Və ya əsgər yoldaşının şəhidliyindən başlanan yaradıcılıq…
Yaradıcı insanlarla söhbət mənəvi istirahətin ən gözəl formalarındandır. Hələ həmsöhbətin yazıçıdırsa, deməli, indiki anda bir az keçmişə, bir az da gələcəyə boylanmaq imkanın olacaq. Bir kitab vərəqləyirmiş kimi zamanda səyahət edərkən həm də müxtəlif insan talelərinə bir yazıçı həssaslığından nəzər sala biləcəksən.
AYNA-nın budəfəki müsahibi ilə də eyni cür oldu. “Ədəbiyyat və kütlə”, “Sonuncu uçuş” kitablarının müəllifi Nemət Mətinlə bir az dünəndən, bir az bu gündən danışarkən, bununla kifayətlənməmiş, arada da gələcəyə ümidləri dilləndirmişik. Beləliklə:
– Nemət bəy, müsahibə təklifimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. İstərdim, ilk olaraq bir yaradıcılıq dünyanıza boylanaq. Yazmağa başladığınız günləri xatırlayaq.
– Hamı kimi məndə də yazmaq oxumaqdan başlayıb. Fikirlərini rahat ifadə etmək üçün gərək çox mütaliə edəsən. Bundan da əlavə yazmaq üçün gərək səni nəsə həvəsləndirə, nədənsə təsirlənəsən. Mən əsgərlikdə yazmağa başlamışam. Tərxis olunmağımıza təxminən bir ay qalmışdı. Əsgər yoldaşlarımızdan biri şəhid oldu. Bu zaman özümdə içimdəki qəzəbi necəsə üzə çıxarmaq ehtiyacı duydum. Düzdür, döyüşürsən, aqressiyanı bu formada da çıxarırsan, amma bu, bəs eləmirdi. Şeir, məqalə yazmağa başladım və hiss etdim ki, sakitləşirəm. Anladım ki, içindəki lavanı saxlamaqdansa, vərəqə köçürmək lazımdır. Bəlkə başqaları da oxuyar, kiməsə necəsə kömək olar və yaxud da sadəcə başqa bir insan hissləri, həyatı ilə də tanış olar. Buna görə yazmağa davam etdim. Bu ərəfədə mütaliəmi də artırmışdım. Əsgərlikdən gələndən sonra bir aya 10-15 kitab oxuyurdum. Lakin sonradan bu sayı azaltdım. Düşündüm ki, az oxu, amma oxuduqlarını dərindən təhlil et, vacib olan budur. Oxuduqca özüm də yazdım, saytlara məqalələrimi göndərdim. Yarışlarda iştirak etdim, qalib oldum. Beləcə bir yola çıxdım.
– Son zamanlar daha çox hekayələriniz yayımlanır. Hekayəyə keçidinizin tarixçəsi necədir?
– 2017-ci ildə ilk hekayəmi sayta göndərəndə baş redaktor dedi ki, “yox, məqalə göndər”. Hekayəm yayımlansa da, görünürdü ki, məqalə daha uğurlu alınır. Bir müddət keçdi, hekayə yazmaq məni daha çox özünə çəkdi. O yazıçıdan soruşdum, “hekayə necə yazılır”, bu yazıçıdan soruşdum… hamısı da deyirdi ki, onun bir qaydası yoxdur, özün öz üslubunu tapmalısan: “Hamı eyni fikri yaza bilər, amma sözlərin düzülüşündən çox şey asılıdır. Hər mövzuda yazmaq olar, əsas necə yazırsan – bu, önəmlidir”.
– “Yazı” jurnalının üzərində işləyirsiniz. Proseslər necə gedir?
– Açığı, üç il əvvəl gözləməzdim ki, hansısa dərginin baş redaktoru olum. Əvvəlcə “ədəbiyyat.az” saytının baş redaktoru oldum. İki il aktiv fəaliyyət göstərdim. Oxunma sayı da ürəkaçan idi. Marağı qorumağa, yeni müəllifləri oxucu ilə görüşdürməyə çalışırdım. Məsələn, Qubada kiçik bir kənddə yaşayan adam elə bir hekayə göndərirdi ki, fikirləşirdin, heç Bakıda – izdihamlı şəhərdə, yüzlərlə kitab oxuyanlar arasında belə yazan yoxdur. Hazırda həmin müəlliflər arasında özünü daha da inkişaf etdirənlər, kitab çıxardanlar da var.
