2214WhatsApp Image 2021 01 26 at 23.48.21

Azərbaycanda, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi məsuliyyət zonasında Rusiya və İran öz hərəkətlərini birgə koordinasiya edirlər. Paşinyan hakimiyyəti ilə, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda keçirilmiş növbədənkənar seçkilərdə Paşinyanın yenidən qələbə qazanmasının əsas səbəbi isə, erməni cəmiyyətinin ümumən Qarabağ yükündən azad olmaq, qonşularla sülh yaratmaq istəyi idi. Ermənistanda son proseslər açıq şəkildə göstərir ki, İrəvan hakimiyyəti Qarabağ adlı problemin mövcudluğunu belə xatırlamaq istəmir. Və görünən də odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq niyyətindədir, ancaq Rusiya və İran Paşinyan hakimiyyətinə bu niyyətini reallasdırmağa imkan vermir. Düzdür Fransa, ABŞ-da konfliktin tam həllində maraqlı deyil. Ancaq Rusiya üçün konfliktin dirçəlməsi, onun regionda üzün müddətə mövcudluğunu təmin edən vasitə olduğundan, Qarabağda konfliktin dirçəlməsi Rusiya üçün geosiyasi hədəfdir.
Bəli, Rusiya və İran bölgədə Qarabağ adlı problemi dirçəltmək niyyətindədirlər. Buna görə də, Rusiya tərəfindən Ermənistan müəyyən mənada proseslərdən kənarlaşdırılıb. Qarabağ ətrafında diqqəti cəlb edən ən son vacib proseslərdən biri — rus sülhməramlılarının komandanı, general Rüstəm Muradovun ənənəvi rus işğalçı siyasətinin mahir icraçısı Mixail Kosobokovla əvəzlənməsidir. Hansı ki, bu əvəzlənmə Kosobokov Gürcüstanın Abxaziyasının, Ukraynanın Donbasının və Krımının işğalını həyata keçirən mühüm fiqurlardan biridir. Sözsüz ki, Rusiya bu addımı ilə, Azərbaycanı açıq-aydın şantaj və hədə etmiş oldu. Təbii ki, Azərbaycan da adekvat addımlar atmaq məcburiyyətindən çıxış edərək, ilk öncə Laçında Azərbaycan — Türkiyə birgə hərbi təlimlərini keçirdi, Gorus — Qafan yolunun Azərbaycan hissəsində polis postları qurub, İrandan gələn maşınları nəzarətə götürdü. Azərbaycan, eyni zamanda, Qarabağa İranın yük maşınlarının və digərlərinin sərbəst giriş-çıxışı bağlı Rusiyaya narazılıq məktubları ünvanladı və müvəqqəti fəaliyyət göstərən Laçın dəhlizinə vizual nəzarəti gücləndirtdi. Sentyabrın 12-dən isə, Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə, “Üç qardaş — 2021” beynəlxalq hərbi təlimlərinə start verildi. Xatırlamaq yerinə düşərdi ki, Laçında Azərbaycan — Türkiyə birgə hərbi təlimləri, rus sülhməramlıların məsuliyyət zonasında keçirdiyi hərbi təlimlərdən bir gün sonra keçirilib. “Üç qardaş — 2021” adlı beynəlxalq hərbi təlimlərin Bakıda keçirilməsi isə, geniş ictimaiyyətə məlum olmayan mümkün təhlükələrin qarşısını almağa hesablana bilər. 44 günlük Vətən Müharibəsi zamanı Bakıya atılan raket hücumları haqqında az danışsaq da, dövlətimizə və xalqımıza hər şey bəllidir.
Qısa dövr üzrə proseslərin ardıcıllığı və ümumən, rus-fars tandeminin Azərbaycana qarşı ənənəvi nifrət siyasəti onu deməyə əsas verir ki, rus sülhməramlılarının məsuliyyət zonasında hərbi müstəvidə əməliyyatlar gözləniləndir. Hər şey açıq-açıqcasına bəllidir: Rusiya regionda konfliktin dirçəlməsinə və rus ordusunun Azərbaycanda uzun müddətə qalması üçün, əsaslar yaratmağa çalışır. İranın istəyi, təbii ki, son yüzilliyə uyğun olaraq, Rusiya ilə eyni amala xidmət edir. İran ümid edir ki, Qarabağ konflikti ilə Azərbaycanın inkişaf tempini, hərbi gücünü azalda biləcək və nəticə etibarı ilə, Cənubi Azərbaycanın istiqlalını əngəlləyə biləcəkdir.

Böyük ehtimalla, Qarabağda Rusiya –Azərbaycan hərbi qarşıdurması gözlənilmir, ancaq ruslar tərəfindən təsirli təxribatlar mümkündür. Türkiyə –Azərbaycan, Pakistan-Türkiyə-Azərbaycan müttəfiqliyi, hərbi təlimləri rusları birbaşa silahlı qarşıdurmadan çəkindirən şərtlərdir. Çox güman ki, Rusiya Azərbaycanın tələbləri ilə razılaşacaq, 10 noyabr və 11 yanvar üçtərəfli Bəyanatlarının icrasıyla bağlı, praktik addım atacaqdır. Əks təqdirdə isə, vəziyyət Rusiyanın məsuliyyət zonasında, Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə mane olmamağını şərtləndirəcək və nəticədə, Xankəndinin, eləcə də ətraf ərazilərin Azərbaycanın yurisdiksiyasına keçməsi reallaşacaq.
Vüqar DADAŞOV,
hüquqşünas, Qarabağ qazisi.

araz.az xəbər portalı.