WhatsApp Image 2021 09 11 at 12.54.50

Narkomaniyanın yaşadığımız cəmiyyətə vurduğu ziyan, narkotik vasitələrdən istifadə edənlərin sağlam mühitə qaytarılmasındakı həddən ziyadə çətinliklər, böyük maliyyə vəsaiti tələb edənnarkotizmlə mübarizə prosesi, bu sahədə əzab-əziyyətlər və mərhumiyyətlər dolu digər problemlər, dünyanın bütün ölkələrində olduğu kimi, doğma Vətənimizdə də həmişə aktual xarakter daşıyıb, bu ciddi təhlükəyə qarşı uzunmüddətli və çoxşaxəli prosesə çevrilən mübarizədə mövcud qanunvericiliyi təkmilləşdirmək və onun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək məqsədilə bir sıra qanunlar və ümummilli proqramlar qəbul olunub. Müstəqilliyini yenicə qazanan respublikamızda hakimiyyət başında Ulu Öndər Heydər Əliyev olarkən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkəmizdə qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə daha çox ümumdövlət vəzifəsi hesab edilib. Ümummilli Liderin layiqli varisi kimi artıq tarixə düşən cənab İlham Əliyev də, respublikamızın Prezidenti kimi, bu məqsədlə qəbul edilən mükəmməl Dövlət Proqramının icrasına nəzarəti şəxsən özü nəzarətə götürüb. Məhz bunun nəticəsidir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər çoxdandır öz müsbət nəticələrini verməyə başlayıb. Konkret desək, çətinlik dolu bu sahədə müşahidə olunan ümumi tendensiyalar, narahatlıq doğuran məqamlar, əlaqədar dövlət orqanlarının gündəlik fəaliyyətində meydana çıxan problemlərin xarakteri gündən günə azalmaya doğru gedir. Bu yerdə bir əsas məqamı da qeyd etmək lazımdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT Konvensiyasına qoşulduqdan sonra, Azərbaycan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib.

Ümumiyyətlə, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində bir sıra uğurlu nəticələrin əldə edilməsi, bu mübarizədə daha çox əziyyət çəkən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində mümkün olub.
Bu gün ölkəmizdə hər kəs narkomaniya ilə mübarizədə səfərbərdir. Əlbəttə ki, çətinlik dolu bu mübarizədə ön sıralarda qəhrəmanlıq nümunəsi olan ölkə polisini görəndə xoş gələcəyimizə daha çox ümidlənirik. Çünki narkomaniyanın ən dəhşətli təhlükəsi daim ölkəmizin xoş gələcəyi hesab olunan gənclərimizə və yeniyetmələrimizə qarşı tuşlanmış olur. Elə, buna görədir ki, dövlətimizin başçısı möhtərəm İlham Əliyev cənabları da, yeniyetmə və gənclərə xüsusi diqqət və qayğının vacibliyindən danışarkən, ilk öncə, bütün ölkə vətəndaşlarını narkomaniyaya qarşı mübarizəyə səfərbər edilən polisə dəstəyə səsləyir. Xüsusi olaraq onu da vurğulayır ki, əgər gələcəyimizi sağlam, güvənli və etibarlı əllərdə görmək istəyiriksə, o zaman hər birimiz üzərimizə düşən vətəndaş məsuliyyətini vaxtında dərk etməliyik. Bütün bunlar isə, bu çətin sahədə əldə edilmiş müvəffəqiyyətlərlə yanaşı, hal-hazırda mövcud olan nöqsanların qətiyyətlə aradan qaldırılmasında ölkə polisinə yeni ruh dolu əlavə güc verir. Beləcə, polis əməkdaşları öz güclərindən səmərəli istifadə etməklə, bu sahədə öz işlərini getdikcə daha da gücləndirir, üstəlik, narkomaniya ilə bağlı onların maarifləndirmə tədbirləri daha faydalı olur: Vətən övladlarının gələcəyinə biganə yanaşmağın hansı fəsadlara gətirib çıxaracağını, narkomaniyaya qarşı mübarizənin sağlam həyata təminat və sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən olduğunu hər kəs anlamağa başlayır. Məhz buna görədir ki, dövlətimizin siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, artıq davamlı siyasətə çevrilib. Çünki cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Elə, narkotiksiz gələcək naminə milli proqramların qəbulu da, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcumuzdur.
