Fərid Qayıbovun nazir təyinatı: Ölkə gəncliyinin qarşısında fürsətlər, “qara əllər” kəsilməlidir
Prezident İlham Əliyev Fərid Qayıbovun Gənclər və idman naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Yeni naziri videoformatda qəbul edən dövlət başçısı bildirib ki, gənclər və idman sahəsində olan nöqsanlar aradan qaldırılmalı, bu sahəyə yeni nəfəs gəlməli, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi diqqət ayrılmalıdır.
Qeyd edək ki, Fərid Qayıbov 0-dan başlayan məmurlardandır və ilk iş yeri “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında olub. 2003-cü ildə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib və bu müddətdə idmanın inkişafında böyük töhfələr verib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbəri olduğu federasiyada baş katib vəzifəsinə qədər yüksəlib. 2006–2007, 2008–2009 və 2013–2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifələrini daşıyıb.
2018-ci ildən Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Bu mötəbər beynəlxalq təşkilatda ölkəmizi bu gün də layiqincə təmsil edir. Onun nazir təyinatı uzun müddətdir bu sahədə olan nöqsanların aradan qaldırılacağına, tapşırıq və şəxsi əlaqələrə görə deyil, istedad və potensialına uyğun olaraq gənclərin önə veriləcəyinə böyük ümidlər yaradıb. Uzun illərdir nazirliyi öz şəxsi obyekti olaraq işlədən məmur komandası özlərindən birinin bu posta təyinat alacağını gözləsə də, bu baş vermədi. Məhz elə bu səbəbdən onlar ciddi məyusluğa düçar olub və yeni nazirə öz “xidmətlərini” təklif etmək üçün növbəyə düzülüblər.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla yaradılıb. Və nə az-nə çox, düz 21 ildir ki, bu nazirlikdə gənclər sektorunu İntiqam Babayev kurasiya edir.
İntiqam Babayev kimdir?
1994-cü ildə Bakı Gənclər Klubunun prezidenti olan İ.Babayevin rəhbərlik etdiyi ictimai birlikdə prezident təsisatını yaratması onun gələcək iddialarından xəbər verirdi. Ona qədər “Tarixçi tələbələrin Elmi Cəmiyyəti”nin İdarə Heyətinin üzvü olan gələcək nazir müavini karyera yüksəlişində bütün məqamları göz önünə almışdı. Dostlarının dediyinə görə, klub təsis olunan zaman ona rəhbər olaraq sədrlik insitutunu təklif etsələr də, Babayev prezidentlik insitutu məsələsində sona qədər israr edib.
Cəmi bir il sonra o zaman ölkənin ən böyük kollektiv gənclər platforması olan – Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri seçilir. Paralel olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi fəaliyyət göstərir. Nəhayət 1998-ci ildə yolunu Gənclər və İdman Nazirliyindən salır. Bu nazirlikdə Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri təyin olunur. Bir il sonra isə vəzifəsindən azad olunur.
Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat alır. Vaxtaşırı olaraq paytaxtda aksiyaların keçirildiyi və gərgin siyasi rəqabət mühitinin olduğu bir şəraitdə siyasi partiyalarla iş gələcək nazir müavinin maraqlarına cavab vermir. Bəlkə də, siyasi qüvvələrlə körpüləri yandırmaq istəmir. Necə deyərlər, “Ac başım, dinc başım”. Və yenidən nazirliyə qayıdır. Bu dəfə ölkədə gənclər sektorunu kurasiya edən şəxs, gənclər və idman nazirinin müavini olaraq.
Onu ən müxtəlif məsələlərdə ittiham edirlər, od olmayan yerdən tüstü çıxırmı?
Ölkə mətbuatında İntiqam Babayevin adı müxtəlif dini təriqətlərlə əlaqədə hallandırılmağa başlayır. Onu FETO ilə əlaqələrdən tutmuş gənclər sektorunu inhisara almasına, bütün mükafat və təltifləri öz yaxın ətrafına verdirməsinə, dövlət büdcəsindən yalnız ona yaxın gənclər təşkilatlarını maliyyələşdirilməsinə, arxası olmayan fəal gənclərin hüquqlarını pozmasına, iqtidaryönlü gəncləri məqsədli şəkildə ictimai-siyasi proseslərdən iyrəndirməsinə, onları buna təhrik etməsinə qədər müxtəlif məsələlərdə ittiham olunur. Bunu biz demirik, illərdir ölkə mətbuatı yazır. Görünən odur ki, hər biri ağır ittihamlardır və gənclər sektoru ilə yaxından-uzaqdan əlaqəsi olan hər kəs ümumi vəziyyətdən xəbərdardır. Gənclərlə bağlı mərkəzlərin, qurumların rəhbərliyinə təyinatlar hansı formada aparılır, hansı kateqoriyadan olan gənclər daha çox önə çəkilir, meyarlar nədir, bununla bağlı çoxsaylı suallara isə adı bu məsələdə hallanan nazir müavini heç zaman aydınlıq gətirməyib.
