AzTV sədri Arif Alışanovun iddiası əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi daha bir gözlənilməz epizodu ilə yadda qalıb.
“AzPolitika.info”nun məlumatına görə, aprelin 13-də iclas zalına gətirilən təqsirləndirilən şəxs Qoçəli Cəbiyev yüksək səslə hakimlərə müraciət edərək, iddia olunan cinayət işinin saxta olduğunu və məhkəmənin Alışanovun ssenarisi üzrə aparıldığını bildirib. O deyib ki, ibtidai istintaqı aparmış müstəntiq Kamal Talıbov məhkəmədən bir gün əvvəl Kürdəxanı təcridxanasına gələrək onunla görüşüb və nağd pul təklif edərək, prosesdə əsas təqsirləndirilən şəxs olan ”Şücayət Əkbərovun əleyhinə sona kimi ifadə verməyi“ təklif edib. Müstəntiq bu “xidmətin”, həmçinin “arvadının ürəyinin partlayıb ölməsi barədə məhkəmədə danışmamağı” müqabilində Q.Cəbiyevə həbsdən azad olunacağını və ona mənzil bağışlanacağını vəd edib. Əks təqdirdə, onu da Ş.Əkbərovun gününə salıb ailəsinin bütün əmlaklarını əllərindən alacaqları ilə hədələyib, “ağlını başına yığ, dediyimi elə” mesajını verib gedib.
AzTV sədri A.Alışanova qarşı sui-qəsd cəhdində və onu qarşı dələduzluqda ittiham edilən Şücayət Əkbərov da açıq məhkəmə iclasında göstərib ki, proses həqiqəti aşkara çıxarmaq üçün yox, yalnız “zərərçəkmişi” müdafiə istiqamətində aparılır. O, məhkəməyə verdiyi ifadəsində ehtimal edilən cinayət əməlini törətmədiyini, heç vaxt adam öldürmək fikrində olmadığını, həbs sifarişini aldığı torpaq sahələrinə görə 860.000 manat məbləğində borcunu qaytarmamaq üçün A.Alışanov tərəfindən verildiyini deyib. Ş.Əkbərov AzTV sədrini qətl törətməkdə ittiham edərək, bu ağır cinayətin açılmasının qarşısını almaq məqsədi ilə sürücüsü Hacı Babayev və Müsabil Namazovla birlikdə “saxta cinayət işi” quraşdırdığını iddia edib.
Ş.Əkbərovun qızı Cəmilə Tağıyeva isə mətbuata açıqlamasında bildirib ki, vaxtilə ailəvi yaxın olduqları AzTV sədri indi onların qəsdinə durub: “Atamı tutdurmaqla ürəyi soyumayıb, bütün əmlakımızı – evimizi, fermamızı, torpaq sahələrimizi ələ keçirib. İndi də demək olar ki, məhkəməni A.Alışanov idarə edir. Onun təsiri ilə Əfqan Haciyevin sədrlik etdiyi hakimlər qrupu işə ədalətsiz, qərəzli və sifarişlə baxır. İbtidai istintaqda atamla üzləşməyə, məhkəmədə isə prosesə gəlməməsinə baxmayaraq, A.Alışanov hər iclasdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlir, danışıqlar aparıb sifarişlər verir. Hazırda tutarlı dəlil-sübut olmadığına görə Alışanovun və məhkəmənin əsas məqsədi odur ki, bu saxta işdə təqsirləndirilən digər şəxsləri atamın üzünə durğuzsunlar. Ona görə də həmin adam şəxslərə, o cümlədən Qoçəli Cəbiyevə indi ciddi təzyiq edilir”.
AzTV sədrinin nümayəndəsi Zaur Abbasov mətbuata açıqlamasında deyilənlərin əsassız olduğunu bildirib və məhkəməyə heç bir müdaxilə olunmadığını vurğulayıb.
Məhkəmə prosesi aprelin 20-də davam edəcək.
V.Nəsibov
AzPolitika.info
araz.az xəbər portalı.