  Bu gün bütün dünyanı narahat edən və əsas problemlərdən birinə çevrilən narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlıq problemin vurduğu ziyanın həcmi, praktiki olaraq, çox böyükdür. Çünki bu, həm cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə, həm də bir çox mənfi hallara gətirib çıxaran müxtəlif cinayətlərin törədilməsinə səbəb olur. Bu dəhşətli cinayətkarlıqla mübarizədə isə, daha çox Azərbaycan polisi ağır itkilər verir. Bu mübarizədə polisin qəhrəman oğulları, Qarabağ cəbhəsində vuruşan qəhrəmanlarımız kimi, sanki erməni qəddarlarından betər amansız düşmənlə vuruşurlar. Hər anları amansız ölüm təhlükəsi ilə üz-üzə olur. Bu səbəbdəndir ki, Azərbaycan polisinin verdiyi itkilər, vaxtilə cəbhə bölgələrində şiddətli döyüşlər gedən zaman Milli Ordumuzun verdiyi ürəkağrıdan itkilərimizə bərabər tutulur. Elə, belə bir ürək ağrısına səbəb itkimiz barədə, “Polis” qəzetində bu yaxınlarda dərc olunmuş “Andın adımızdır, cənab kapitan!” sərlövhəli aşağıdakı yazını oxumaq kifayətdir:WhatsApp Image 2021 09 11 at 12.54.25
“Cinayətkarlıqla mübarizədə Azərbaycan Polisi itki verdi ötən həftə. Polis kapitanı Elçin Səfərov axtarışda olan şübhəli şəxsin yaxalanması üçün keçirilən əməliyyat zamanı, aldığı ağır xəsarətlərdən sonra, tezliklə sağalaraq, yenidən sıralarımıza qayıdacağına bəslədiyimiz səbirsiz ümidlərimizlə birlikdə əbədiyyətə köçdü.
Elçin Səfərov mərdliyi, qorxmazlığı, şücaəti ilə polisin mübarizə ilə yoğrulan şərəfli tarixinə öz adını əbədi həkk etmiş oldu. Məsləyi uğrunda, andına sədaqəti naminə canını fəda edən silahdaşımız cümlə-aləmə ölümün belə Azərbaycan Polisinin yolunda əngəl olmadığını bir daha göstərdi.
Polisə yönələn bu qəsd hadisəsində başqa önəmli məqamlar da var. Əvvəla, keçirilən əməliyyat zamanı qumbara partladılması aydın səmada çaxan şimşək kimi qəribəliyi ilə diqqət çəkir. İlboyu cinayətkarları yaxalamaq üçün xüsusi əməliyyatlar keçirən asayiş keşikçilərinin həyatları üçün, təbii ki, risklər yaranır. Çünki bəzən cinayətkarlar silahlı müqavimət göstərirlər. Bu hadisəyə qədər də ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 9 polis əməkdaşı və hərbi qulluqçunun həlak olması, 2 min 640 əməkdaşın xəsarət alması əmin-amanlığın məhz polisin canı-qanı bahasına ərsəyə gəldiyini sübut edir.
