musa 1 660x330Kemçiş millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayevin “Yeni Sabah”a müsahibəsi:

– Son zamanlar qocaman YAP-çılar niyə fəaliyyətlərindən daha çox, intim görüntüləri ilə gündəmə gəlirlər? 

– Gərək, hər kəs öz məsuliyyətini dərk etsin, çünki indi texnologiya əsridir, sosial şəbəkələrdə şantaja əl atan onlarla insan var. Hətta dünən saytlardan birinin rəhbərini həbs ediblər, deyilənə görə, o da şantaj yolu ilə pul alırmış. Bu bütün dövrlərdə olan bir şeydir. 

Üç gündə eyni ssenari ilə fərqli adamaların videosu yayıldı, bu, qurama da, montaj da ola bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır. Sosial şəbəkələrlə bağlı işə cavabdeh, güman ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Lazımdır ki, “Facebook”, “Whatsapp”, “Instagram” üçün parlamentdə qanun layihəsi hazırlansın. Bununla yanaşı, həmin işlərin başında duran adamları güc strukturları axtarıb tapmalıdır. Bunu edən hansı şəbəkədirsə, onun qarşısını almaq lazımdır. 

– Bunun YAP-a qarşı məqsədli şəkildə həyata keçirilən bir kampaniya olduğunu düşünürsünüz? 

– Hesab edirəm ki, bu konkret YAP-a yönəlmiş bir kampaniya, ümumiyyətlə, iqtidar-müxalifət məsələsi deyil. Çünki bir müddət əvvəl də Cəmil Həsənlinin qızı ilə bağlı video yaymışdılar. O isə müxalifətdir. Ona görə də düşünürəm ki, bu iqtidara-müxalifətə yox, birbaşa Azərbaycan dövlətinə, millətinə, azərbaycanlılara yönələn bir PR kampaniyasıdır və məqsədli şəkildə edirlər. 

YAP-da bundan əvvəl də Hüseynbala Mirələmovun videosu yayılmışdı, ancaq onunku məqsədli çəkilməmişdi, təsadüf idi, onlayn görüşdə ekranı açıq qoyub o əməli törətmişdi və iştirakçılardan biri çəkmişdi. Lakin, ümumiyyətlə, bu işlə məşğul olan, videoları yayan adam papağını qabağına qoyub bir az da dövlət, millət haqqında düşünməlidir. 

Etik davranış qaydalarına həmişə riayət etmək lazımdır. Hər kəs düşünüb danışmalı və addım atmalıdır. Söhbət təkcə videolardan getmir, bəzən məsuliyyətsiz çıxışlara da rast gəlirik.  Məsələn, həmyerliləriz olur ki, xaricə gedib oradan internet kanalları açırlar və başlayırlar ölkəni, bugünkü iqtidarı söyməyə, təhqir etməyə. Bu bizim millətə yaraşmayan xüsusiyyətlərdir, düşünürəm ki, buna son qoymaq lazımdır. Düşünmürlər ki, bu internet kanalına qadın və uşaq da baxır. Axı sosial şəbəkədə bu gün hamı aktivdir. Ona görə də hər bir kəs azərbaycanlı olduğunu bilib elə davranmalıdır. 

– Sizcə həmin şəxslər aşkarlanıb məsuliyyətə cəlb ediləcək? 

– Qanun var, şəxsi həyata müdaxilə etmək olmaz. Bu videoları sosial şəbəkələrə buraxmaq özü cinayət məsuliyyəti daşıyır. O şəxsləri tapıb cəzalandırmaq lazımdır ki, digər şantaj yolunu seçənlərə də dərs olsun. Həmçinin bu hadisələr hər bir vəzifəli şəxsə, Azərbaycan vətəndaşına da dərs olmalı və onlar ehtiyatlı davranmalıdırlar. Bir də görürsən anonim zənglər edilir. Biz bunlara aldanmamalıyıq, özümüzə-azərbaycanlılara xas əxlaqımızı qorumalıyıq. Azərbaycanlıları digər millətlərdən fərqləndirən ən böyük cəhət odur ki, bizdə abır-həya qorunur. 

– Bu gün YAP-da toplant keçirildi və orada bir sıra qərarlar qəbul olundu. Sizcə bunu partiyada islahatlar adlandırmaq olarmı?

– Mən həmişə islahatların tərəfdarı olmuşam. YAP-da da islahat aparılmasının ən birinci tərəfdarlarındanam. Nəhayət, uzun müddət sonra YAP-ın VII Qurultayında islahatlar oldu və siyasi şura ləğv edildi. 40 nəfərdən ibarət YAP İdarə Heyəti yaradıldı. 

Bundan əlavə, 15 nəfərlik Nəzarət-Təftiş Komissiyası buraxıldı, bu dəfə yaradılanda 13 nəfərdən ibarət oldu. Həmçinin ilk dəfə 35 nəfərdən ibarət Veteranlar Şurası yaradıldı. İndi isə iki aydan artıqdır ki, YAP-ın rayon təşkilatlarında konfranslar, hesabat yığıncaqları keçirilir. Bu səbəblə rayon və şəhər təşkilatlarının sədrləri sədrlik vəzifəsindən uzaqlaşdırılıblar. YAP-ın şəhər və rayon təşkilatlarının sədrləri Partiyamızın sədri tərəfindən təyin olunduqdan sonra özlərinə müavin təyin edəcəklər və rayon təşkilatlarında da aparat yaradılacaq. 

– Həmişə YAP-ın idarəetmə sistemi ilə bağlı narahatlıqlarınızı dilə gətirmisiniz. 

– Bəli, YAP Mərkəzi Aparatı, rayon təşkilatları barədə narahatlığım olub. Düşünmüşəm ki, köhnə sterotiplər dəyişməli, yenilik olmalı, artıq gənclər gəlməlidir. 

– Səsləndirdiyiniz problemlərdən hansının həll olunduğuna şahidlik etmisiniz?

– VII Qurultayda mənim partiya ilə bağlı bütün istəklərim həyata keçdi. YAP İcra Katibliyi ləğv edildi, icra katibi və onun müavinləri öz vəzifələrini itirdilər. Hörmətli Tahir Budaqov YAP Mərkəzi Aparatının rəhbəri təyin olundu, orada şöbələr yaradıldı və onların müdirləri təyin edildi. Mən YAP-da belə köklü islahatlar istəyirdim, onlar da baş tutdu. 

– Sosial şəbəkələrdə tezliklə YAP-ın buraxılacağı istiqamətində fikirlər səslənir. Bu fikirlər haqqında nə deyə bilərsiniz?

– Bunlar  boş söhbətlərdir. YAP-ın bu gün 800 minə yaxın üzvü var. YAP intellektli ziyalı potensialı olan bir partiyadır. İnanıram ki, yaxın illərdə YAP üzvlərinin sayı  bir milyonu keçəcək. Ona görə də deyilənlər xülyadır. YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.