Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Üç saat davam edən toplantıdan sonra dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib. O, Suriya ərazisindən Türkiyə torpaqlarının atəşə tutulması faktını şərh edərək, son hadisələrin səbr kasasını daşırdığını bəyan edib. Ərdoğan Suriyadakı terrorçulara münasibətdə daha dözümün qalmadığını və lazımi addımların atılacağını bildirib. Prezident Ərdoğanın açıqlaması Türkiyənin Suriyada növbəti antiterror əməliyyatları həyata keçirməyə hazırlaşdığı qənaətini yaradır.
Qeyd edək ki, son vaxtlar Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan bölgələr Rusiya və Bəşər Əsəd ordusu tərəfindən tez-tez atəşə tutulub. Eyni zamanda, Suriyanın şimalındakı bir sıra ərazilərdə PYD terror təşkilatı ilə Suriya milli Ordusu arasında döyüşlər baş verib. Sentyabrın 29-da Rusiya və Türkiyə prezidentləri Soçidə Suriyanın İdlib vilayətində və ölkənin şimaldakı vəziyyəti müzakirə edib. Oktyabrın 8-də isə ABŞ Prezidenti Cozef Bayden Suriyaya hərbi müdaxiləni əsas gətirərək Türkiyəyə tətbiq olunmuş sanksiyaların müddətini bir il uzadıb. Bütün bu hadisələr fonunda Türkiyə ordusunun Suriyada növbəti dəfə hərbi əməliyyatlar keçirməsi bölgədə yeni gərginliyin baş verəcəyini proqnozlaşdırmağa əsas verir.
araz.az xəbər verir ki, bu barədə Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ərdoğanın açıqlaması PKK terror təşkilatının Suriyada PKK/YPG terror təşkilatının fəallaşması ilə bağlıdır. Bu səbəbdən, Türkiyə tərəfindən Suriyanın şimalında növbəti antiterror əməliyyatının həyata keçirilməsi labüdləşir:
“Artıq Türkiyənin əraziləri PKK terrorçuları tərəfindən tez-tez atəşə tutulur. Nəticədə, türk hərbçiləri yaralanır. İdliblə bağlı problemlər qalmaqdadır. Rusiya və Türkiyə prezidentləri Soçi görüşündə müəyyən uzlaşma nöqtəsinə gəliblər. Əsas hədəf YPG-yə qarşı mübarizədə Rusiyanın dəstəyini almaq olub. Co Baydenin Türkiyəyə qarşı sanksiyaları uzatması ABŞ-ın rəsmi Ankara tərəfindən YPG-yə qarşı hərbi əməliyyatları başlamasından narahat olduğunu göstərir. Bayden administrasiyası Rusiya və Türkiyə arasında ortaq anlaşmada maraqlıdır. Lakin ABŞ-ın bütün səylərinə baxmayaraq, Türkiyə öz suverenliyi və təhlükəsizliyinin təmini üçün YPG terror təşkilatına qarşı hərbi əməliyyatlar keçirəcək. Bununla da Türkiyə cənub sərhədləri boyunca böyük təhlükəsizlik zolağı formalaşdıracaq.
YPG-nin və PYD-nin Suriyanın şimalında kürd muxtariyyətinin yaradılmasına razı ola bilməz. Əks təqdirdə, bu, gələcəkdə Türkiyəyə qarşı terror dəhlizinin qurulmasına səbəb olacaq. Türkiyə Prezidentinin keçirdiyi müşavirə də bu əməliyyatlara hazırlıqdan xəbər verir. Türkiyə silahlı qüvvələrinin PKK-ya növbəti genişmiqyaslı zərbə vurması ABŞ-la münasibətləri zədələyəcək. ABŞ artıq Türkiyə iqtisadiyyatını hədəfə alıb. Lakin Türkiyə Rusiyanın razılığı ilə YPG-yə qarşı hərbi əməliyyatlara başlayacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.