Son hadisədəki “kamikadze cinayətkar” isə, həm polisin mübarizə apardığı cinayətkar şəbəkənin mahiyyətini görmək, həm də onlar üçün artıq meydanın daraldığını, çarəsiz olduqlarını anlamaq baxımından fərqlidir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cəmiyyətdə də artan narahatlıq fonunda qətiyyətli mübarizə aparan polisin guya “patı”, “şüşə” kimi sintetik tərkibli narkotik vasitələrin yayılmasının qarşısını ala bilmədiyi barədə sosial şəbəkələrdə gedən müzakirələri xatırlayaq: O zaman da aydın idi ki, ölkə xaricindən idarə olunan bu hesablar açıq-aşkar kütləvi narkotik elanları verməklə, nəzarətsizlik illüziyası yaratmağa çalışırdılar. Halbuki, hər gün narkotik satmağa cəhd edənlərin tutulmasını əks etdirən məlumatlar ictimaiyyətin diqqətinə çatdırılırdı, elə indi də bu mübarizə davam etdirilir.
Əməkdaşımızın da, məhz narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin tutulması üçün keçirilən əməliyyatda ağır yaralanması, sonu bizim üçün son dərəcə kədərli də olsa, həqiqəti hamının görə biləcəyi yüksəkliyə qaldırıb: “Baxın, həqiqət budur!” — deyə, hayqırtısı oldu. Bəli, polis narkotik satıcıları ilə ölümü gözə alıb mübarizə aparır ki, gənclərimizi — gələcəyimizi xilas etsin.
Əlbəttə, cinayətkarlığın bütün təzahürlərinə, eləcə də narkomaniyaya qarşı aparılan genişmiqyaslı mübarizə, birbaşa, DİN rəhbərliyinin iradəsini ifadə edir. Bu prinsipial mövqe yerlərdə cinayətkarla üz-üzə dayanan polis əməkdaşı üçün böyük dayaq, vəzifəsini yerinə yetirərkən üzləşə biləcəyi istənilən təzyiq və hədəyə qarşı etibarlı sipərə çevrilir. Daxili İşlər Nazirliyi rəhbərliyinin polis əməkdaşı ilə keçirlən vida mərasimində iştirak etməsi, ictimaiyyətin polisin haqlı mübarizəsinə ciddi dəstək verməsi də kədərə şərik olmaq istəyindən daha artıq məna kəsb edir. Son mənzilə yola salınan polis əməkdaşına xidmətlərinə görə ifadə edilən hörmət, ehtiram, həm də daha qətiyyətli mübarizənin başlanmasının anonsudur.
Ruhun şad olsun, cənab kapitan! Haqq yolunda fəda etdiyin canın artıq Vətən torpağına əmanətdir!WhatsApp Image 2021 09 11 at 12.54.25 2
Andın andımız, mübarizən mübarizəmizdir!”.
…Bəli, bu yazıdakı olduqca təsirli ifadələrdən göründüyü kimi, dəhşət dolu belə bir cinayətkarlıqla mübarizədə Vətən oğullarımızın tökülən qanları, cəbhə bölgələrində şəhid olmuş qəhrəmanlarımızın qanlarına bərabər tutulur, onlar da, göstərdikləri şücaətləri ilə, tariximizin yaddaşında əbədiləşirlər. Elə, amansız düşmənə bərabər narkomanla vuruşda dünyasını dəyişən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov da, onlardan biri oldu.
Yeri gəlmişkən, bir daha qeyd edək ki,
iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı, polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən, axtarışda olan qatı cinayətkar üzərində olan qumbara ilə özünü partlatması nəticəsində 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daha ağır yaralandığına görə, polis kapitanı Elçin Səfərov tibb müəssisəsinə yerləşdirilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və avqustun 6-da həyatını itirib.
Daxili İşlər Nazirliyinin bu barədə yaydığı məlumatda o da bildirilir ki, həyatını itirən polis əməkdaşı ilə vida mərasimi keçirilib. Vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri də iştirak ediblər.
Onu da qeyd edək ki, Elçin Səfərov 1 sayli İstintaq Təcridxanasının sabiq rəisi və 2017-ci ildən Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsini icra edən Rəşid Səfərovun oğlu imiş. Bəli, ailə başçısından gördüyü tərbiyə, polis kapitanını Vətənə şərəfli xidmətə səsləyib həmişə…

araz.az xəbər portalı.

araz.az xəbər portalı.