“Kristal Abşeron” MTK-nın Qaradağ rayonunda dövlət büdcəsi hesabına inşa etdiyi “Qobu-2” layihəsində yol verdiyi qanunsuzluqlar təftiş edilir.
araz.az Qlobal.az-a istinadən bildirir ki, şirkətin bu layihələrdə dövlətə vurduğu maddi ziyanın məbləği milyonlarla manat dəyərindədir.
“Kristal Abşeron” MTK-nın qeyd edilən ərazilərdə inşa etdiyi yaşayış və xidməti binalarda aparılan inşaat işlərində mövcud layihədən kənara çıxdığı bildirilir. Belə ki, yaşayış binalarının pəncərə ölçülərində, koridorların və pilləkan qəfəslərinin həcmində şirkətin layihədən kənara çıxaraq “Tikinti Haqqında Qanun”un tələblərini pozduğu bildirilir.
Eyni zamanda “Kristal Abşeron” MTK-nın Qobu proyektində inşa etdiyi yaşayış binalarının fasadlarında da problemlər olduğu bildirilir. Şirkətin binaların fasad hissəsinə vurduğu kabançik üzlük daşları keyfiyyətsiz olduğuna görə sökülür.
Mediada yayılan məlumata görə yaranan problemlə bağlı Arxitektura Komitəsi və Qaçqınların və Məcburi Köşkünlərin İşləri Üzrə Dövlət Komitəsi birgə komissiya da yaradıb. Məsələyə “Kristal Abşeron” MTK-dan münasibət öyrənmək mümkün olmadı.
Onu da xatırladaq ki, bir müddət öncə mediada “QobuPark” yaşayış kompleksinin sakini “Kristal Abşeron” şirkətinin məcburi köçkünlər üçün inşa etdiyi “QobuPark” yaşayış kompleksində problemlər olduğu kimi qaldiğini bildirmişdi.
“QobuPark” yaşayış kompleksinin Rövşən adlı sakini sosial şəbəkələrdə ictimailəşdirdiyi şikayətində bildirirdi ki, erməni vəhşiliyinin qurbanı olan (keçmiş) məcburi köçkünlər indi də “Kristal Abşeron” şirkətinin özbaşınalığından əziyyət çəkir:
“Binaların üzlüyü qopduğu üçün şirkətin işçiləri üzlüyü binanın divarına (qırmızı kərpici deşərək) bərkidirlər. Sonra da külək və yağış olduğu zaman o deşiklərdən içəri, sakinlərin evlərinə su sızmağa başlayır.
“QobuPark”da istənilən adamın qapısını döysəniz hamısı şikayətçidir. Millətin tavanları mamır bağlayıb, evdə nəmişlik qoxusu adamı boğur, divarlara su sızır deyə divarlar gömgöy olub, divar kağızları (oboylar) hamısı qopub tökülür. Burada məskunlaşan məcburi köçkünləri ermənilərdən sonra ən çox incidən bu şirkət oldu. Mütləq gərək prezidentin dəmir yumruğu sizin də başınıza dəysin, gərək yolu bağlayıb ayağa qalxaq, ondan sonra problemi həll edəsiniz? Bir böyüyünüz, kiçiyiniz yoxdur ki, dərdimizi ona deyək?”.
Qeyd edək ki, “Kristal Abşeron” MTK-nın Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu deyilir.
araz.az xəbər portalı.