İddialara görə, nazirlikdə bu sahəyə cavabdeh şəxs Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayevdir. O Fuad Babayev ki, istisnasız olaraq bütün qərarları soyaddaşı olan nazir mavininin tapşırığı əsasında verir. Onların vaxtaşırı olaraq birlikdə qərar verərək maliyyələşdirdikləri təşkilatların əksəriyyəti isə 44 günlük Vətən müharibəsində susqunluq nümayiş etdirdilər. Hər il onminlərlə manat qrant alan və layihəsi haqqında nəinki ictimaiyyətin, heç nazirliyin məlumatı olmayan, boş sənədlər toplusu formasında hesabatlar verən həmin təşkilatların arxasında da Babayev dayanır. Niyə? Nə üçün? Hansı səbəbdən? Bütün bu sualların cavabı isə hələ də açıqdır. Əslində 21 ilin nazir müavini gənclərin dövlətçilik ənənələri ilə silahlanması, vətənpərvərlik ruhunun artırıllması işini həyata keçirməli olduğu halda, niyə bunda maraqlı olmur? Bir halda ki, nəinki yeni gənclər birlikləri prosesə cəlb edilməyib, əksinə, mövcud olanlar da küsdürülüb, bu halda ortaya çoxlu qaranlıq məqamlar çıxır.
Nazirlikdə Qayıbov dövrü: İslahatlar qaçılmaz olacaq, Babayev dövrü bitəcəkmi?
Son dövrlər ölkəmizdə kompleks islahatlar həyata keçirilir. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə edir: icraedici, qanunverici, məhkəmə… Bu instusional islahatların kökündə vətəndaşların rifah halının yüksəldilməsi, idarəetməyə yeni nəfəs gətirilməsi, illərdir hökm sürən korrupsiya və özbaşınalıq hallarının aradan qaldırılması, gənc kadrların önə çəkilməsi və digər mühüm amillər dayanır. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, kim yeni sistemə uyğunlaşa bilmirsə və uyğunlaşmaq istəmirsə, qərar verməlidir: “Ya özü gedəcək, ya da yola salacağıq”.
İntiqam Babayev sözün bütün mənalarında köhnələrdəndir. Yanaşması, idarəetmə fəlsəfəsi və bütün zəruri komponentlər üzrə bunu dəfələrlə öz təcrübəsində təsdiq edib. Və bu gün Azərbaycan gəncliyi və gəncliyin hərəkətverici qüvvəsi olan gənclər təşkilatları onun və onun kimilərinin ögey münasibətinə görə beynəlxalq arenaya çıxıb, lazımi nəticələr əldə edə bilıməyib. Nazirliyin elan etdiyi qrant müsabiqələrinin qalibləri, gənc kadrlar olaraq müxtəlif mərkəz və idarələrə rəhbər təyin olunan gənclərin bu sahədə hansı təcrübəsi, bilik və bacarıqları olub? Görünən odur ki, məsələyə məsul şəxs – İntiqam Babayev yumşaq desək, bunda qətiyyən maraqlı olmayıb. O da görünür ki, yeni nazir Fərid Qayıbov 0-dan karyera qurub, ölkə rəhbərliyinin etimadını qazanmaq səviyyəsinə qədər böyük yol keçib.
Onun yeni sistemində Babayevlərə yer olmamalı, peşəkar, dövlətini və vətənini sevən, eyni zamanda özü kimi dövlətini və vətənini sevən gəncləri önə verən məmurlar yer almalıdır. Axı vəzifə şəxsi məqsədlərini həyata keçirmək vasitəsi yox, xalqa xidmət vasitəsidir.
Gözləntilərimiz böyükdür, cənab nazir!
Mikayıl MİRZƏZƏDƏ,
Hokm.az
araz.az xəbər portalı.