stalin ria d 850

23 may 1938-ci ildə Qazaxstandan Moskvaya istiqamət alan qatar mənzil başına çatmamış Moskva yaxınlığında qəfil dayananda, sərnişinlər elə düşünüblər ki, hansısa texniki problem yaranıb. Sonra məlum olub ki, qatarın dayanması heç də texniki problemlə bağlı deyil.

Sadəcə “NKVD” qatarda əvvəlcədən planlaşdırılmış 15-20 dəqiqəlik əməliyyat keçirib. Əməliyyat zamanı sərnişinlərdən bir nəfər həbs olunub. Əməliyyatda yüksəkçinli xüsusi xidmət orqanları əməkdaşlarının iştirak etməsi həbs olunan şəxsin  “vacib” sima olduğundan xəbər verirdi. O da məlum olub ki, əməliyyat birbaşa İosif Stalinin tapşırığı ilə həyata keçirilib.

Maraqlıdır, Stalini bu əməliyyatı təcili keçirməyə nə məcbur etmişdi?

Qatardan düşürdülərək həbs edilən şəxs isə Qazaxstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzəyan olub.

Həbs olayından əvvəl Mirzəyan Moskvadan Stalinin imzası ilə teleqram alıb. Teleqramda bildirilib ki, o, üç gün ərzində Kremldə olmalıdır. Yeni, daha yüksək təyinat məsələsini zənn edən Mirzəyan Moskvaya nikbin əhvalla yola düşüb. Amma özünə güvənən birinci katib ağlına da gətirməyib ki, Moskvaya çatar-çatmaz onu Kremlə yox, “Lefertovo” həbsxanasına yola salacaqlar.

Əslində Levon Mirzəyan bunu dərk etməli idi. Çünki o, yarıtmaz fəaliyyətinə görə Mərkəzi Komitədən bir neçə dəfə xəbərdarlıq almışdı. Birinci katibi arxayın salan isə ona hamilik edən Anastas Mikoyan olub.

1897-ci ildə Şuşada anadan olan Levon Mirzəyan yeniyetməlik yaşından Bakıya köçüb, gənclik illərindən inqilabi fəaliyyətə başlayıb. Məhz bu illərdə o, Mikoyanla sıx əlaqələr yarada bilib ki, bu əlaqələr onun gələcək siyasi karyerasında böyük rol oynayıb.

1920-1925-ci illərdə Levon Mirzəyan Azərbaycanda Həmkarlar Sovetinin sədri vəzifəsində işləyib. Daha sonra o, Azərbaycanda əmək komissarı vəzifəsinə təyinat alıb. 1926-cı ildə isə Mirzəyan Mikoyanın təşəbbüsü ilə Azərbaycana birinci katib təyin edilib. O, bu vəzifədə üç il işləyib.

Mirzəyan Azərbaycana üç illik rəhbərliyi dövründə respublikaya kifayət qədər zərbə vurmağa imkan tapıb. İlk növbədə o, apardığı kadr siyasətində imkanı çatana qədər azərbaycanlıları vəzifələrdən uzaqlaşdırıb. Mircəfər Bağırovu isə ümumiyyətlə Azərbaycandan kənarlaşdırıb.  Mühüm postlara öz qohum-əqrabalarını yerləşdirən birinci katib respublikada mütləq hakimiyyəti üçün bütün vasitələrə əl atıb.

Azərbaycanda Mirzəyanın özbaşınalığı o həddə çatıb ki, o, Moskva ilə razılmaşdan, Mərkəzi Komitə ilə hesablaşmadan”müstəqil” qərarlar qəbul edib. Hətta o, özünün də təhsil aldığı Bakı Dövlət Universitetini  “Musavatın qalığı” adlandıraraq fəaliyyətini dayandırıb.

Sözsüz ki, Mirzəyanın bu “müstəqilliyi” Moskvanın diqqətindən yayınmayıb. Mərkəzə yaxın olan azərbaycanlıların təsiri ilə Mirzəyanın yarıtmaz fəaliyyəti haqda Kremlə mütəmadi olaraq açıq məktublar ünvanlanıb. Nəhayət, Stalin öz xətti ilə apardığı araşdırmalardan sonra Mirzəyanın siyasi fəaliyyətini yarıtmaz qiymətləndirərək onu birinci katib vəzifəsindən kənarlaşdırıb.

