1629280377 unnamed 67

“Vətən müharibəsi zamanı vertalyot təxribatı törədərək “sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulan, sözdə bu ərazilərin Aərbaycana aid olduğunu söyləyən, reallıqda isə işğal etdiyi əraziləri özününkü hesab edən Rusiya həddini aşmaqda davam edir”.

araz.az bildirir ki , bu sözləri Reyting.az-a Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Qənioğlu Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətindən danışarkən deyib.

Son zamanlar sülhməramlı missiyanın nəzarətində olan Qarabağa aid ərazilərdə və Azərbaycanın dövlət sərhəddində erməni separatçılarının və Ermənistanın ordusunun təxribatlarına diqqət çəkən partiya sədri bildirib: “Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin ziddinə olaraq nəinki erməni silahlı qüvvələrinin (əslində terrorçuların) “sülhməramlıların” nəzarət etdiyi ərazilərdən çıxarılmasına mane olur, əksinə, onları silahlandırır. Bu azmış kimi yeni terroçuların Ermənistandan bu ərazilərə daşınmasına hərtərəfli yardım edir, Ermənistanı silahlandırmaqla, onun məhv edilmiş ordusunu dirçəltməklə Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır, Ermənistanı sərhəddə təxribatlar törətməyə təhrik etməklə regionda yeni münaqişə vəziyyəti yaratmağa cəhd edir”.

Teyyub Qənioğlunun sözlərinə görə, Rusiya öz hərəkətləri ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasına mane olur, erməniləri zorla Xankəndidə, Xocalıda, Xocavənddə və nəzarət etdikləri digər ərazilərdə saxlamaq üçün onların sosial problemlərini həll edir: “Göründüyü kimi, Rusiya seperatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədə həyata keçirdiyi “pasport əməliyyatını” Azərbaycanda da tətbiq etməyə hazırlaşır. Bu məsələyə toxunan Rusiyanın XİN rəhbəri Lavrov bəyan edir ki: “Rusiya beynəlxalq hüququ pozmur, birincisi, hər bir ölkə özü müəyyənləşdirir ki, kimə vətəndaşlıq verə bilər, ikincisi, hər bir insan da hansı ölkənin vətəndaşı olmaqda sərbəstdir”. Belə çıxır ki, ermənilər də Rusiya vətəndaşlığı almaqda sərbəstdirlər!? Bu cənab unudur ki, belə olduqda Azərbaycan da öz ərazilərindən xarici ölkə vətəndaşlarını deportasiya etmək hüququna malikdir”.

Partiya sədri əlavə edib ki, Rusiya nəinki yaşlı nəsli, hətta erməni uşaqlarını və gənclərini də Azərbaycana qarşı müharibəyə hazırlayır: “KİV-də yayılan məlumatlara görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın bütün bölgələrindən olan 13-18 yaş arası uşaqlar üçün dağlarda sağ qalmağın əsasları öyrədilən “gənc döyüşçü” kursu təşkil edib”.

T. Qənioğlu xatırladıb ki, Rusiya “sülhməramlıları” Azərbaycanın etirazlarına məhəl qoymayaraq onun icazəsi olmadan Rusiya, Ermənistan, İran və s. dövlətlərin vətəndaşlarının, müəmmalı yük daşıyan maşınlarının Azərbaycan ərazisinə girişinə hərtərəfli şərait yaradır: “İndiyədək Azərbaycan Rusiyanı “strateji müttəfiq” hesab edərək onun bu “şıltaqlıqlarına” dözümlü yanaşır, bir növ gözləmə mövqeyi tuturdu. Həm Rusiya, həm də Azərbaycan bir-birini, siyasət xatirinə, sözdə “strateji müttəfiq” adlandırsalar da, reallıqda bunun belə olmadığının fərqində idilər, ancaq bunu açıb-ağatmırdılar. Azərbaycan ərazisini işğal edən, onu ikiyə bölən, zor gücünə Azərbaycanın əzəli və əbədi torpaqlarında qondarma erməni “dövləti” yaradan və daim ondan Azərbaycana qarşı bir alət kimi istifadə edən Rusiyadan ölkəmizə strateji müttəfiq olarmı? Ancaq Rusiyanın Azərbaycana qarşı düşmənçiliyi reallığın olduğu kimi adlandırılmasını zəruri edirdi. Azərbaycan prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə ilk dəfə bunu etdi. İ. Əliyev Rusiyanı “strateji müttəfiq” yox “Azərbaycanın qonşusu və Ermənistanın yaxın mütəfiqi” adlandırdı. Bu isə “düşmənimin yaxın müttəfiqi mənim də düşmənimdir”,- anlamına gəlir. Beləliklə, Azərbaycan mifik “strateji müttəfiq”likdən reallığa doğru qəti addım atdı. və Rusiyanın nəzərinə çatdırdı ki, Azərbaycan öz süseren hüquqlarını qorumaq əzmindədir və heç kim buna mane ola bilməz! Rusiya siyasətçiləri bunun nə demək olduğunu yəqin ki, yaxşı başa düşürlər. Qalır onların bundan nəticə çıxarmaları”.

T. Qənioğlu sonda qeyd edib ki, Qərbdən (Ukrayna, Pribaltika respublikaları), Şərqdən (Yaponiya), Cənubdan (Gürcüstan) qeyri-dost dövlətlərlə əhatə olunan Rusiyaya Azərbaycan və Türkiyə timsalında yeni dost olmayan ölkələr lazımdırsa, bunu qazanacaq. Bunun nə ilə nəticələnəcəyini isə Rusiyanın siyasətçiləri hesablamalıdır.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.