bandicam 2021 08 20 12 43 39 965

Keçmiş girov Şahbaz Quliyev doğma yurdu Kəlbəcəri ziyarət edib.

araz.az bildirir ki , bu barədə Modern.az-a o özü məlumat verib.

Bu yaxınlarda Kəlbəcər rayonuna gedən Ş.Quliyev illər öncə ermənilər tərəfindən girov götürüldüyü yerə də baş çəkdiyini bildirib.

“Bir neçə gün əvvəl Kəlbəcərə getmişdim. Saxlanıldığım yerə baş çəkdim, azad olunmuş torpaqlarımıza ayaq basdım, oraları ziyarət etdim”, – deyə erməni girovluğundan azad edilən Ş.Quliyev vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Onlarla birlikdə gedən 1978-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra Həsən Həsənovun nəşi 2014-cü il oktyabrın 2-də qarşı tərəfdən alınaraq, yaxınlarına təhvil verilib. Mərhum Binəqədi qəbiristanlığında dəfn edilib.

Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.