aztibb.az family with cold grande 982

Arıq bir həftədir payız fəslini yaşayırıq. Əksər xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir.

Alimlər güman edirlər ki, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər. Çünki günəşli günlərin sayı azalır, gün qısalır, insan daha tez yatmağa gedir. Bundan əlavə, dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına təkan verir. Stress isə immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır.

Aztibb.az belə xəstəliyi olanlara payız fəslində diqqətli olmağı tövsiyə edir.

Ürək-damar sistemi xəstəliyi olanlar arterial təzyiqiniə fikir verməli, düzgün qidalanmalı, güclü fiziki və emosional gərginliklərdən uzaq olmalı, tez-tez açıq havada gəzməlidir. Kardioloqun profilaktik müayinəsindən keçmək məsləhət olunur.

Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir. Bu xəstəliklər zamanı isə ilk növbədə tənəffüs sistemi zədələnir. Xəstəliyin ilk simptomlarında həkimə müraciət vacibdir. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.

Həzm sistemi xəstəlikləri olan insanların bir çoxusunu payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Müalicə və pəhriz çox önəmlidir. Qızarmış, yağlı, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. pəhrizdən çıxarılmalıdır. Qidanı az miqdarlarda və daha tez-tez (gün ərzində 4-5 dəfə) qəbul etməyə çalışın ki, bu mədəni artıq yükləmədən qoruyacaq.

Artrit, artroz xəstəlikləri də payızda tez-tez kəskinləşir. Xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Həkimə müraciət edin və lazım olan müalicə kursu alın. Profilaktika məqsədi ilə daha isti geyinmək, düzgün qidalanmaq, C vitamini qəbul etmək lazımdır Çünki bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir.

Bəzi ginekoloji və uroloji xəstəliklər payız aylarında qadınlarda kəskinləşir. Xroniki sistit xəstəsində sidik ifrazı tezləşmiş və ağrılı olur. Lazım olduqda həkim xəstəyə iltihabəleyhinə və antibakterial preparatlar təyin edir.Sistititin profilaktikası üçün özünüzü soyuqlamadan qoruyun, intim gigiyena qaydalarına ciddi riayət edin, idmanla məşğul olun. Bundan əlavə, daha çox maye için, duzlu və kəskin qidaları rasiondan çıxardın.

Psixiki pozulmalar bu aylarda çox rast gəlinəndir. İnsanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Bu vəziyyətlərin profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyyəsi ilə məşğul olmaq, Həkim təyin edərsə, polivitamin kompleksləri və sakitləşdirici prepartaları qəbul etmək lazımdır.

Payızda bəzi xroniki dəri (psoriaz və s.), onurğa sütunu (osteoxondroz) xəstəliklər də kəskinləşir.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.