laba 660x330

Bir neçə gün əvvəl, yazdığım statusdakı mövzunun əsaslandırmaq üçün, ötən əsrin 90-cı illərin əvvəlində Şərur rayonunda baş verən bir hadisəni xatırlatmışdım.

Söhbət Sədərək Gömrük Komitəsinin sabiq rəhbəri “Laba” ləqəbli Mübariz Pənahovun hamının “Şərurlu İsfəndiyar” kimi tanıdığı iş adamını rayonun mərkəzində döyməsindən gedirdi.

Bir neçə tanınmış şərurlu mənə zəng vurub iradını bildirdi ki, həmin hadisə barədə təfərrüatı düz yazmıram. Onların sözlərinə görə həmin vaxt “Laba” İsfəndiyarı yalnız döyməyib, həm də bıçaqla ona xəsarət yetiribmiş.

Hadisəni nəql edənlər dedilər ki, hətta “Laba” ilə bağlı Naxçıvan MR-in Baş Prokuroru işləyən Hüseyn Hüseynov həbs sanksiyası da veribmiş və onu həbsdən o vaxt MR-də böyük nüfuzu olan hərəkatçı Fərəməz Allahverdiyev qurtarıb. Düzü bu məlumata inanmadım.

Foto: Fərəməz Allahverdiyev

Çünki Mübariz Pənahovla Fərəməz Allahverdiyevin münasibətlərinin daima gərgin olduğunu bilmişəm. Yenə də məsələni dəqiqləşdirmək üçün Fərəməz bəylə əlaqə saxladım. O, deyilənləri təsdiqlədi.

Bildirdi ki, hətta “Laba” ilə bağlı verilən həbs sanksiyasını cırıb: “Ancaq bunu həyatımın ən böyük səhvi sayıram. “Laba”nı mərhum Prezident Heydər Əliyevlə də mən tanış etmişəm. Onu müsbət xarakterizə edərək, mərhum Heydər Əliyevə təqdim etmişdim.

Ancaq o bir az dirçələn kimi mənim həbs edilməyimə dəstək verdi. Bəli, siz deyən vaxt “Laba” İsfəndiyarın boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirmişdi. Yəqin ki, İsfəndiyarın yazdığı şikayət ərizəsi Şərur polisinin arxivində qalır”.

Mövzu ilə bağlı Mübariz Pənahov və “ Şərurlu İsfəndiyar”ın da mövqeyini dinləməyə hazırıq.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

araz.az xəbər portalı.