Maliyyə Nazirliyi 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərini açıqlayıb.
Məlumata əsasən, 2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb.
Növbəti ilin dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcəkdir. Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz artıq olacağı gözlənilir.
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2567,0 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcək.
2022-ci ildə də büdcə gəlirlərinin böyük hissəsi neft sektorunun payına düşəcək. Gəlirlərin 52,4 faizini neft sektoru, 47,6 faizini qeyri-neft sektoru təmin edəcək.
Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır.
2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 45 dollardan götürülüb. Bu, 2021-ci illə müqayisədə 5 dollar çoxdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-a bildirib ki, 2022-ci ilin dövlət büdcəsində prioritet sahələr müəyyən edilib: “Dövlət büdcəsinin gəlirləri və xərcləri normal bölüşdürülüb. Doğrudur, Dövlət Neft Fondundan 11 milyard manata yaxın transfert var. Bu, həmişə bizi narahat edən məsələlərdəndir. Amma qeyri-neft sektorunun gəlirlərində artım, neft sektorunun gəlirlərində isə azalmalar var. Bu, müsbət hal kimi qiymətləndirilə bilər.
Əsas prioritet sahə Qarabağda başlayan tikinti-quruculuq işlərinə ayrılan vəsaitlərdir. Çünki bu sahə bizi çox maraqlandırır ki, tez bir zamanda regionda işlər qaydasına düşsün. İnfrastruktur layihələr tam icra olunandan sonra əhali oraya köçüb yaşaya bilsin. Bunun üçün kifayət qədər vəsait ayrılacaq.
İkinci prioritet sahə isə ölkənin təhlüksəizliyi və müdafiə məsələsidir. Bu sahəyə də kifayət qədər vəsait ayrılıb. Hər iki sahə bizim üçün önəmlidir. Çünki Azərbaycan müdafiə sənayesi sahəsində uğurlu addımlar atır. Buna görə də təhlükəsizliyi təmin etmək üçün o sahəyə diqqət artırılmalıdır.
O cümlədən səhiyyə, təhsil sisteminə də diqqət yetirilib. Bu sahələrə də kifayət qədər vəsaitlər ayrılıb.
Həmçinin sosial sahələrə – maaşların, pensiya, müavinət və digər sosial ödənişlərin artırılmasına da əhəmiyyətli vəsait ayrılacaq. 2022-ci ilin dövlət büdcəsi təsdiq olunandan sonra əhalinin maaş və digər sosial ödənişləri artacaq”.
Vahid Əhmədov qeyd edib ki, hazırda dünya bazarlarında neftin qiyməti yüksəkdir: “2022-2025-ci illərdə icmal və dövlət büdcəsində neftin bir barelinin qiyməti 45 dollar nəzərdə tutulub. Bu, ortamüddətli dövr üçün proqnozlaşdırılan fiskal paramertlərdir. İlin axırına kimi vəziyyətin necə olacağını demək çətindir. Amma hesab edirəm ki, bu göstəricilər normaldır.
O cümlədən manatın məzənnəsi indiki kimi 1.70 qəpik səviyyəsində saxlanılır. Bu da Azərbaycanda həm sahibkarlar, həm də əhali üçün çox böyük əhəmiyyət kəsb edən məsələdir. Heç bir devalvasiya gözlənilmir, ehtiyat kifayət qədərdir. Neftin qiyməti yüksəkdir, bu da problemlərin büdcədə öz müsbət həllini tapmasına imkan verir”.
Deputat hesab edir ki, növbəti ilin büdcə kəsri narahatlıq doğurmur: “2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır. Qənaətimcə, kəsirdə ciddi artım yoxdur, əksinə, getdikcə azalan xətt üzrə davam edəcək. Çünki qeyri-neft sektorunun inkişafına diqqət böyükdür, yeni sahələr yaradılır.
Bundan əlavə, Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsi, turizm, sənaye parkların yaradılması nəzərdə tutulub. Həmçinin nəqliyyat sahəsində ciddi irəliləyişlər var, artıq Füzulidə beynəlxalq hava limanı istifadəyə verildi. Yəni Qarabağdan gələn gəlirlər də dövlət büdcəsinə əlavə olacaq. Ona görə də dövlət büdcəsinin kəsirlərində ciddi problem yaranmayacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.