Bəs, Azərbaycanın İrana qarşı dözümlülük siyasəti dəyişməyəcəkmi?!
İranın Azərbaycana qarşı çoxəsrlik düşmənçiliyinin olması heç kəsə sirr deyil və bu, günü bu gün də davam edir. Ənənəvi fars siyasəti donunu dəyişir, amma mahiyyətini dəyişmir. Necə deyərlər, “it tükünü tökər, xasiyyətini dəyişməz”. Azərbaycanı ikiyə bölən, şiyəçiliyimizi farslaşdıraraq, gözdən salan, xalqımızı din pərdəsi ilə əsarətdə saxlayan, Qarabağımızın işğalına kömək əli uzadan və işğaldan azad edilməsinə maneələr yaradan, separatizmin və separatçıların mövcudluğunu hər vasitə ilə təmin edən, Azərbaycanın düşməninə maddi, hərbi, informasiya dəstəyi verən, kəşfiyyatla hərbi məlumatlar toplayıb, erməniyə ötürən, 44 günlük Vətən Müharibəsində şanlı qələbəmizi öz şəxsi məğlubiyyəti hesab edən fars rejimindən xəyanətdən başqa bir şey gözləmək, dahi Nəsimi demişkən, cahillikdir.
Düz bir ay əvvəl, avqust ayının 11-də Azərbaycan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş faktlarla bağlı qarşı tərəfə NOTA versə də, İran Azərbaycana qarşı düşmənçiliyini dayandırmadı. Dəhşət ondadır ki, İran Qarabağa qanunsuz yük maşınlarının axınını bu gün də davam etdirir. Yeni aşkar edilmiş faktlar isə, təkzib olunmaz şəkildə İranın dəyişməz düşmən siyasətinin mahiyyətini təkrar-təkrar sübut edir. Bir sözlə, İran Azərbaycanın verdiyi NOTA-dan nəticə çıxarmayıb, əksinə, daha riyakarcasına maskalanaraq düşmənçilik fəaliyyətini davam etdirir. 44 günlük müharibə zamanı, erməni bloger Roman Bağdasaryan demişkən, “Qadın paltarı geyib, süni sinə qoyub, qadın dodaq boyası çəkib döyüş meydanından qaçan ermənilərin bacarığını eyni kökdən və millətdən olan farslar da utanmadan istifadə edir, maskalanırlar — Qarabağa gələn İran maşınlarına saxta Ermənistan maşın nömrələri vurub, sürücüləri dəyişdirib, Azərbaycana soxulurlar.
30 illik işğal zamanı, İran Azərbaycanla dövlət sərhədində, o vaxt nəzarətimizdə olmayan ərazilərimizlə üzbəüz heç bir bayrağını asmadığı, ordu saxlamadığı halda, torpaqlarımız azad edilən kimi, sərhədə ordusunu və dövlət atributlarını yerləşdirir. Axı, İranın hansı qonşuluğundan, etibarından, müsəlmançılığından danışmaq olar?! Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad etdiyimiz ərazilərimizə (Cəbrayıla) səfəri zamanı, İranın təxribatçı, xəyanətkar, qeyri siyasi-diplomatik davranışları da, 1813, 1828, 1992-1993-cü illər Gülüstan, Türkmənçay, 1-ci Qarabağ savaşı kimi Azərbaycan xalqının milli şüuruna həkk olundu. Ümumiyyətlə, İrandan danışmaq, özünü yormaq kimi bir şeydir! Konkret desək, bu dövlətin Azərbaycan siyasətində hiylə, təxribat, riyakarlıq, xəyanət, anti-islam, hədə-qorxu və qısası, insan məxluquna xas ən pis hisslər, vərdişlər cəmləşib.
Düşmən bəllidir! Azərbaycan cəmiyyətini isə, mən deyərdim ki, İranın özündən çox, fars rejimini Azərbaycanda təbliğ və müdafiə edən adamların riyakar çıxışları daha çox hiddətləndirir. İranın Azərbaycana qarşı qanla dolu nifrətini, “FƏTVA SƏRƏNCAMI” ilə, dostlarımızın sırasına qatmağa çalışan şeyx Allahşükür Paşazadə, görəsən, bu dəfə nə deyəcək, vəziyyətdən necə çıxacaq?! Əstafurullah, özünü Allah kimi aparan, qəbul günləri olmayan Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadə, İrana görə, ABŞ-ın o vaxtkı prezidenti Donald Trampa məktub yazaraq, xahiş edən deyildimi? Azərbaycanın düşməninə kömək edən, Azərbaycan xalqının düşməni deyilmi?! Üstəlik, hələ də, Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri kimi fəaliyyətini davam etdirir. Doğrusu, İranın Azərbaycanda səlahiyyətli nümayəndəsi və səfiri kimi…
Gözləntimiz isə budur; Allahşükür Paşazadə İran üçün ABŞ-a yazdığı yalvarış məktubundan, öz dövləti Azərbaycan üçün Rəisiyə məktub yazacaqmı və yaxud bir söz deyəcəkmi?! Hərçənd ki, nicatlar, ruhanilər, rəisilər kimdirlər ki, 1989-cu ildən bu yana söz sahibi, Ali dini rəhbər Əli Xameneidir. Hansı ki, İranın xarici və daxili siyasət kursunu müəyyən edir. Əli Xameneinin də Azərbaycan siyasəti, ənənəvi fars tarixinə xas mahiyyətdə dəyişməz olaraq qalır. Bəs, Azərbaycanın İrana qarşı dözümlülük siyasəti dəyişməyəcəkmi?!
Vüqar DADAŞOV,
hüquqşünas, Qarabağ qazisi.
araz.az xəbər portalı.