qarşı kobudluq cəmiyyətin və dövlətin ədalət anlayışına qarşı yönəlmiş əməldir, dövlətin təməlinə zərbə vurmaqdır”.
Tanınmış hüquqşünas Aydın Kərimov Ovqat.com-a açıqlamasında belə deyib.
Vəkil Coşqun İsgəndərovun Şirvan Apellyasiya Məhkəməsində polis tərəfindən döyülməsi faktına münasibət bildirən A.Kərimov qeyd edib ki, vəkili qorunmayan dövlətdə qanunun aliliyi qorunmaz: “O hakimiyyətin ədaləti olmaz, hüququn aliliyi təmin olunmaz. Bu, dövlətin siyasətində, qanunlarda, mühakimənin prinsiplərində, hakimin və məmurun tərbiyəsində, cəmiyyətin ədalət idealında, insan haqlarının üstünlüyündə vəkillərin mütəşəkkil özünü müdafiə sistemində ifadə olunmalidır”.
Xatırladaq ki, Şirvan Apellyasiya Məhkəməsində vəkilin polis tərəfindən döyülməsi xəbəri Coşqun İsgəndərovun özü tərəfindən yayılıb. İsgəndərovun iddiasına inansaq, müttəhim Qabil Ələsgərovun hüquqlarını müdafiə etdiyi məhkəmədə polislərin rəhbəri Rauf Şahbazov vəkili təhqir edib. Bundan sonra polis əməkdaşları hüquqşunasa hücum çəkərək onu məhkəmə zalından çıxarıblar.
Hadisə ilə bağlı DİN-dən E-huquq.az-a verilən açıqlamada iddia qismən doğrulanıb və günahın məhkəmə zalına mülki geyimdə daxil olan C.İsgəndərovda olduğu vurğulanıb. Məlumatda bildirilib ki, polis əməkdaşlarına kinayəli suallar ünvanlayan vəkil asayiş keşikçilərini təxribata çəkməyə çalışıb.
“Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər. Polis əməkdaşları məhkəmə zalında keçirilən prosesin Qabil Ələsgərovun məhkəməsi olmadığını və ona məhkəmənin gedişatına mane yaratmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil Coşqun İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxsin polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib. Qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır”, – DİN-dən E-huquq.az-a verilən məlumatda belə deyilirdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.