Azərbaycanda son iki gündə iki məhsulun bahalaşması ciddi müzakirələrə səbəb olub: benzin və çörək. Bunlardan birincidə bahalaşan “varlı”ların benzinidirsə, ikincidə söhbət milyonlarla insanın qida rasionunda mühüm yer tutan çörəkdən gedir.
araz.az Yeni Müsavat-a istinadən bildirir ki, dünəndən etibarən ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti qaldırılıb: birinci 1,45 manatdan 1,60 manata, ikinci isə 1,60 manatdan 1,90 manata. Bu benzinlərin ikisi də iyunun əvvəlində 15 qəpik, Aİ-95 isə iyulun 31-də daha 5 qəpik bahalaşmışdı. Bu benzinlərin yeganə idxalçısı olan SOCAR-dan bahalaşmanın mənşə ölkəsindəki qiymət dəyişikliyindən irəli gəldiyi açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyulunda ölkəyə 60 milyon 361,07 min dollar dəyərində 85 min 680,79 ton Aİ-95, 1 milyon 272,89 min dollar dəyərində 1 min 563,19 ton Aİ-98 markalı benzin idxal olunub. Beləliklə, 7 ayda Aİ-95 markalı benzinin orta idxal qiyməti 70 sentə (1,19 manata), Aİ-98 markalı benzinin orta idxal qiyməti isə 81 sentə (1,38 manata) bərabər olub.
Bu müddətdə Azərbaycandan xaricə 13 milyon 296,87 min dollar dəyərində 25596,78 ton Aİ-92 markalı benzin ixrac edilib. Bu o deməkdir ki, Aİ-92 markalı benzinin hər litrini xaricə 51 sentə – yəni 86,7 qəpiyə satmışıq. Daxili bazarda isə bu benzin istehlakçılara 1 manata satılır. Yanvar-avqust aylarında Azərbaycanda 804,3 min ton Aİ-92 markalı benzin istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir. Sentyabrın 1-nə ölkədə cəmi 35,9 min ton benzin ehtiyatı olub.
Son bahalaşma Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalının hələ də təmin olunmaması problemini yenidən aktuallaşdırır. Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda yeni və müasir texnologiyalı neft emalı zavodunun tikilməsinə dair qərar qəbul olunmuş, Qaradağ rayonu ərazisində yer müəyyənləşdirilmiş, ilkin hazırlıq işlərinə başlanmışdı. Lakin 2014-2015-ci illərdə neftin qiyməti kəskin ucuzlaşdı və hökumət planı dəyişdi. Vəsaitlərə qənaət etmək üçün köhnə zavodun modernləşdirilməsinə qərar verildi. İlkin qiymətləndirmələrdə bu prosesin dövlətə 850 milyon dollara başa gələcəyi proqnozlaşdırılırdı. Lakin aparılan araşdırmalar göstərdi ki, zavoddakı 17 emal qurğusunun hamısının istismar müddəti bitib və yenilənməlidir. Buna görə də modernləşdirmənin dəyəri 2 milyard dollara qədər artırıldı. 2019-cu ildə mətbuata sızan məlumatlarda bu məbləğin 3 milyard dollara qədər yüksəldiyi bildirilsə də, hökumət konkret rəqəmi hələ də açıqlamayıb. Eyni zamanda modernləşmənin nə vaxt başa çatacağı, ölkədə Aİ-95 markalı benzinin istehsalına nə zaman başlanacağı da dəqiq bilinmir. İlkin olaraq – 2015-ci ilin əvvəlində planlaşdırılırdı ki, zavodun modernləşməsi 2018-ci ildə başa çatacaq, Aİ-95 və Aİ-98-in istehsalına başlanacaq. Daha sonra müddət 2020-ci ilə, 2022-ci ilə, 2023-cü ilə çəkildi. İndi isə tam modernləşmənin 2025-ci ildə başa çatacağı gözlənilir. Modernləşmə nəticəsində zavodun illik neft emalı gücünün 7,5 milyon tona çatdırılması nəzərdə tutulur. Ehtimal olunur ki, zavodda Aİ-95 benzininin istehsalına 2022-ci ildə başlamaq mümkün olacaq.
Çörəyin qiymətinə gəlincə, artıq iki gündür bir neçə iri zavodun istehsal etdiyi çörəyin qiymətini 5-10 qəpik arası artırdığına dair məlumat yayılır. Belə məlumatların yayılması təsadüfi deyil: Azərbaycan hökuməti buğda və un idxalının ƏDV-dən azad olma qərarını ləğv etməyə hazırlaşır. Eyni zamanda un istehsalına görə sahibkarlara verilən subsidiyaların da aradan qaldırılması nəzərdə tutulur. Bu,Bir neçə gün əvvəl açıqlanan “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sından da aydın olur.
Azərbaycan ərzaqlıq buğdanın demək olar ki, hamısını xaricdən idxal edir. Buna görə də daxildə çörəyin qiyməti buğdanın dünya bazar qiymətindən birbaşa asılıdır. Dünya bazarında isə buğda durmadan bahalaşır. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyulunda Azərbaycana xaricdən 103 milyon 772.28 min dollar dəyərində 408 825.59 ton buğda idxal olunub. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 100.13 min ton təşkil edib. Ötən ilin yeddi ayında Azərbaycana 94 milyon 37.45 min dollar dəyərində 434 min 554.80 ton buğda gətirilmişdi. Bu ilin yeddi ayında buğdanın 1 tonunun idxal qiyməti 253,8 dollar, ötən ilin eyni dövründə isə 216,4 dollar təşkil edib. Bu o deməkdir ki, buğdanın idxal qiyməti 20,6 faiz bahalaşıb.
