İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Regional İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astarada tikdiyi evə görə şəhidin ailəsini cərimələyib.
Bunu araz.az-a ictimai fəal Rüfət Əliyev deyib.
“Birinci Qarabağ müharibəsində itkin düşən, sonradan şəhid statusu verilən Babayev Aqil Sultanəli oğlunun anası qəza vəziyyətdə olan evdə yaşayırdı. Ötən il (2020-ci il. red) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astaranın Təngərüd kəndində iki otaqlı ev tikib şəhidin ailəsinə təhvil verdi. Bu il (2021-ci il) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Regional İdarəsinin əməkdaşları gəlib şəhidin qardaşı İnam Babayevi 300 manat cərimələyiblər ki, pay torpağında ev tikmisiniz. Şəhidin ailəsi 100 manatı da artıq ödəyib”, – Rüfət Əliyev belə deyib.
O bildirib ki, torpaq şəhidin qardaşı İnam Babayevin adına olsa da, ev anası Babayeva Telnisaya məxsusdur: “Ev anasının adına olduğu halda, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran regional mərkəzinin əməkdaşları hansı əsasla şəhidin qardaşını cərimələyirlər?”
Onun sözlərinə görə, evi özü tikmədiyi halda, Dövlət Xidmətinin vətəndaşı cərimələməsi qanunsuzdur: “Evi şəhid ailəsi tikməyib, dövlətin başqa bir strukturu tikib. Belə olan halda, şəhid ailəsi hansı əsasla cərimələnir? Xahiş edirik ki, bu məsələyə aydınlıq gətirilsin”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.