atv 1 660x330

Sonbir həftədə ATV-nin ən məşhur aparıcıları telekanalı  tərk etdiklərini açıqlayıblar. Onların arasında 20 ildən çoxdur ki, ATV-də çalışan İlkin Həsəni, Aytən Səfərova, uzun illərdir “ATV maqazin onlarla” verilişinin aparıcısı olan Afaq Gəncəli, Fərid Rəsulda var.

Aparıcılar Aytən Səfərova ilə Afaq Gəncəlinin bundan sonra “Xəzər”, İlkin Həsəni və Fərid Rəsulun isə “Space”də efirə çıxacağı gözlənilir.

Uzun illərdir ATV-nin siması olan aparıcılar doğma telekanaldan ayrılma səbəbləini tam açıqlamasalar da, onların iş yerlərindən narazı getdikləri hiss olunur. Məsələn, İlkin Həsəni televiziyadan getməsini bu cür açıqlayıb: “Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrından etibarən ”Space” olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz,” “Zita və Gita”sız “Space”. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun”.

Aytən Səfərova: "Özünü mənim ərim kimi təqdim edib rüşvət alır" - FOTO

Aytən Səfərova isə telekanaldan ayrılma səbəbi haqda sosial şəbəkədə qeyd edib: “Altı il bu kanalda çalışmışam. Həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.

Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm”.

Beləliklə, ATV-nin ən məşhur aparıcılarının onu tərk etməsi xeyli müzakirə yaradıb. Məsələ ilə bağlı telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli axşam.az-a bildirib ki, aparıcılar öz istəkləri ilə işdən çıxıblar: “Hər birinin qərarına hörmətlə yanaşırıq”.

O.İbrahimli eyni zamanda qeyd edib ki, yeni mövsümlə əlaqədar ATV-də hazırlıqlar gedir: “Əlbəttə ki, ATV-də yeniliklər olacaq. Yeni mövsümdə hansı simaların efirdə olacağı ilə bağlı isə yaxın günlərdə məlumat veriləcək”.

Bəs məşhur aparıcıların ATV-dən getməsi yeni mövsümün reytinqinə nə qədər təsir edə bilər? Ümumiyyətlə, ATV-nin son müddət ərzində fəaliyyəti necə dəyərləndirilir?

Oxu.az - Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında  nöqsanlar hələ də var

Qulu Məhərrəmli 

Mövzu ilə bağlı teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “ATV ölkənin orta səviyyəli kanallarından biridir. Son dövrlər bu televiziyanın xəbərlərində müəyyən üstünlüklər nəzərə çarpırdı. Xüsusən də pandemiya dövründə televiziyanın ”Qərargah” verilişi müharibə zamanı yaxşı çalışmışdı. Ümumiyyətlə, ATV-də xəbər sistemi Vüqar Qaradağlının zamanından yaxşı qoyulub. Televiziyanın digər yükü şou proqramlarla bağlı idi. Son zamanlar isə müşahidə edirdik ki, televiziyanı xeyli sayda aparıcılar tərk edir. Düşünürəm ki, bu, təkcə ATV-nin problemi deyil. Eyni proses sabah başqa telekanalda baş verə bilir. Bu nəyin göstəricisidir? Bu, ilk növbədə münasibətlərin lazım olan səviyyədə qurulmaması ilə bağlıdır. Adətən ölkəmizdə aparıcılara, jurnalistlərə lazım olan dəyər verilmir. Tutaq ki, televiziya rəhbərliyi dəyişəndə görürük ki, birdən-birə bir neçə məşhur adam işdən çıxarılır. Yəni “rəhbər istədiyini edə bilər” tendensiyasıdır. Təəssüf ki, bu bizim telekanallarda  aparıcı tendensiya kimi müşahidə olunur. Əlbəttə ki, məşhurların televiziya kanalından getməsi həmin televiziyanın imkanlarını tükədir, reytinqə birbaşa təsir edir. Çünki tamaşaçılar var ki, yalnız aparıcıya görə verilişə baxır. Lakin işdən çıxan aparıcılar yeni televiziyada özlərinə necə münasibət görürlər? Adətən məşhur aparıcılara bir televiziyadan çıxanda digər televiziyadan yaxşı əmək haqqı təklif olunur, lakin sonra proqram öz yerini tutandan sonra yenidən həmin yanaşma təkrarlanır. Bu məsələni birdəfəlik həll etmək lazımdır.

Əlbəttə ki, işdən çıxan həmin aparıcılar əgər ATV-də yetişib, orada məşhurlaşıblarsa, bu, ATV üçün çox ciddi ziyandır. Yox, əgər sonradan dəvət olunan aparıcıdırsa,  itki səviyyəsi o qədər də yüksək olmur”.

Qulu Məhərrəmli telekanallarda son vəziyyəti belə dəyərləndirdi: “Son vaxtlar müəyyən televiziyalarda dirçəlmə müşahidə olunur. Məsələn, ”Xəzər TV”də ciddi proseslər gedir. ATV-nin özü də nəyəsə çalışırdı və sairə. Lakin son bir ildə ATV-də yaradıcı proseslərin dayandığını görürük. Bundan sonra televiziyada nələr baş verəcək, onu deyə bilmərik. Sadəcə, arzulayardıq ki, istər aparıcı, istərsə rejissor, digər peşəkar olsun, normal əmək haqqı alıb, öz yaşayış imkanlarını yaxşılaşdıra bilsinlər. Təəssüf ki, televiziyaların heç birində, istər məşhur, istərsə də qeyri-məşhur olsun, onların heç birinin “belə bir problemlər ortaya çıxmayacaq” deyə təminatı, qarantiyası yoxdur”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.