Görkəmli yazıçımız Azad Qaradərəli tərəfindən bir müddət əvvəl “Yazı” jurnalının redaktorluğu üçün təklif gəlsə də, razılaşmamışdım. Başqa bir jurnal çıxarmağı düşünürdük. Sonra qərara gəldik ki, bu jurnalı çıxarmağa davam etməliyik. Bizim çıxaracağımız ilk nömrənin gələn ayda təqdimatına hazırlaşırıq.
– Xeyirli olsun, mütləq oxuyarıq.
– Çox sağ olun.
– Dediniz, yazmağa əsgər yoldaşınızın tərxis olunacağına bir ay qalmış şəhid olmağından təsirlənib başlamısınız. “Söz vaxtına çəkər” deyirlər. Həmsöhbət olduğumuz bu günlərdə İkinci Qarabağ müharibəsindən bir il ötür. Hesab edirəm, elə müharibə ilə bağlı suallarım yerinə düşər. Müharibəyə münasibətiniz necədir?
– Heç kim istəməz ki, ölsün, bir yaxını, əzizi vəfat etsin. Amma məsələyə daha qlobal, başqa bir tərəfdən baxanda görürük ki, insan mübarizə aparmasa, məğlub olar. Mən əlimə silah götürməyim ki, insan öldürmək günahdır, amma üstümə də silahla gəlirlər, öldürmək istəyirlər. Belə də olmur. Bu baxımdan razıyam ki, bəli, döyüşmək lazımdır. Sözsüz ki, müdafiə olunmaq daha yaxşıdır, nəinki hücuma keçmək. Hər halda biz də bu müharibədə demək olar ki, hücuma keçməmişik, sadəcə öz torpaqlarımızı qaytarmaq üçün savaşmışıq. Nəticədə də ədalət öz yerini tapdı, bizim olanı aldıq.
– Həmin günlərdə kədərli, sevincli, bəzən acı qarışıq xoşbəxtliklər yaşadıq. Meydanda birbaşa, düşmənlə üz-üzə qalmasaq da, hər şey bir addım o yanda baş verirdi və bəzi hallarda texnoloji imkanlar sayəsində müharibəyə çox yaxından şahidlik etmək imkanımız olurdu. Geri dönüb baxanda həmin günləri necə xatırlayırsınız, nə hiss edirdiniz?
– O günlərdə çox həyəcanlı idim. Həm sevinirdim, həm də təlaş içində idim. Günlərlə yata bilmirdim, yazırdım, araşdırırdım. Nəsə etməyə çalışırdım ki, boş qalmayım. Əks halda daha çox həyəcanlanırsan. Könüllü kimi müraciət etmişdim, çağırmışdılar. Artıq hamı ilə sağollaşmışdım. Sonra dedilər, “ehtiyac yoxdur”, aparmadılar. Yaxınlarım buna görə sevindilər, amma özüm haqqında bunu deyə bilməyəcəyəm. Hər halda gedib sağ qayıtsaydım, ən azından daha çox material yığmış olardım. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi sağlamlığına qovuşdursun. Bu gün onların sayəsində burada rahat əyləşib söhbət edirik, rahat nəfəs alırıq.
– İkinci Qarabağ müharibəsinin izlərinə yaradıclığınızda rast gələ biləcəyikmi?
– “Sonuncu uçuş” kitabımda iki hekayə, bir məqalə müharibə mövzusuna həsr olunub. Bunu İkinci Qarabağ müharibəsindən əvvəl qələmə almışam. O zamanlar heç bilmirdim, müharibə olacaq. Sakit həyatımız davam edirdi. Gələcəkdə düşünürəm ki, müharibə mövzusuna müraciət edəcəm. Bu müharibədə elə detallar var ki, üzərində işlənəsidir. Məsələn, Arəstə xanımın (Arəstə Baxışova – İkinci Qarabağ müharibəsi şəhidi) oğlu həmişə anasının papağı ilə yatırmış. Bir şəhid anası deyir ki, “oğlumla danışıram”. Soruşublar, “necə danışırsan, necə duyursan?” Deyib, “onun darağının üstündə üç teli qalıb, onu qoxulayıram, elə bilirəm, oğlum yanımdadır”. Bu cür detalların üzərində işləyərək yaxşı işlər ərsəyə gətirmək olar.
