yasar edalet

Hörmətli sədr, «Azərsu» ASC-nin tam ştatlı idarə rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Yaşar Kəlbiyevin saat 19:30-21:00 radələrində doktorantın ilkin müzakirəsini öz kafedrasında keçirməsi qanunidirmi???

Azərbaycan Dövlət İqtisad Universitetində müəmmalar davam edir. Amma maraqlıdır ki, Prezident İlham Əliyevin 8 il əvvəl imzaladığı «İctimai iştirakçılıq haqqında» Qanunun tələblərinə uyğun universitetdə yaradılmış İctimai Nəzarət Şurasının sədri və üzvləri isə susur. Niyə? Onları susduran səbəb nədir? Hansı ki, rektorun yaxın dostu, əlindən «Fəxri fərman», diplom və s. alan deputat Etibar Əliyev həmin şuranın sədridir. Bunlar sonranının mövzusudur. İndi isə ADİU-da baş verən müəmmalara qayıdaq. Bəli, rektor Ədalət Muradovun islahatçı olduğuna qəti şübhəmiz yoxdur. Rektor çalışır, amma görünür çalışmaq çox azdır, nəticə lazımdır. Nəticə isə…

***

«Təzadlar»ın rəsmi saytının dünənki buraxılışında sabiq maliyyə naziri, professor Əvəz Ələkbərovun kafedrasının ləğvi barədə məlumat yayımlanmışdır. Bu ləğvdən bir neçə gün əvvəl isə iqtisadi və maliyyə işində kifayət qədər təcrübəsi olan, nazir vəzifəsində çalışmış Əvəz Ələkbərova, sanki mənəvi əzab vermək üçün onun kafedrasında maraqlı hadisə törədilib…

 Son vaxtlar günü prokurorluqda keçən kafedra müdiri Yaşar Kəlbiyev Əvəz Ələkbərovun kafedrasının doktorantını niyə özünün kafedrasında, özü də gecə saat yeddi-doqquz radələrində müzakirəsini aparır???

 Bütün hallarda ədalət naminə deyək, qəti inana bilmərik ki, islahatçılığını ortaya qoymuş rektor Ədalət Muradov əsas iş yeri «Azərsu» ASC olan və prokurorluğa həftəbaşı çağrılan Yaşar Kəlbiyevin belə bir qanunsuz hərəkətinə imkan versin. Heç Azərbaycan Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev də.

İndi görün nə baş verir: külli aləm bilir ki, Yaşar Kəlbiyev özünün tərcümeyi-halında gizlətsə də (xüsusən də sosial-elektron şəbəkədəki məlumatlarında) onun əsas iş yeri «Azərsu» ASC-dir. «Təzadlar»ın Araşdırma Qrupu hələ ötən il yazmışdı ki, Yaşar Kəlbiyev baxmayraq ki, rektorun hələ AAK-da işləyərkən birgə fəaliyyətdə olduğu Y.Kəlbiyevlə yaxın dostluğu var, amma qanun qanundur: «Azərsu»dakı iş vaxtı saat 18:00-da bitən Yaşar müəllim görəsən, məsafəni və paytaxtdakı tıxacı nəzərə alsaq, ADİU-ya neçə saatdan sonra gəlib çıxa bilər və hansı əmək məhsuldarlığı ilə kafedra müdirliyi və Magistratura Mərkəzinin dolayısı ilə direktoruluğunu edə bilər??? Doğrudanmı bu universitetdə savadlı, təcrübəli, elmli, inanılmalı, etibar edilib bel bağlamalı başqa alim-professor  yoxdur???

 Bunu da qoyaq bir kənara. İndi görün Yaşar Kəlbiyev son günlər hansı qanun pozuntusuna yol verib. Çox istərdim ki, bu faktı həm hörmətli rektor Ədalət Muradov, həm də Prezident yanında Ali Attestasiya Komissiyasının sədri, hörmətli Famil Mustafayev diqqətə alsınlar.

