Yaxşı tanıdığımız, zəif və güclü tərəflərinə kifayət qədər bələd olduğumuz ədəbi mühitdən kənarda böyük yazan-pozan dəstəsi yaranmışdır. Avqust ayında bu dəstənin ayrı-ayrı üzvlərinin kitablarını oxudum. İndi oxuduğum kitablar haqqında fikirlərimi, aldığım təssüratları yazmaq istəyirəm. Burda yazacağım fikirlər aşağı-yuxarı dəstənin digər üzvlərinin də kitablarına aiddir.
Beləliklə, başlayaq “Boz” romanından. “Boz” romanında insanlar zombiyə çevrilirlər. İki gəncin qarşılıqlı sevgisi zombiləri təzədən insan olmağa məcbur edir. Müəllif demək istəyir ki, sevgi dünyanı xilas edəcək. Belə bir yüngüllük. Cinayətkarcasına naşı yazılmış roman “ağır-ağır” cümlələrlə doludur. Məsələn:
“…Kainat heçlikdən yarandığı üçün hər şeyi özündə var edib. Heç nə yox olmur. Sadəcə bir maddə digərinə çevrilir və bu nizamlanma hər şey üzərində özünü göstərib daimi olaraq davam edir.
Gördüyümüz hər şey – kitablar, binalar, ağaclar, asfalt yollar, hətta biz insanlar belə atomlardan ibarətik. Bəs, atom nədir və necə bir quruluşa malikdir? Gözəgörünməz dərəcədə kiçik olan bu hissəcikləri bəzi təkmilləşmiş mikroskoplar sayəsində görmək mümkündür…
Əlimizdə tutduğumuz bir fincan kofe, səmadakı ulduzlar, kitabın səhifələri, ümumiyyətlə hər şey enerjidən ibarətdir…”
Yaxud:
“Ətrafda gördüyüm hər şeyin varlığında əslində bir heçlik gizlənirmiş. Beynim heç vaxt eşitmədiyi bilgiləri almaqda çətinlik çəkirdi. Dərindən dərk edə bilmirdim var olduğum halda heçlik mərtəbəsinə çatmağı…
Hər şeyin varlığında bir əsas dayanır və illərlə bunu anlamadan yaşamaq çox pis hal idi. Əsas bir sual beynimdə fırlanırdı. Görəsən, mən indi bir heçəm, ya hər şey? Ya da ümumiyyətlə, heçliyin içindəki bir varlıq…”
Kitabın yetmiş faizi bu cürə cəfəngiyyatdan ibarətdir. İnanmırsınız? Buyurun, fəsillərin adına baxın, hesabınızı özünüz götürün:
Azadlığa doğru ilk addım, Yuxu içində yuxu, Mən yoxluqda varkən, Mən varlıqda yoxkən, Zərrədə kainat, Kosmik şüur, Öz?, Hissiyatsızlıq xəstəliyi, Biz necə zombi olduq?, Zombi melanxoliyası, Rəngli dünyalar və boz…
İndi bu nə deməkdi? Nə ad qoyaq buna? Cavanlıq səhvi, banal təcrübəsizlik, yoxsa rüsvayçılıq?
Kitabın arxa qapağına yazılmış mətni oxuyaq: “Dərviş (Elnur İsmayılov) yazıçı, musiqiçi, filoloq. 2015-ci ildə yazıçılıq fəaliyyətinə başlayıb. Bir roman və çoxsaylı hekayələr müəllifidir. “Boz” 3 illik araşdırmaların nəticəsində yazılmışdır”.
Çox maraqlıdır, görəsən müəllif üç ildə nəyi, nələri araşdırıb? Belə mövzular olsa-olsa, ən uzağı yazı mövzusu ola bilər. Bütün bunlar çox güman müasir və düşük türk yazıçılarından təsirlənmələrdir. Kitabda tez-tez türk sözlərinə rast gəlirdim. Halbuki, həmin sözlərin Azərbaycan dilində qarşılığını asanlıqla tapıb, istifadə etmək olardı.
Artıq yazını oxuyan adamlara məlumdur ki, romanın müəllifi həm də musiqiçidir. “Ağır-ağır” mövzuların içinə girməkdənsə, müəllif bir musiqiçi kimi öz həyatını yazsaydı, real problemlərini, dəqiq bələd olduğu məsələləri qələmə alsaydı daha yaxşı, daha maraqlı olmazdımı? Əlbəttə, daha yaxşı, daha maraqlı olardı, amma göründüyü kimi müəllifin ədəbiyyat haqqında təsəvvürləri kökündən səhvdir. Fikrimi xeyli yumşaq ifadə etdim. Müəllif ədəbiyyatın heç “Ə” hərifindən belə xəbardar deyil.
Dəhşətli dərəcədə naşıcasına yazılmış “Boz” romanı haqqında bu qədər. İndi isə keçək Sərxan Sabirlinin “Bölünən yuxular” romanına. “Bölünən yuxular”ı roman adlandırmaq çox çətindir, amma müəllif yazdığı mətni roman adlandırıbsa, biz də bu mətnə roman demək məcburiyyətindəyik.