– Yaradıcı dostlarınızdan müharibədə birbaşa iştirak edənlər var idi. Bu barədə söhbət düşəndə nə danışırlar?
– Bu sual bir məqamı yadıma saldı. Müharibə gedə-gedə belə bir plan qurduq ki, saytda gənc yazıçılarla müsahibə edək. Müsahibə sualları arasında “Müharibəyə münasibətiniz necədir?” sualı da var idi. Çoxu münasibətinin mənfi olduğunu dedi, müharibəni pislədi. Mən başa düşürəm, müharibədə itirdiklərimiz, ağrı-acılarımız olur. Amma bu müharibə artıq başlayıb axı. Buna görə, məncə, gənc yazıçı belə düşünməməli idi, əksinə mübariz olmalı idi. Həm də düşünürəm ki, yaradıcılıq üçün bu, çox yaxşı motivasiyadır. Dostoyevski deyirdi, “müharibə olmasa idi, yaradıclıq olmazdı”.
Ədəbiyyat adamları bir qədər həssas olur. Ümumilikdə, müharibə iştirakçıları ilə söhbətlərimdə məlum olur ki, bizimkilər çox mübariz olublar. Daim hücum mövqeyində dayanıblar. Müharibə çox çətindir, qorxuludur. İnsan və ölüm faktoru var. Müharibədən gələnlər arasında psixoloji sarsıntı keçirənlər var. Yaxşı olardı ki, onlarla fərdi və ya qrup şəklində psixoloji seminarları daha çox keçirsinlər.
– Bəlkə də onların da nələrisə danışmağa ehtiyacları var.
– Bəli, əlbəttə. Bugünlərdə bir qazi “Facebook”da status yazmışdı ki, “hara gedim, kimlə görüşüm ki, içimdəkiləri deyim”. Yazdım ki, “görüşə, söhbətləşə bilərik”.
– Görüş təklifinizi qəbul etdi?
– Bəli, elə bu gün axşam görüşəcəyik.
– Yazmaqdan danışdıq. Yeri gəlmişkən, yazmaq üçün vaxt, məkan, mühit standartlarınız varmı?
– Məncə, yazmaq iki hissəyə bölünür: Birincisi, müşahidədir. Müşahidə etmək üçün də evdən çölə çıxmalısan, gəzməlisən. Dünyanı gəzə bilmirsən, heç olmasa Azərbaycanı gəz. Müxtəlif mühitlərdə olmalısan ki, insanları tanıyasan. Sonrakı mərhələ isə yazmaqdır. Bu zaman isə inzivaya çəkilməlisən. Yazarkən yaşamaq lazımdır. Yalnız bu zaman səhvlərini görürsən. İstədiyin nəticəni almaq üçün bu, vacibdir.
– Bir çox yazıçı hesab edir ki, yazmaq üçün ilham gələcəyini gözləmək yanlışdır. Yazıçı sadəcə günün müəyyən saatlarında masa arxasına keçməli və gündəlik vəsifəsini yerinə yetirirmiş kimi yazmağa başlamalıdır. Bu barədə sizin düşüncələriniz necədir?
– Düzdür, belə nümunələr çoxdur. Yazıçılar var ki, gününü hissələrə bölür və müəyən zamanı yazmağa həsr edir. Roman yazmağa başladığımda yəqin ki, belə olacaq. Çünki davamlılığı qorumalısan. Viktor Hüqo məşhurluğunun zirvəsini yaşadığı günlərdə görür, ona mane olurlar, qapısını bağlayır ki, guya evdə yoxdur. Hətta saç qayçısını da pəncərədən atıb ki, saç-saqqalını düzəltməyə vaxtı getməsin. Belə də etmək olar (gülür – A.N.)
– Bəs sizdə vəziyyət necədir, adətən, hansı hallarda yazırsınız?
– Sakitliyi gözləyirəm. Bəzən işdə sakitlik olur, orada yazıram. Evdə uşaqlar yatanda yazıram. Qalan vaxtlarda da sadəcə oxuyuram. Oxumaq ona görə önəmlidir ki, təkrar etməyəsən. Çox oxuyanda bilirsən ki, hansı mövzulardan yazılmayıb. Yerin altından da, kosmosdan da yazsan, ən maraqlı faktor insandır. Maraqlı olaylar insanın ətrafında baş verir, insanın qəribə xüsusiyyətlərindən ortaya çıxır. Buna görə mənə elə gəlir, yazıçı üçün əsas insanı tanımaqdır.