Hökumət buğda idxalını ƏDV-yə qaytarmaqla nə qədər vəsait əldə edəcək? Rəsmi idxal həcmləri ilə hesablasaq aydın olur ki, ötən il buğda idxalından 18 faizlik ƏDV-nin tutulmaması dövlət büdcəsinə 53 milyon 442,93 min dollar az vəsaitin daxil olmasına gətirib çıxarıb. Bu ilin ötən dövründə isə büdcə buğda idxalından 18 milyon 670 min dollar “itirib”.
Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2020-ci ildə Azərbaycanda un və yarma istehsalına 2 milyon 467 min 332 ton buğda yönəldilib. İl ərzində ölkədə 1 milyon 855 min 293 ton un, 1 milyon 294 min 604 ton çörək istehsal olunub. Ötən il ölkədən xaricə 7 min tondan çox un ixrac edilib.
Orta hesabla bir ton buğdadan 800 kq un əldə olunduğunu nəzərə alsaq, ötən il Azərbaycanda un istehsalında 2 milyon 319 min 116,25 ton buğdadan istifadə olunduğu aydın olar. Bu isə o deməkdir ki, un istehsalında az miqdarda yerli buğdadan da istifadə olunur. Yəni idxal buğdasının dəyərinin unun və çörəyin qiymətində kifayət qədər payı var. Rəsmi məlumata görə, 2021-ci il məhsulu üçün ölkə üzrə 610,5 min hektar sahədə payızlıq və yazlıq buğda əkilib. Havaların quraq keçməsi səbəbindən sentyabrın 1-i vəziyyətinə 38,2 min hektar sahədə əkilmiş buğda məhv olub, qalan 572,3 min hektar sahədən isə 1 milyon 885,4 min ton buğda yığılıb.
Çörəyin və benzinin qiymətindəki bahalaşma əhali üçün nə vəd edir?
İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, ərzaq buğdasının qiymətinin bahalaşması keçən qışdan başlanıb: “Hələ dekabr-yanvar aylarında ixracatçı ölkələr qiymətlərin bahalaşacağı, ixrac həcmlərinin azaldılacağına dair idxalçı ölkələrə xəbərdarlıq etmişdilər. Azərbaycan hökuməti buğda və un idxalına ƏDV-ni onsuz da ləğv etmişdi, fevralda isə un istehsalına subsidiya təyin etdi. Hələ o vaxtdan aydın idi ki, bu kimi üsullarla daxildə unun və çörəyin qiymətini uzun müddətə stabil saxlamaq mümkün olmayacaq: dünya bazarında qiymət artmağa davam edirsə, dövlət nə qədər daxildəki istehsalçılara subsidiya ayıra bilər? Azərbaycan bazarı xarici təzyiqlərə yetərincə dayanıqlı deyil. Buna görə də daxildə un və çörəyin qiymətini saxlamaq cəhdləri əvvəl-axır dayandırılmalıdır. Hökumət idxala ƏDV-ni bərpa etsə, yəni çörək və un bazarını tam sərbəstləşdirsə, aydındır ki, qiymətlərdə xeyli bahalaşma baş verəcək. Əslində bunu çoxdan etməliydilər. Vaxtında bazara sərbəstlik verilmiş olsaydı, indi ölkədə ərzaqlıq buğda istehsalı indikindən bir neçə dəfə çox olardı. Dövlətin buğda istehsalına tətbiq etdiyi subsidiyalar ona görə gözlənilən nəticəni vermir ki, son məhsulun – unun və çörəyin bazarı sərbəst deyil. Bazar sərbəst olsaydı, tələb daxildə keyfiyyətli buğda istehsalını özü stimullaşdıracaqdı. İndi bazarın sərbəstləşdirilməsi xeyli ağır keçəcək, amma buna gedilməlidir. İri sahibkarlara yönəlik güzəştlər, subsidiyalar əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Sahibkara imkan verilməlidir ki, istehsal etdiyi məhsula bazarın tələbinə uyğun qiyməti özü müəyyənləşdirsin. Hökumət isə bu zaman əhalinin sosial ehtiyaclarının ödənməsinin qeydinə qalsın: əmək haqqı, pensiyalar artırılsın. İnandırım sizi, çox qısa müddətdə bazar özü hər şeyi tənzimləyəcək”.
Ekspertin sözlərinə görə, Aİ-95 markalı benzinin bahalaşması orta təbəqənin xərclərini artırır: “Ümumi istehlakda payı az olsa da, bu benzindən istifadə edənlər heç də az deyil. Aİ-92 bahalaşanda çoxlu sayda avtomobil sahibi Aİ-95-dən istifadəyə keçmişdi. İndi onun qiyməti bahalaşdı, yəqin ki, əksinə proses gedəcək. Bu isə Aİ-92-yə tələbi artıracaq. Düşünmürəm ki, ”varlıların” benzinin bahalaşmasının ümumi bahalaşmada payı yüksək olacaq. Bu, çox cüzi bir təsir olacaq: müəyyən istehlak mallarının qiymətində özünü büruzə verəcək”.
Məlumdur ki, Avropada təbii qazın min kubmetrinin qiyməti 900 dolları keçib. Bu proses Azərbaycanda da təbii qazın qiymətinin artırılmasına gətirib çıxara bilərmi? P.Heydərov deyir ki, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik iyul ayında edilib: “Bu baxımdan, yenidən dəyişiklik olunacağı gözlənilən deyil. Amma elektrik enerjisinin qiymətində dəyişiklik olacağını düşünürəm. Yəqin ki, sentyabrın sonu, oktyabrda biz Tarif Şurasının bununla bağlı qərarının şahidi olacağıq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.