“Boz” romanında olduğu kimi “Bölünən yuxular” romanı da “ağır-ağır” fikirlərlə, düşüncələrlə zəngindir. Buyurun, siz də bu “ağır-ağır” fikirlərlə, düşüncələrlə tanış olun:
“…Bəli, bir şeyi gerçək elan edərək ona etiqad bəslədiyimiz zaman digər gerçəyin acı ölümünə səbəb olurduq, bir şeyin inadla var olmasını istədiyimiz zaman digərinin mütləq ölümünü arzulayırdıq və bu döngü sonsuzadək davam edəcək əbədiyyət zəncirinə yeni bir halqa əlavə edirdi…
Mənalar axtarışında olan beyin, faktiki olaraq, öz mütləq sonuna doğru gedən bu məşəqqətli yolu qısaltmırmı və ya bütün bu axtarışlar kəsə yoldan getmək istərkən, əslində, diqqət edilməyən çuxurlardan birinə düşür və ordaca qalmırmı?”
Etiraf edim ki, bu cümlələri oxuyanda başım şişdi. Növbəti cümlələri oxuyanda isə başım sözün həqiqi mənasında error verdi:
“… Pərvazlanan ruhum öz hədsiz həzzini duyarkən və görünməyən qanadlarım məni bir nöqtədən digərinə – sonsuzluğa aparırkən, yer kürəsini axtardım. Baxdım və gördüm. Gördüyüm, bilirsən nə idi? Heçlik.”
Kitabın doxsan doqquz faizi bax bu cür, buna bənzər “ağır-ağır” fikirlərdən, “ağır-ağır” düşüncələrdən ibarətdir. Kitabı oxuyub qurtarandan sonra düşündüm. Dəyəsən mən doğrudan da böyük hövsələ yiyəsiyəm.
“Bölünən yuxular” kitabının müəllifi kopirayterdir. Yəqin ki, Sərxan bəy işi ilə əlaqədar xeyli maraqlı hadisələrin şahidi olub, xeyli maraqlı adamlarla qarşılaşıb. Müəllif bələd olduğu mövzulardan yazsaydı, bələd olduğu mövzuların içinə girsəydi, daha yaxşı olmazdımı? Əlbəttə, daha yaxşı olardı, amma müəllifə elə gəlib ki, çox ali həqiqətlərə çatıb və çatdığı ali həqiqətləri qələmə alaraq, başqalarını da bu ali həqiqətlərlə tanış etməlidir. Necə böyük sadəlövhlük…
Xəyalə Miskərlinin “Vicdanın rəngi” kitabında da real həyatdan əsər-əlamət yoxdur.
Kitabın proloqu:
“Rənglər heç də həmişə gözlə görünmür, onlar bəzən mücərrəd don geyinib özlərini bizim fikirlərimizdə, hisslərimizdə, atdığımız addımlarda təzahür etdirir.”
Kitabın epiloqu:
“Həyatda nə ağ, nə də qara olan bir məfhum var. Ağın qara ləkəli, qaranın da ağ üzlü tərəfi olur”.
“Vicdanın rəngi” kitabında yazılan hadisələr çox uydurma, dialoqlar çox süni təsir bağışlayır. İki sevgilinin dialoquna baxın:
– Hiss edirəm.
– Nəyi?
– Nə zamanasa ayrılacağımızı.
– Sara, həyatda əbədi olan bircə əbədiyyətsizlikdir…
Sən allah, hansı sevgililər belə danışır? Belə danışan sevgililər varsa da, qələt edirlər, başların da daşa döyürlər. Danışmağa mövzu tapmırlar, danışmağa mövzu yoxdur? Sevgililər zəhmət çəkib toyuq dönərindən, ət dönərindən, zeytun yağının faydalarından, Ağcəbədinin mal bazarından, Bərdə pendirindən, Zirə pomidorundan, qərəz, həyatdan, real, həqiqi şeylərdən danışmalıdırlar.
Onu da mütləq qeyd etməliyəm ki, “Vicdanın rəngi” kitabında yazılanlar nə qədər uydurma, nə qədər həyatdan uzaq təsiri bağışlasa da, kitabda müəllifin səliqə-səhmanı, bir az da cəsarəti nəzərə çarpırdı. Xəyalə müəllimədə yazıçılıq potensialının işartıları görünür. Öz üzərində çalışsa, ədəbiyyat haqqında səhv təsəvvürlərini dəyişməyi bacarsa, dayanmadan oxusa, dayanmadan öyrənsə, istiqaməti düzgün tutsa, normal mətnlər yaza bilər.