– Yazmaq üçün xüsusi bir motivasiyanız var, yoxsa bu saydıqlarnız yazmağa bəs edir?
– Mən adətən özümü gücsüz hiss etdiyim dönəmlərdən sonra yazıram. Sanki o quyunun dibinə ki düşüb çıxıram, bundan sonra özümü daha güclü hiss edirəm. Fərqi yoxdur, harada, necə, nə cür – əsas odur, sanballı əsər ərəsəyə gətirəsən. Bəzən olur ki, oxuyursan, görürsən, əsər ortalara qədər yaxşıdır, lakin bundan sonra sanki yazıçının həvəsi olmayıb, tez-tez yazıb, tamamlamağa çalışıb. Amma gərək o sanbalı sonacan qoruyasan.
– Deyirlər, yazmaq üçün fantaziya, obraz yaratma bacarığı, siz dediyiniz kimi müşahidə qabiliyyəti lazımdır. Siz nələri əlavə edərdiniz ki, yazmaq üçün bunlar da olmalıdır?
– Qəribə və təsirləndiyim insan həyatı. Fevral ayı idi. Hamı paltoda, papaqda… Əynində nazik, kəsik-kəsik bir pencək, əllərində cırıq-cırıq əlcəklər olan bir “bomj” avtobus dayanacağında aşağı əyilib avtobusun tüstü borusundan çıxan istiyə əllərini isidirdi. Bir neçə gün bunun təsirindən çıxa bilmədim, qeydlər götürüb hekayə yazdım. Sonra onun özü ilə də danışdım. Bir dəfə əsəbiləşmişdi. Soruşdum, “niyə əsəbiləşmisən?” Dedi, ona bir jurnalist yaxınlaşıb, deyib ki, “sənin haqqında yazmaq istəyirəm”. “Mən də razılaşdım, amma bir şərtlə ki, adımı “bomj” yazmasın. Amma ora məni “bomj” kimi yazıb”, – dedi. Ağlaya-ağlaya soruşdu ki, məgər mən “bomj”am? Qəribədir, adam özünü kənardan görmür, vəziyyətini qəbullana bilmir. Bəlkə də bir ümidi var ki, həyatı gələcəkdə yaxşı olacaq.
Bir dəfə birisi ona süni şam ağacı (yolka) hədiyyə etmişdi. Mən elə başa düşdüm ki, həmin adam evinə yeni şam ağacı alıb, köhnəni də buna hədiyyə edib. Amma bu, bir ədəbsizlikdir. Çünki “bomj”un evi yoxdur, şam ağacını o, hara qoyacaq ki? Bir dəfə də kimsə ona pizza vermişdi, amma o da dükanda tanıdığı bir adama verdi. Adam soruşdu ki, “niyə özün yemirsən, bizə verirsən?” O da “mən belə şeylər yeyə bilmirəm, mədəm göynəyir”, – dedi. Buna görə ən yaxşısı “bomj”a pul verməkdir. Özü nə isətəsə, alsın.
İş yerimdə quşların binaya dəyib yerə düşdüklərini müşahidə etmişdim. Araşdırdım, məlum oldu ki, bəzi quş növləri var, özlərini divara çırpıb intihar edir. Amma çox hallarda göydələnlərə çırpılan quşlar elə bilirlər, təbiət davam edir. Çırpılırlar, boyunları sınır, dimdikləri qanayır. Elə “Sonuncu uçuş” adı da bundandır.
– Dediniz, “bomj” öz vəziyyətini inkar edir. Bu cür insanlarla, fərqli talelərlə çox qarşılaşırsınız. Heç belə bir qorxunuz varmı ki, həyatınızın müəyyən bir nöqtəsində iplər əlinizdən çıxar, başqa bir həyata sürüklənərsiniz?
– Məncə, elə bir şey olsa, həmin məqamı yaşayaram. Yazıçılardan biri mənə danışmışdı. Bir xanım haqqında yazmaq istəyib. Yazıya başladığı ərəfədə xanımla tanış olub. Onunla görüşüb, danışıb, vurulub. Bundan sonra yazıb. Yazıçı bir az dəlisov olmalıdır. Demirəm, sırf material üçün fərqli həyata sürüklənəsən, amma əlinə düşən fürsətdən faydalanmaq lazımdır.
