YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan sabiq metropoliten rəisinin “qəpik-qəpik” yığdığı pulu indi də sələmçilər əlindən alıb; hüquqşünas: “Ən qısa zamanda barəsində həbs qərarı verə bilərlər…”
“3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən ona, yaxud da Çovdarova pul verim?!” – deyən Tağı Əhmədovun varidatı daha 3 milyon manat azalıb. Bu dəfə “Bakı Metropoliteni” QSC-nin keçmiş sədrinin, ötən həftə YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan Tağı Əhmədovun “qəpik-qəpik” yığdığı pulu sələmçilər əlindən alıb.
İş üzrə 3 nəfər təqsirləndirilən şəxs var: Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov. Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilirlər. Adları çəkilənlərdən yalnız S.Xəlilov həbsdədir, digər iki nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Bir nəfər – Soltan Əliyev isə zərərçəkmiş qismində tanınıb. Pul isə əslində T.Əhmədovun olub…
Sentyabrın 10-da məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar pulu sələmlə götürüblər, buna görə aylıq faiz ödənilib.
Təqsirləndirilən Abuşov deyir ki, mərmər biznesilə məşğul olublar. Mərməri Qazaxıstandan, İrandan gətiriblər. Elə hallar olub ki, malın gətirilməsində və s. problem yaranıb: “Mərmər işi üçün bizə verilən pulları Soltan müəllim Tağı müəllimdən götürürdü. Aylıq 1.5-2 faizlə. Üç dəfə ondan pul götürdük. Adətən Yasamalda, YAP-ın binasının yanında götürürdük. Faizləri ödəyirdik… Amma daşın sonrakı aqibətindən mənim xəbərim olmadı. Mən arada ofisdə Səadət müəllim və Soltanın söhbətlərini eşidirdim, ondan bilirdim ki, Tağı Əhmədovun faizlərini gecikdirirlər, deyəsən. Amma mənim bu məsələlərə aidiyyətim olmayıb”.
İş üzrə fiqurantlardan Qulu Muxtarov vaxtilə Bakı şəhər Baş Polis İdarəsində işləyib, bir müddət öncə təqaüdə çıxıb. O bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı:
“Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bir dəfə faizi ödəməyə gedəndə mən də onlarla getdim. Tağı müəllim hər adamı qəbul eləməzdi, amma mən vaxtilə Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi olmuşdum.
Tağı Əhmədovun onunla arası yaxşı olduğu üçün məni içəri buraxdı. Bir müddət sonra Səadətin işlərində problemlər yarandı və Tağı müəllimin faizlərini ödəyə bilmədilər. Soltan deyirdi ki, bunlar məni Tağı müəllimin yanında biabır ediblər”.
Qulu Muxtarovun sözlərinə görə, hətta Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün Səadət Xəlilovu yanına çağıraraq döyüb…
Tağı Əhmədovun əlindən gedən 3 milyonun mənbəyi haqda da hər hansı bir məlumata rast gəlinmir. İstintaqçılar Tağı Əhmədovun faizə verdiyi pulları haradan əldə etməsini araşdırmayıblar. Bu haqda Tağı Əhmədovun özü MTN generalı Akif Çovdarovun cinayət işi üzrə məhkəməsində açıqlama vermişdi. Demişdi ki, “40 illik əmək haqqım idi, yığıb saxlamışdım”.
Akif Çovdarov isə Tağı Əhmədovu yalan danışmaqda ittiham etmişdi.
Onun məhkəmədəki ifadəsindən sitat:
“Generalın sözlərinə görə, detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedib. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Bundan başqa, biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb ”kraskalayıb”lar.
Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq.
İndi yadımda qalanları deyəcəm. “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən hotelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi…
Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı hoteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib”.
Akif Çovdarov Tağı Əhmədovun bank hesablarındakı pullar haqda da danışmışdı. O bildirmişdi ki, Tağı Əhmədovun təkcə “Texnikabank”da 13 milyon dollar pulu olub: “Digər pulları isə ”Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə, Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi. Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik”.
Tağı Əhmədov Akif Çovdarovun məhkəmədə sadaladıqlarını bu günə qədər təkzib etməyib. Hazırkı cinayət işinin materiallarında əlindən alınmış vəsaitlə bağlı da hələlik, sabiq sədrin hər hansı bir izahatı, açıqlaması yoxdur.
Bəs hakim partiyanın Yasamal rayon təşkilatının sədrliyindən istefaya göndəriləndən sonra onun üçün tunelin sonu göründümü?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Tağı Əhmədovun barəsində mətbuatda olan məlumatlar kifayət edir ki, istintaq başlansın: “Tağı Əhmədovun metropolitendəki fəaliyyəti haqda söylənilən hər bir fakt araşdırılmalı, hüquqi qiymət verilməlidir. Akif Çovdarov sıradan biri olmayıb ki, faktsız danışsın. Onun özünün məhkum olunması da məsələnin mahiyyətini dəyişmir. Akif Çovdarov araşdırma aparıbsa, bu özbaşına olmayıb ki?! Araşdırma qərar əsasında aparılıb və həmin qərar əsasında toplanan materiallar üzrə cinayət işi başlamayıbsa, həmin materaillar deməli ki, arxivdədir. O materialları arxivdən çıxarıb üstünün tozunu üfürüb Baş Prokurorluğa yollamaq lazımdır. Tağı Əhmədov metropolitendə 40 il deyil, 400 il də işləsəydi, Akif Çovdarovun sadaladığı qədər varidata, banklarda üst-üstə 30-40 milyonu aşan məvacib ala bilməzdi”.
Hüquqşünas deyir ki, bu gün Azərbaycanda büdcə pullarına ictimai nəzarət zəifdir: “Bu gün büdcədən maliyyələşən elə təşkilatlar var ki, adi 30-40 qəpiklik qələmi 3-4 manata rəsmiləşdirirlər. Büdcə təşkilatlarında korrupsiya cinayəti də adi haldır. Nə qədər büdcə vəsaitlərinin xərclənməsi ”örtülü bazar” olacaqsa, Tağı Əhmədovlar “yetişəcək”. Digər tərəfdən, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət deyil. Qanunda məmurlardan, iri ranqlı vəzifə sahiblərindən mal-mülklərinin mənşəyini rəsmi qaydada təqdimetmə tələbi yoxdur. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər.
Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Məmurlar bundan məharətlə istifadə edirlər. Amma məmur vəzifədən getdisə, deməli, onun barəsində illərlə araşdırılmayan materiallar ildırım sürəti ilə istintaqa, oradan da məhkəməyə göndərilir. General Rövşən Əkbərovun timsalında bu bir daha sübut olundu. 2001-ci ildə Ukraynada törədilən cinayətə görə Rövşən Əkbərov 2021-ci ilin əvvəlində qandallandı. Yəni Tağı Əhmədovu da Rövşən Əkbərov kimi ən qısa zamanda istintaqa cəlb edib, barəsində həbs qərarı verə bilərlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.