Bütün qüsurlarına baxmayaraq oxuduqlarım arasında daha çox Aygül Ağayevanın “Məşhur adamın məşuqəsi” romanı xoşuma gəldi. Sual oluna bilər, niyə? Ona görə ki, romanda həqiqi, real həyat vardı. Buyurun:
“Nailəni hamımız sevərdik, lakin elə hərəkətlər etdi ki, ona nifrətimiz yarandı. Gül kimi nişanlısı vardı. İki il adamı oynatdı, sonra da keçən həftə qapılarda səyyar mal satan bir dağıstanlı oğlana ərə getdi. Atası öz evini yaşamaq üçün ona vermək istəyirdi, fəqət heç cür Bakıda qalmağa razı olmadı. Oğlanla birlikdə Dağıstana getmək istədi. Sən demə, iki il toyu bu avaraya görə ləngidirmiş. Nişanlısı da acığa düşdü, mənim bacımı götürüb qaçdı. Biz sevindik ki, elə yaxşı oğlana başqası qismət olmadı”.
Yaxud:
“O, ölməyə layiq bir fahişə idi. Mənim nişanlımla görüşməyə başladığından xəbər tutdum. Bir neçə dəfə ayrılması üçün xəbər yolladım, amma başa düşmədi. Nişanlım mənim ailəmə yaraşan, imkanlı adamın oğlu idi. Tezliklə toyumuz olacaqdı. O qız onu mənim əlimdən almağa çalışırdı. Axırıncı dəfə nişanlımın mənə “toyu bir il də təxirə salaq” deməsi məni dəli etdi. Qıza zəng etdim, onu qayalığa çağırdım. Gözdən iraq bir yerdi ora, ona görə oranı seçdim ki, istəmirdim kimsə məni onunla bir yerdə görsün. Atam mənə aşağı təbəqənin qızları ilə dostluq etməməyi məsləhət görmüşdü. Onlar imkanlı adamlara ancaq bir şey qopartmaq məqsədi ilə yaxınlaşırlar…”
Bu başqa məsələ, cümlələr konkret adamı azərbaycanlıların içinə soxur. İnanıram ki, Azərbaycanda onlarla bu cür, buna bənzər hadisələr baş verib. Ciddi deyirəm, Aygül xanımın romanından çox şeylər öyrəndim. Sağ olsun. Fürsətdən istifadə edib, müəllifə dərin təşəkkürümü bildirirəm. Ciddi kadrdır. Xalqımız və dövlətimiz Aygül xanım kimi təcrübəli xanımların qədrini bilməlidir. Aygül xanıma öz təcrübəsini başqalarına ötürmək üçün dövlət tərəfindən hər cür şərait yaradılmalıdır. “Həyat” adlı məktəb açılmalıdır və Aygül xanım ən azı həmin məktəbdə şagirdlərə həyat dərsi deməlidir. Təcrübəsini paylaşmalıdır. Öyrətməlidir. Amma Aygül xanım özü də öyrənməlidir. Dili çox kəsaddır. Mənə elə gəlir ki, Aygül xanım türk seriallarının dərin pərəstişkarıdır və türk seriallarına hədsiz dərəcədə maraqla baxmaq onun dilini korlayıb…
Yekun
Əlbəttə, ədəbi mühitdən kənardakı dəstəyə girib-çıxan, həmçinin bir roman, bir neçə hekayə yazıb sonra birdəfəlik itib-batan çox adam olacaq. Bununla belə roman, hekayələr yazmaq istəyən adamlara üç vacib məsləhət vermək istərdim. Əməl etsələr uduzmazlar. Futbol şərhçilərinin təbirincə desəm, məsləhətlərə əməl etsələr, özlərini xeyli artırarlar.
- Hekayə, roman yazdıqda özünüzü bacardığınız qədər ətraf aləmdən təcrid edin. Bacardığınız qədər mətnin içində qalın, mətnlə yatıb, mətnlə oyanın. Fikriniz-zikriniz ancaq və ancaq mətndə olsun. Belə olduğu halda qələmin gücü daha da artır. Burda heç bir sirr, mistika, yaradıcı prosesi ilahiləşdirmək filan yoxdur. Sırf texniki məsələdir.
- Dəqiq bələd olduğunuz mövzuların içinə girin. Tanıdığınız adamlardan, real problemlərdən, real hadisələrdən yazın. Təxəyyülünüzün, qələminizin nəyə qadir olduğunu dəqiq hesablayın. Xülaseyi-kəlam, ayağınızı yorğanınıza görə uzadın.
- Yazmağa başlamazdan əvvəl Azərbaycan dilində yazılmış azı iyirmi roman oxuyun. Xoşunuza gəlsə də, gəlməsə də, mövzusu sizi qane etsə də, etməsə də Azərbaycan dilində yazılmış əsərləri oxumalısınız. Bu, olduqca vacib şərtdir. Yerli ədəbiyyata bələd olmamağın fəsadları bu və ya digər şəkildə özünü mütləq büruzə verir.
Sağ olun, hər birinizə yaradıcılığ uğurları azrulayıram.
Seymur BAYCAN
araz.az xəbər portalı.