 Beləliklə, xəbərsizlər üçün qeyd edək ki, Kəlbiyev Yaşar Atakişi oğlu 1995-1999-cu illərdə “Təfəkkür” Universitetində baş iqtisadçı və baş mühasib, 1999-cu ildə Vergilər Nazirliyi sistemində şöbə rəisi, Tədris Mərkəzinin rəisi; 2002-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi vəzifələrində işləyib. 2008-2015-ci ilərdə “Vergi və vergiqoyma” kafedrasının müdiri, “Maliyyə və maliyyə institutları” kafedrasının professoru vəzifələrində çalışıb. 06 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə universitetin “Fəxri Fərmanı” ilə təltif edilib.

 O, hazırda “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiridir. Azərbaycan Dövlət İqtisad Universitetinin 19.06.2017-ci il tarixli əmrinə əsasən, «Beynəlxalq magistratura və doktorantura mərkəzi»nin tabeliyində yeni struktur bölmə kimi bu kafedra- “İqtisadiyyat və idarəetmə” kafedrası yaradılıb. Təsəvvür edin, ADİU-nun 600-dən çox professor və müəllimi, dosenti dura-dura, tam ştatlı «Azərsu» ASC-nin idarə rəisi olan Y.Kəlbiyev burada kafedra müdiri olur. Belə çıxır ki, o, kafedranı gecələr idarə edir??? Çünki «Azərsu»dakı iş vaxtı saat 18:00-da bitir.  Lakin müəllimlərin də söylədiyi kimi, faktiki olaraq «Beynəlxalq magistratura və doktorantura mərkəzi» Yaşar Kəlbiyevin  “İqtisadiyyat və idarəetmə” kafedrasına tabe kimidir. O mənada ki, Yaşar Kəlbiyev nə vaxt və kimi istəsə, ilkin müzakirəsini təşkil edir. Özü də işdən sonra! Niyə işdən sonra? İndi cavabını biləcəyik: beləcə, tam ştatda «Azərsu»da vəzifə tutan, hazırda isə Baş Prokurorluğun «Azərsu»dakı yeyintilərlə bağlı apardığı məlum yoxlaması ilə əlaqədar tez-tez prokurorluğa çağrılıb dindirilən Y.Kəlbiyev bu günlərdə Əvəz Ələkbərovun başının üstündən başqa bir lazımsız iş tutub. O, Ə.Ələkbərovun kafedrasının hələlik adını çəkmək istəmədiyimiz bir doktorantının ilkin müzakirəsini özü təşkil edib. Belə ki, Y.Kəlbiyev yaxın dostu olan rektorun qılığına girərək həmin doktorantı (elmi rəhbəri Elnur Sadıqov) öz kafedrasına gətizdirib, təxminən 50-yə yaxın prfessor və müəllimlərin iştirakı ilə ilkin müzakirəsini təşkil edib. Özü də saat 19:30-da başlayan müzakirə təxminən axşam saat 21:00-da bitib (Azərbaycan Əmək Məcəlləsinin tələblərini nəzərə almadan).

Sual olunur: maliyyə və iqtisadi savadı Yaşar Kəlbiyevdən on dəfə, keçmişdə tutduğu maliyyə naziri vəzifəsi vəzifəsindən yüz dəfə üstün olmuş Əvəz Ələkbərova və onun kafedrasına etibarmı yox idi? Bəs protokolda saat neçə yazılıacaq? Prezident yanında AAK rəhbərliyi belə bir protokolu necə qəbul edəcək???

Təkrar edirik, niyə imkan verilməyib ki, elə gələcəyin iqtisadçı alimi olacaq həmin şəxs  doktorantı olduğu kafedrada, özü də Azərbaycan Əmək Məcəlləsində qeyd edilən qanuni iş  vaxtında müdafiə edəcəyi elmi işinin müzakirəsində iştirak etsin.

 Bəs Universitetin İctimai Nəzarət Şurası bu qanunsuzluğa necə baxır???

Qeyd edək ki, ADİU-da İctimai Nəzarət Şurası var. «İctimai iştirakçılıq haqqında» Qanunda onların vəzifəsi aydın şəkildə göstərilib… Şurada görün kimlər təmsil olunur: millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, deputat Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, deputat Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü (dünyasını dəyişib, amma adı qalır), təhsil eksperti Kamran Əsədov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov.

Sonda təbii sual çıxır: təhsilimizin ağsaqqalı Şahlar Əsgərov və digər üzvlər ADİU-da nəyə və necə nəzarət edirlər?

Bu barədə yəqinki növbəti yazıda…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

araz.az xəbər portalı.