Blokun genişlənməsi Rusiya büdcəsinə müəyyən qədər ziyan vursa da, Kremlin hərbi-siyasi maraqlarına cavab verir. Rusiya hazırda Özbəkistanın yenidən KTMT-yə daxil edilməsi üçün çox çalışır, amma bunun nəticə verəcəyi real görünmür. Çünki rəsmi Daşkənd son illərdə hərbi sahədə Türkiyə və Pakistanla əməkdaşlığa üstünlük verir. Özbəkistan hazırda Ermənistan ordusunun Azərbaycan tərəfindən darmadağın edilməsi fonunda KTMT-nin hərbi blok kimi əhəmiyyətsiz olduğunu da yaxşı anlayır. Başqa sözlə desək, Rusiyanın KTMT-ni genişləndirmək səyləri nəticə vermir. Vətən Müharibəsinin nəticələri isə həm KTMT sıralarında seyrəlməyə, həm də NATO-nun Azərbaycana marağının daha da artmasına gətirib çıxara bilər. İddianın birinci hissəsini izah etmək üçün 6 il əvvələ qayıtmalıyıq.
Ermənistan 2015-ci ilin dekabrında Rusiya ilə “Hava Hücumundan Vahid Müdafiə Sistemi”nin yaradılması haqqında saziş imzalamaqla özünün işğal siyasətini zəmanət altına aldığını düşünürdü. İrəvan bu razılaşma çərçivəsində Rusiya ilə hava hücumundan müdafiə və hava məkanına nəzarət sistemlərinin vahid idarəetmə altında fəaliyyətini və real vaxt rejimində məlumat mübadiləsi aparılmasını nəzərdə tuturdu. KTMT-nin Qafqaz bölgəsində vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişin bir hissəsi olaraq, Rusiya Ermənistanı müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərilə təchiz etməyi də öhdəsinə götürmüşdü. Ermənistanın hava hücumundan müdafiə sistemini gücləndirməli olan əlavə zenit-raket qurğularının İrəvana pulsuz ötürülməsi də təmin edilirdi. Amma sadalananların heç biri Ermənistanı başına endiriləcək “Dəmir Yumruq”dan xilas etmədi.
Baş verən hadisələrin fonunda KTMT üzvü olan bəzi ölkələrin, əsasən Orta Asiya ölkələrinin və Ermənistanın bu təşkilatda üzvlüklərini davam etdirmələri üçün heç bir tutarlı əsasları qalmır. Özbəkistanın atdığı addımlar və KTMT-yə təkrar qoşulmaq təklifinə rədd cavabı verməsi də iddiamızı qismən tamamlayır.
İddianın “NATO-nun Azərbaycana marağı daha da arta bilər” hissəsini izah etmək üçün isə cəmi 1 il əvvələ qayıtmalıyıq. 44 günlük döyüş əməliyyatlarının ilk günlərindən Ermənistan ordusunun Qarabağ ərazisində yerləşdirilən və Qarabağa yaxınlaşmağa cəhd edən bütün HHM sistemləri, o cümlədən, “S-300” hava hücumundan müdafiə komplekslərinin Xankəndidən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun intensiv atəş zərbələri altına düşdü. Azərbaycan Silahlı Qüvvələrinin kamikadze və zərbə PUA-ları əməliyyatların ilk həftəsi ərazində Ermənistanın HHM sistemini darmadağın etdilər. “S-300” kompleksinin atıcı qurğusuna və digər müasir sistemlərə endirilən “Harop” zərbələri mütəxəssislər tərəfindən Ermənistanın HHM sistemi üçün “Sonun başlanğıcı” kimi dəyərləndirildi. Hər gün düşmənə məxsus həm HHM, həm də REM vasitələrinin kütləvi şəkildə zərərsizləşdirilməsi Azərbaycanın Həqbi Hava Qüvvələrinə və Dövlət Sərhəd Xidmətinə məxsus pilotlu/pilotsuz vasitələrinin havada mütləq üstünlük əldə etməsi ilə nəticələndi.
NATO-nun formal olaraq KTMT, faktik olaraq Rusiya tərəfindən yaradılan “Vahid Hava Hücumundan Müdafiə Sistemi”ni yarmaq üçün 20 il baş sındırdığı bir problemin həllini Azərbaycan Ordusu 44 günlük Müharibədəki praktiki fəaliyyətləri ilə nümayiş etdirdi. Buna aid çoxlu vizual görüntülər də mövcuddur.
KTMT blokunun HHM sisteminin zəif nöqtələrini tapmaq üçün NATO-nun hər il külli miqdarda vəsait xərclədiyi kimsəyə sirr deyil. KTMT-nin HHM sistemini yarmaq isə NATO-nun daimi prioritet vəzifəsidir. Azərbaycanın pilotlu və pilotsuz aviasiyanı qarşılıqlı əlaqədə tətbiq etməklə KTMT-nin “Vahid Hava Hücumundan Müdafiə Sistemi”ni Vətən Müharibəsinin ilk həftəsi ərzində darmadağın etməsi Qərb mütəxəssisləri üçün hələ də müəmma olaraq qalır. Odur ki, hazırda NATO Azərbaycan təcrübəsini öyrənmək imkanı əldə etməyə çalışır. Blok Azərbaycan tərəfinin digər sahələrdəki döyüş təcrübəsi ilə də yaxından maraqlanır. Alyansın ali hərbi nümayəndələrinin oktyabrın 4-dən 8-nə qədər Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2021” komanda-qərargah təlimlərini onlayn formatda izləmələri də NATO-nun regiona, xüsusilə də KTMT-yə “ustad dərsi” verən Azərbaycana marağının artması ilə izah olunur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.