Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənov istintaqa cəlb edilə bilər.
araz.az xəbər verir ki, söhbət Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə istintaqından gedir. İddialara görə, bu günlərdə Vüqar Səfərlinin ibtidai istintaqa ifadəsinin yayılması təsadüfi deyil. Həmin ifadədə Ramiz Mehdiyevlə Əli Həsənovun da adıhallanır. Vüqar Səfərli ifadəsində icra etdiyi əməlləri Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə. Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib. Bildirilir ki, bu halda Əli Həsənovla Ramiz Mehdiyev məhkəməyə çağırılmalıdır və güman ki, belə də olacaq.
Çünki Vüqar Səfərlinin cinayət işində 25 milyona yaxın vəsaitin mənimsənilməsindən söhbət gedir. Büdcə vəsaiti olan bu pullar müxtəlif vasitələrlə qaranlıq məqsədlərə xərclənib. Məlumatlara görə, növbəti məhkəmə proseslərinin birində Ramiz Mehdiyev və Əli Həsənovun da ifadə verməsi gözlənilir.
Məlumat üçün deyək ki, Vüqar Səfərlinin ibtidai istintaqa verdiyi ifadənin ictimailəşdirilməsindən bu yana nə Ramiz Mehdiyev, nə də Əli Həsənov deyilənləri təkzib edib. Hələ Vüqar Səfərlinin həbsinin ilk günlərində onun istintaqda Əli Həsənovun adını çəkdiyini və bundan sonra Prezidentin keçmiş köməkçisinin də istintaqa cəlb olunması barədə məlumat yayılmışdı.
Ramiz Mehdiyev və Əli Həsənov iddiaları təkzib etməyib!
Lakin Əli Həsənov həmin məlumatı təkzib etmişdi. Ramiz Mehdiyevə gəlincə, onun adı hələ ki, ilk dəfə çəkilir. Özü də birbaşa deyil, Əli Həsənova istinadən. Ona görə də ilk olaraq cənab Həsənovun məhkəmədə dindiriləcəyi ehtimal olunur.
Xatırladaq ki, Vüqar Səfərli və digərlərinə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla ), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib.
“Maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib”
Həmçinin bildirilib ki, ibtidai istintaq zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib: “Habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.