– Yəni yaradıcılıq üçün düşdüyünüz vəziyyətdən istifadə edərsiniz?
– Əlbəttə, faydalanaram. Yeri gəlmişkən, əsas yazmaq deyil, nə üçün yazmaqdır. Lev Tolstoyun yoldaşı bir dəfə ona yalvarır ki, “borclarımız yığılıb, o boyda saray, bu qədər uşağımız var, sən də qraf ailəsindənsən, yeni bir əsər yaz”. Tolstoy yazmır, amma bir gün “Anna Karenina”nı yazmağa başlayır. Sən demə, Tolstoy kitabdan əldə etdiyi gəlirlə 4 dostunu xilas etmək istəyib. Onları öldürməsinlər deyə başqa ölkəyə getmələri üçün pul yığırmış.
Viktor Hüqo “Paris Notr-Dam” kilsəsi əsərini həmin dövrdə kilsənin dəyərini insanlara çatdırmaq üçün yazıb. Həmin dövrdə kilsəyə laqeyd münasibət sərgilənib. Hüqo da bu incəsənət nümunəsi məhv edilməsin deyə belə bir əsər yazıb. Buna görə hətta bir qədər fantastik yanaşma da var. Məhz bu əsərdən sonra kilsənin qorunması üçün ciddi addımlar atılıb.
– Sosial media paylaşımlarınıza fikir vermişəm, mənə elə gəlir, Lev Tolstoy ən sevdiyiniz yazıçılardadır. Yanılmıram ki?
– Bəli. Məncə, onu sevməmək mümkün deyil. Onun bioqrafiyasını araşdıran tənqidçilərdən biri deyib ki, onunla kim 10 dəqiqə danışırdısa, təsirinə düşürdü.
– Bir yazıçı başqa bir yazıçını niyə bəyənir, alqışlayır: bəhrələndiyi üçün, yoxsa başqa səbəblər var?
– Sevdiyin, bəyəndiyin yazıçının fikirləri ilə tam razılaşmaq da düzgün olmaz. Məsələn, Stefan Zveyq Lev Tolstoy haqqında danışarkən deyib ki, “müharibələrə qarşı olsa da, evindən tüfəng asılmışdı”. Deyirlər, Lev Tolstoy uşaqlarının başına heç vaxt sığal çəkməzdi. Bu qədər kobudluq nəyə lazımdır? Buna görə görürsən, xırda məqamlar olur ki, razılaşmırsan, amma ümumi götürəndə əsərləri o qədər dərin, sanballıdır ki, onlardan təsirlənməmək mümkün deyil. Biri var ki, sən öləndən sonra davamçıların olsun, biri də var, sən yaşaya-yaşaya davamçıların ola. Görünür, o, sağlığında insanlara çox ciddi təsir etməyi bacarıb ki, yaşadığı dövrdə “Tolstoyçular cəmiyyəti” olub.
– Yəni Nemət Mətin bir yazıçını sevirsə, alqışlayırsa, buna səbəb nə olur?
– Məsələn, Lev Tolstoyun böyük əsərlərindən çox kiçik əsərləri xoşuma gəlir. Bir məclisdə özündən soruşublar ki, “Anna Karenina”nı siz yazmısınız? Cavab verib ki, “hə də, mən yazmışam”. Bəlkə də özü ən zəif əsəri hesab edirdi. “İvan İliçin ölümü” adlı kiçik bir əsəri var, oxuyanda düşünürsən ki, bu mövzuda o cür psixoloji hazırlıqlı olmaq və belə ifadə etmək, həqiqətən böyüklükdür.
– Bugünkü gedişatı necə qiymətləndirirsiniz, 40-50 il sonra ədəbiyyatımıza geri dönüb baxanda tənqid etməyə, tədqiq etməyə nümunələrimiz, şəxsiyyətlərimiz olacaqmı?