Levon Mirzəyan bir müddət Urala göndərilib, Ural vilayət Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyib. Moskvadakı erməni havadarları onu qısa bir müddətdə bu “mədəni” sürgündən xilas edəcəklərinə söz veriblər. Nəhayət, 1933-cü ildə  Mirzəyan Qazaxstana birinci katib göndərilib.

Levon Mirzəyan Qazaxstanda da öz əməllərindən əl çəkməyib. O, bu dəfə də Azərbaycanda olduğu kimi erməniləri bu respublikada yüksək vəzifələrə təyin edib. Onun Qazaxstandakı idarəetmə üsulu daha çox padşahlara xas olan idarəetməyə bənzəyib. Küçələrdə, dövlət qurumlarının foyelərində və məmurların kabinetlərində Mirzəyanın portertləri asılıb. Əks təqdirdə idarə və müəssisə rəhbərləri işindən uzaqlaşdırılıb. Hətta bəzi yerlərdə Mirzəyanın portretləri Lenin və Stalinin portertlərindən böyük olub.

Günü-gündən dövlətin pulları hesabına zənginləşən Mirzəyan cinayətkar əməllərini gizlətmək üçün Moskvadan gələn repressiya “plan”larını ikiqat həyata keçirib. Bununla özünü Stalinin yanında təmiz və vicdanlı, vətəninə sədaqətlə xidmət edən kommunist kimi göstərməyə çalışıb.

Qazaxstanda ona mane olan, Mirzəyan üçün arzuolunmaz şəxs sayılanlar vətən xaini adı altında sorğu-sualsız güllələniblər. Birinci katib şəxsi mənafeyi üçün bu respublikda istədiyini edib.

Amma Mirzəyan bu cinayət əməllərini törədəndə heç vaxt düşünməyib ki, SSRİ-də ən “hündür” məkan Kremldir və Kremlin pəncərələrindən hər yer aydın görünür.

Stalin Mirzəyanın əməllərindən, özbaşınalığından xəbərdar olub. Mərkəzi Komitənin 1937-ci il mart plenumunda sovet lideri Levon Mirzəyanın fəaliyyətini sərt tənqid edib:

“Bəzi partiya orqanlarında aparılan iş qənaətbəxş deyil. Elə götürək Qazaxıstanı. Mirzəyan Bakıdan və Uraldan apardığı yaxın adamlarını başına yığıb özü üçün şərait yaratmaqla məşğuldur. Mən ümumiyyətlə, Mirzəyanın kadr siyasətini yarıtmaz hesab edirəm. Bu cür adamlar partiyanın qarşıya qoyduğu vəzifələri arxa plana çəkir, özünə sərfəli olan işləri həyata keçirir…”

Bu tənqiddən sonra azğınlaşmış və Mikoyana arxayın olan Mirzəyan əməllərindən yenə də əl çəkməyib.

Məlum olduğu kimi, sovet dövründə mərkəzi mətbuatda hər hansı bir məmur haqqında tənqidi yazı həmin məmurun siyasi karyerasının sonu sayılıb. 1938-ci ildə Mirzəyan haqqında da “Pravda” qəzetində tənqidi yazı dərc edilib. Qazaxstanda imicinə xələl gəlməsin deyə, birinci katib respublika üçün yayımlanmağı nəzərdə tutulan bütün tirajı anbarda saxlayıb. Nə abunəçilər, nə də qəzet alıcıları “Pravda”nın həmin nömrəsini görməyiblər. Qazaxıstan ziyalıları “Pravda” qəzetinin bir nömrəsinin “yox”a çıxması haqqında Mərkəzi Komitəyə məlumat veriblər. Mərkəzi Komitənin orqanı olan bir qəzetin yayımını dayandıran şəxsi nə gözlədiyini isə təsəvvür etmək çətin deyil. Bu hərəkəti ilə Mirzəyan acınacaqlı durumunu bir az da çətinləşdirib. Bu dəfə Mikoyan onu xilas edə bilməyib.

Məhkəmədə altı maddə ilə – vətənə xəyanət, vəzifə səlahiyyətlərini aşma, külli miqdarda dövlət əmlakını mənimsəmə və digər maddələrlə ittiham olunan Levon Mirzəyan ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Onu da qeyd edək ki, Mirzəyanın məhkəmə prosesinə İosif Stalin şəxsən özü nəzarət edib. Gündəlik olaraq məhkəmə prosesi haqqında ona yazılı məlumat verilib.

İlham CƏMİLOĞLU

Sfera.az

araz.az xəbər portalı.