ramiz goyus

Bu gün partiyanın, xüsusən də Bakı şəhərinin rayonları başda olmaqla, demək olar əksər rayon təşkilatlarının sədrləri təzələnəcək…

 …Bilmirəm, bəlkə mənə elə gəlir, nədənsə bir müddətdir YAP-ın başı üzərində təkəm-seyrək qara buludlar dolanır… Sizcə, 44 günlük Zəfər müharibəmizdən sonra partiya rəhbərliyinin artan nüfuzuna qarşı deyil ki bunlar?! Çünki YAP-ın rayonlardakı böyüyü, yəni ideoloqu (sədri demədim) olan İcra başçılarının həbslərinin, necə deyərlər, mürəkkəbi hələ qurumayıb… Təkcə son bir ildə 8 icra başçısı rüşvətin və korrupsiyanın tələsinə düşüb, dövlət əmlakını talamadan tutmuş, külli miqdarda rüşvətalma ilə müşaiyət olunan bu həbslərin ardınca yüzlərlə xəstəxanaların baş həkimləri, DSMF-nin onlarla rayon qurumunun rəisləri, RİH-lərin icra nümayəndələri, bələdiyyə sədrləri… qolu qandallı məhkəmələrə çıxarılıblar. Təbii olaraq onların heç biri nə Əli Kərimlinin, nə də İsa Qəmbərin… partiyasının üzvləri deyildilər (müxaliflər sonra da deyirlər ki, hakimiyyət müxalifətə göz verib-işıq vermir, gənc fəalları həbs edir. Görürsünüzmü, həbs edilənlər YAP-ın fəallarıdır).

Bəli, bunu da bir təhər həzm etmək olardı. Adını qoyaq ki, əşşi, insandır də, əli öyrəşib, rüşvət alıb və s. Bəs o YAP Xətai rayon təşkilatının sədrinin də əli öyrəşmişdi ki… Bəs təlim və tərbiyə? YAP rəsmisi gərək ən azından bu partiyanın sədrinin-Ali Baş Komandan İlham Əliyevin siyasətinin külli Azərbaycana daşıyıcısı olsun, rayonda hamıya nümunə göstərsin. Gənc nəsil indi YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovdan, yoxsa YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovdan nümunə götürsün??? Onların o hərəkətini göydə Allah, yerdə YAP götürmürsə, gənclər necə götürsün??? Heç o boyda partiyanın bu boyda sədrlərindən belə xırda-cılız, dilə gətirilməsi mümkünsüz olan porno-seksual hərəkət gözləmək olardımı? Başının üstündə bu partiyanın qurucusu, dahi Heydər Əliyevin, Prezident İlham Əliyevin iri portretlərini asan, masasının üstündə müqəddəs Quran kitabı saxlayan (bu tərəfdə rüşvət alır, o tərəfdə də Qurana əl basır ki…) YAP sədri özünü bambalaca kabinetində idarə edə bilmirsə, o, on minlərlə partiya üzvünü necə idarə edə bilər, yaxud gənclərə necə nümunə ola bilər?

Uzun sözü qısası, elə bil kimlərsə YAP-dan qisas alır. Ardıcıl olaraq iki rayon təşkilatının sədrlərindən eyni qeyri-etik hərəkətlər dünyaya yayılır…

***

Bildiyiniz kimi, partiya rəhbərliyi vəziyyətdən çıxış yolu kimi hər iki rayon təşkilatının sədrini işdən, həm də partiyadaşlıqdan qovdu… Amma bu heç də o demək deyildi ki, partiya bu ləkəni beləcə yudu. H.Mirələmovun yaraşmaz hərəkəti qınandı, amma Ramiz Göyüşova bu dərs olmadı, o, lap «irəli» getdi, porno-videosunda bunlar əks olunub, təkrarlamaq ayıb işdir…

 Ramiz Göyüşova gəlincə, FB-də bəziləri yazır ki, onu şantaj ediblər, o, ağsaqqaldır, tanınmış ziyalıdır və s. Gülməli mövqedir… Nə isə, onun bu hərəkətini dərhal YAP rəhbərliyində müzakirə etdilər, İdarə Heyətinin srağagünkü iclasında müzakirəyə çıxartdılar: “Sosial şəbəkələrdə yayılmış, Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev mətbuata deyib. Yaxşı, elə idisə, üstündən 2 aydan çox vaxt keçib, niyə indi elan olunurdu??? Bəlkə vaxtında deyilsəydi, heç belə mənzərə də alınmazdı… O həm də bildirib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.
 Bu gün isə saat 15.00-da başlayacaq iclasın gündəliyinə Ramiz Göyüşovun partiyadan xaric edilməsi, YAP Bakı rayon təşkilatlarının yeni sədrlərinin təyin olunması və YAP Gənclər Birliyinin Əsasnaməsinin təsdiq olunması və digər təşkilati məsələlər daxildir.

 Belə! Hamıya nümunə olmalıların nümunəsiz, üzə çıxarılması mümkünsüz hərəkətləri təəssüf hissi doğurur. Di indi gəl rəqib-müxaliflərə cavab ver ki, belə yox, elədir. Necə ki, yuxarıda qeyd etdiyim hər iki rayon təşkilatının sədrlərinin hərəkətinə «Yalandır, şantajdır, quramadır!» kimi yersiz bəraətlər verilir… Onda həm də etiraf etmək lazımdır ki, Xədicə İsmayılovaya, Cəmil Həsənlinin qızına… qarşı da şantaj videoları düzəldilib…

Təki baş verənlər qalanlara dərs olsun!

Asif MƏRZİLİ

P.S.Bir nəfər idarəyə min manat ziyan vurur, ona 3-5 il iş kəsirlər… Bir nəfər 500 minlik YAP-a ağır mənəvi-psixoloji ziyan vurur, bəs onu cəzası necə olmalıdır???

araz.az xəbər portalı.