“Yenə də deyirəm, dövlət tərəfindən, mərkəzi icra orqanları tərəfindən rayonların inkişafı ilə bağlı böyük işlər görülüb, işlərin böyük hissəsi görülüb. Siz yerlərdə elə işləyin ki, rayonlar daha sürətlə inkişaf etsin.
araz.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı indi bir çox rayonların artıq mərkəzdən dotasiya almadığını deyib: “Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun”.
Prezident qeyd edib ki, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımlar atılacaq: “Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, – təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, – digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi. Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik. İndi ilin doqquzuncu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.