”Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun rəhbərliyi altında uzun illər ərzində həyata keçirilmiş yeyinti və maliyyə maxinasiyaları ilə bağlı təkzibolunmaz faktlar öz təsdiqini tapmaqdadır.
araz.az Sfera.az-a istinadən xəbər verir ki, ortaya çıxan ciddi faktlar bəzi vəzifəli şəxslərin cəzalanmasını aktuallaşdırıb. Belə vəzifəli şəxslərdən biri isə keçmiş sədr Qorxmaz Hüseynovun ən yaxın kadrlardan sayılan “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovdur.
Məlum oldub ki, uzun illər “Azərsu” ASC-nin həyata keçirdiyi əksər bahalı və yeyintilərə yol verilmiş layihələrin baş rol ifaçısı məhz Etibar Məmmədov olub. Belə ki, tikinti-təmir işlərindən tutmuş, yeni su xətlərinin çəkilişinə qədər bütün layihələrdən küllü miqdarda vəsaitlərin “yoxa çıxması” bu məsələlərdə iştirakı şübhə doğurmayan Etibar Məmmədovu diqqət mərkəzinə gətirib. Əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsində yol verilmiş nöqsanların miqyası isə o qədər böyük olub ki, Etibar Məmmədovun başı ağrımalı olub.
Əldə etdiyimiz məlumatda bildirilir ki, çatışmazlıqlarla bağlı sorğu-suala tutulan Etibar Məmmədovun yeyinti və korrupsiya faktlarını etiraf etməkdən başqa çarəsi qalmayıb. Nəticədə dövlətə dəymiş ziyanı kompensasiya etmək məqsədilə küllü miqadarda vəsaitin geri qaytarılmasına nail olunub. Bununla belə Etibar Məmmədovun canını quratardığını düşünmək hələ tezdir.
Ən azından ona görə ki, ortada Gəncə şəhərinə ayrılmış 20 milyon manatın qaranlıq taleyinə hələ də aydınlıq gəlməyib.
Xatırladaq ki, bir neçə il qabaq Gəncə şəhərində yenidənqurma və abadlıq məqsədilə ayrılan vəsaitlə bağlı da ciddi faktlar ortaya çıxıb. Belə ki, küllü miqdarda vəsait təyinatından yayındırılaraq mənimsənilib. Bu əməliyyata da məhz Etibar Məmmədovun rəhbərlik etdiyi bildirilir. Odur ki, “Azərsu” ASC-nin sədr müavinin yenidən sorğu-suala cəlb olunduğu deyilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.