– Bu barədə “Tənəzzül” adlı məqaləmdə yazmışam. Təəssüf ki, heç bir inkişaf yoxdur. Baxıram, Gürcüstanın gənc-gənc yazıçıları bizim dilə tərcümə edilir. Amma bizim yazıçılarımızın əsərləri xaricdə çox az sayda çap olunur. O da daha çox yaşlı nəslin nümayəndələridir. Lakin güclü-zəif fərqi qoyulmadan hamısının əsərləri çap edilməldir, oxucu özü qərar verməlidir, kim güclüdür, kim zəif. Bizdə hazırkı mühit motivasiyaedici deyil. Düzdür, ədəbiyyatdan pul ummaq da düz deyil. Amma yenə də motivasiya olmalıdır. Ailə saxlayırsan, evə çörək aparmalısan.
– Yazıçı deyəndə elə çox vaxt gözümüz önündə nimdaş geyimli birisi canlanır. Axı niyə belə olmalıdır? Yaradıcı adam ruhunu, enerjisini, bütün qüvvəsini bu işə həsr edir. Əslində ən çox qazananlardan biri olmalı deyilmi?
– Düzdür, amma bu, onun günahı deyil. Bunun üçün bir sistem olmalıdır. Yazıçı yazmalı, nəşriyyat materialı götürməli, qonorarını verməlidir. Yazıçı yaradıcı proseslə məşğul olmalıdır. Yazıçı düşünməməlidir ki, gedim bu dükanla danışım, beş manat qazanım. Yəni ümumi sistemdə problem var.
– Yazanın çoxluğundan, oxuyanın azlığından şikayətlənən bir cəmiyyətdə yaşayırıq. Söhbət azadlığa söykənən yaradıcılıqdan gedirsə, bu halda çoxluqdan şikayətlənməyə haqqımız varmı ki, hamı yazar olub, hamı yazır?
– Martin Paj Daria adında gənc bir yazıçının bu cür sualla məktub yazdığından bəhs edən bir əsər var. Həmin əsəri oxuduqdan sonra çox təsirlənmişdim. Orada gənc yazıçı Martin Paja sual verib ki, “Bu qədər yazan var, bəs mənə də deyirlər ki, sən niyə yazırsan? Doğrudanmı bu qədər çox yazan var, hamı yazır?” Martin Paj da cavab verib ki, “əksinə yazan azdır, hamı yazmalıdır ki, onların arasında seçim edə biləsən”.
Belə bir fikir də var ki, bizdə ancaq yazıçı yazıçını oxuyur, oxucu yoxdur. Razılaşmıram, yazıçı da oxucudur. Düzdür, indi o qədər yazıçı var ki, çox populyardır, amma kütlənin əksəriyyəti bəyənmir. Hər bir halda əsas odur ki, dayanmayasan, ruhdan düşməyəsən, yazasan. Adam tanıyıram ki, yazdıqlarını yayımlamır, saxlayır. Bəlkə haçansa yayımlayacaq. Yaxşı fikirdir, bəzi şeyləri arxivdə saxlamaq da lazımdır.
– Bəs sizin “haçansa lazım” olar deyib saxladıqlarınız varmı?
– Çoxdur. Bir hissəsini yazsam da, beynimdə qoruyub saxladıqlarım da var. Düşünürəm ki, indi cəmiyyət onları qəbul etməz. Hələ onlara hazır deyil.
– Sərt reaksiyadan qorxub saxlayırsınız?
– Yox, qorxmaq deyil. Sadəcə onu yazıb yaymağa hələ tam hazır deyiləm.
– Statuslarınızdan birində yazmışdınız ki, “insan yaşayırsa, fikirlərinin dəyişməyi normal haldır”. Bu fikrinizi çox bəyənmişdim. Axı, biz adətən görürük ki, kimsə bir müddətdən sonra fikrini dəyişirsə, onu qınayırlar…
– Hə, “kişinin sözü bir olar” deyirlər. Amma insan yaşayırsa, inkişaf edir, fikirlərinin dəyişməsi normal haldır. Buna görə də kitab vasitəçidir. Kitab oxuyasan ki, biləsən, məsələn, Fransada bir kəndçi necə düşünür…
– Sosial mediadan müşahidə etdiyim qədəri ilə kitabınızın satışı ilə bağlı elə də böyük iddianız yoxdur. Sata bilirsinizmi?
– Əslində, bəli, satılır. Təbii ki, 10 milyon insan üçün 300 kitab azdır. Amma Azərbaycanda 500 kitab çıxardanda adamlar sevinir. Mən sevinə bilmirəm. Min, beş min də kitab çıxarsan, azdır. Kiməsə məcbur kitab verməklə deyil. Özü araşdırmasa, onsuz da məcbur da versən, oxumayacaq. Kitablarımı oxumaq istəyən yaxın dostlarıma verirəm. İnsanları oxumağa məcbur etməyi sevmirəm.
