Fransanın “France-24” telekanalının Prezident İlham Əliyevlə müsahibədə qərəzli və Ermənistanın mövqeyinə uyğun suallar verdiyi açıq şəkildə görünürdü. İstər 44 günlük müharibə dövründə, istərsə sonrakı dövrlərdə Prezident anti-Azərbaycan şəbəkələrə, erməni lobbisinə yaxın media orqanlarının qeyri-obyektiv sualları ilə zaman-zaman üzləşib və hər dəfə tutarlı cavabını verib. Bu baxımdan, “France-24” kanalının sualları o qədər də təəccüblü deyildi. Söhbət Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, açıq şəkildə Ermənistan tərəfdən çıxış edən, bəzən ermənidən çox erməni olan Fransadan gedir.
Lakin müsahibədə təəccüblü, həm də bir çox məsələyə aydınlıq gətirən məqam xüsusilə diqqət çəkir.
Fransalı jurnalist ermənipərəst mövqeyini gizlətmədən Qarabağ məsələsindən, bölgədəki vəziyyətdən soruşur, sonda Fransada yaşayan Məhəmməd Mirzəlini gündəmə gətirir.
Jurnalist M.Mirzəlinin bıçaqlanmasına görə Azərbaycanı ittiham altına salmağa çalışdı. Halbuki, Mirzəlinin bıçaqlanması hadisəsinin məişət zəmində baş verdiyi, ərəb əsilli keçmiş arvadının yaxınlarının namus üstündə bu əmələ əl atdığı məlumdur.Jurnalistin sualı qoyuluş tərzi isə təsdiq edir ki, Fransa məişət zəminində baş vermiş hadisəni Azərbaycana qarşı siyasi ittihama çevirməyə çalışır. Bu məqsədin arxasında Yelisey sarayını zəbt edən və Emannuel Makronun faktiki asılı olduğu erməni lobbisinin dayandığı şübhəsizdir. Məhz buna görə Fransa 44 günlük müharibədə Ermənistan üçün dəridən-qabıqdan çıxır, Minsk qrupunun həmsədri olmasına baxmayaraq, tərəf saxladığını açıq nümayiş etdirirdi.
Müharibədən sonra Fransadakı erməni icmasının nümayəndələri ilə bir araya gələn Makron etiraf etdi ki, Nikol Paşinyana tez-tez SMS yazır, kömək etməyə çalışırdı. Müharibənin gedişində isə Fransa prezidenti ermənilərə “Hamımız birlikdə müqavimət göstərəcəyik. Əmin olun” deyir, Azərbaycana qarşı açıq hücumlar edirdi.
O da məlumdur ki, müharibə dövründə Fransa Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərir, hərbi kəşfiyyat məlumatları verirdi.
Makronun rəhbərliyində Fransa Ermənistanla birlikdə Azərbaycana qarşı müharibə apardı və Ermənistanla birlikdə də məğlub oldu. Lakin Fransa bu məğlubiyyəti ilə barışmır, Ermənistanın bölgədə yeni reallığı qəbul etməməsi üçün əlindən gələni edir, Qarabağda artıq dəfn edilmiş “status” məsələsini davamlı gündəmdə saxlayır. Bu ölkənin mövqeyi məlumdur. Hərçənd, Fransanın söyüş söyməyi ilə məşhurlaşan, sözün gerçək mənasında “iki eşşəyin arpasını bölə bilməyən” bir cavan uşaq üzərindən siyasət yürütməsi olduqca gülünc görünür. Fransalı jurnalistin bu məsələni Prezident İlham Əliyevlə müsahibəyə daxil etməsi isə təsdiq edir ki, rəsmi Paris “saman çöpündən yapışıb”. Bu fakt nələri sübut etdi?
Birincisi, Fransa müharibədəki siyasi məğlubiyyətini həzm edə bilmədiyi üçün Azərbaycana qarşı ən gülünc, ən absurd “əsasları” da fürsət olaraq görür və yalan üzərindən informasiya təxribatına əl atır.
İkincisi, Fransada dövlət siyasətinə qədər təsir edə bilən erməni diasporu və lobbisi Azərbaycana qarşı “demokratiya, insan haqları” kimi məsələlər üzərindən hücumlar planlaşdırır, fransalı jurnalistin sualı bunun detallarından biri hesab oluna bilər.
Üçüncüsü, Məhəmməd Mirzəlini Azərbaycana qarşı hücuma keçirən, ona dəstək verən güc elə Fransadakı erməni diasporudur. Qarabağda məğlubiyyəti qəbul edə bilməyən erməni diasporu əlaltıları olan Məhəmməd Mirzəli kimiləri növbəti hücum planında istifadə etməyə başlayır. Məqsəd də dünyada Azərbaycanın mənfi imicini yaratmaqdır.
Hadisələr bir daha təsdiq edir ki, Məhməmməd Mirzəli indiyə qədər Fransada yaşamaq hüququnu necə əldə edib, həyatını necə təmin edib. Bütün oxlar erməni diasporunu göstərir. Fransalı jurnalistin sualına ən tutarlı cavabı da elə Prezident İlham Əliyev verdi. Dövlət başçısı bildirdi ki, “Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidi”. Bu cavab həm də onun təsdiqidir ki, Fransa məişət zəminində baş vermiş hadisəni araşdırmaqda maraqlı deyil, çünki məsələ nə qədər qapalı qalarsa, bundan Azərbaycana qarşı istifadə etmək imkanı var. Bu oyunun da arxasında heç şübhəsiz ermənilər dayanır.
Vaqif HÜSEYİNLİ,
Demokrat.az
araz.az xəbər portalı.