– O zaman qazanc mənbəyi kimi baxmırsınız?
– Onsuz da qazanc mənbəyi yoxdur. Hamı ikinci işdə işləyir. Sual versələr ki, nə işləyirsən? Desən ki, yazı yazıram, güləcəklər. Amma başqa ölkədə bunu desən, deyəcəklər ciddi işlə məşğulsan.
– Söhbətimizin əvvəlindən belə anlaşıldı ki, bir təsadüf nəticəsində yazmağa başlamısınız. Ədəbiyyatımızda hansısa çatmaq istədiyiniz bəlli bir hədəf varmı, yoxsa “yola çıxmışıq, yolda yaşananlar göstərəcək” prinsipini əsas tutursunuz?
– İstəyirəm ki, sanballı bir roman yazım. Belə bir fikir var ki, doğulandan hər kəsdə şöhrətpərəstlik hissi olur. Əslində, nə qədər gizlətməyə çalışsaq da, həqiqət belədir. Buna görə mən də roman yazıb tanınmaq istəyirəm. Amma təkcə tanınmaq üçün yox, həqiqətən, sanballı bir əsər yazmaq üçün bu yola çıxmaq istəyirəm. Bu da uzun bir yoldur.
– Beyninizdə müəyən bir mövzu varmı ki, ondan yazmaq, o cür tanınmaq istəyirsiniz?
– Yox, müəyyənləşdirməmişəm. Bəzən bir hekayə genişlənib romana çevrilə bilir. Əslində, hekayə yazmaq romandan çətindir. Qısa mətndə fikrini çatdırmalısan. Roman o demək deyil ki, boş-boş cümlələr yazasan. Lev Tolstoyda da sevdiyim budur, boş bir cümlə tapa bilmirsən. Məsələn, bir əsəri belə başlayır ki, yolun ortasında ot bitmişdi. “Yağış, qar yağsa da, üstündən fayton keçsə də, palçıq olsa da, o çıxırdı, onun ümidi var idi”. Görürsünüz, necə gözəl başlanğıcıdır… Əslində, bu istiqamətdə çox danışmaq olar. Amma əsas sübut üçün gərək ortaya material qoyasan.
– O zaman materiallarınız bol olsun. Suallarım çox olsa da, növbəti müsahibələrdə yenidən həmsöhbət olmaq diləyi ilə istəyirəm, müsahibəmizi bu yerdə yekunlaşdıraq. Amma növbəti müsahibə üçün ilk fikri bügünkü müsahibəmizdə son fikir olaraq sizin deməyinizi istəyirəm.
– Bunu reklam üçün demirəm. Müsahibəmizi gənc yazıçılar da oxuyacaqlar. Onlara da bir motivasiya olar. Bu yaxınlarda “Sonuncu uçuş” kitabı türkcə çıxacaq. Amerikada tərcümə işləri bitib, dəqiq vaxtı bilməsəm də, çapa gedəcək. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün əski əlifbaya da çevrilir. Düzdür, birinci kitab da əski əlifbaya çevrilmişdi, sadəcə senzuradan keçməmişdi. Orada bir az hər mövzudan var idi, məqalə janrında çox sərt danışmışdım. Burada hekayədir. Bu kitab, məncə, senzuradan keçəcək. Ən azından üç ölkədə varsa, deməli, ümid var. Deməyim odur ki, gənc yazıçılar həmişə – pul oldu-olmadı həvəslə yazsınlar. Ümiddən düşməsinlər. Nə vaxtsa bir qapı açılır. Bir də görürsən, anidən xarici ölkədən zəng gəlir ki, sizin kitabınızı tərcümə etmək, çıxarmaq istəyirik. Bu zaman sən də deməyəsən ki, “heç nə yazmamışam axı, nə verim?” Buna görə yazmaq lazımdır ki, daim material olsun, sən də gözlə. Gözləməkdən asan nə var ki?!
– Xoş ünsiyyət, maraqlı söhbət üçün təşəkkür edirəm. Yaradıcılığınızda uğurlar diləyirəm!
– Mən də təşəkkür edirəm, uğurlar arzulayıram!
Aləmdə NƏSİB
araz.az xəbər portalı.