Sulh8

“Bu gün axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin növbəti terror aktı nəticəsində hərbi qulluqçumuz əsgər Həmzəyev Əfqan Bəhram oğlunun snayperlə şəhid edilməsi xəbəri hamımızı üzdü. Allahdan şəhidimizə rəhmət, ailəsinə isə baş sağlığı diləyirik. Baş verən hadisə tərəfimizdən İrəvana və Ermənistanın dəstəklədiyi terrorçulara qarşı qəti addımları zərurətə çevirir”.

araz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bölgədə sülh və əməkdaşlıq naminə təşəbbüslərin gündəmə gəldiyi və Minskdə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda törədilmiş bu terror aktı bir daha sübut edir ki, kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi, Ermənistan yekun sülhə də “Dəmir yumruq” ilə məcbur edilməlidir: “İlkin olaraq Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı dəstələrin bir an öncə tərkisilah edilməsi və hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zərurətdir. Bu məqsədlə antiterror əməliyyatının keçirilməsi, xalqların birgəyaşayış perspektivini, bölgədə sülh və sabitliyi təhdid edən bu silahlıların tutulması, yaxud, yerindəcə məhv edilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Eyni zamanda, Laçın dəhlizi vasitəsi ilə heç bir Ermənistan vətəndaşı sülh müqaviləsi imzalanana qədər Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmamalıdır. Rusiya sülhməramlıları isə anlamalıdır ki, müvəqqəti olaraq Azərbaycan ərazisində olmalarının məqsədi bu kimi insidentlərin qarşısının alınmasıdır və yaşanan hər bir faciəyə görə onlar da məsuliyyət daşıyır”.

 

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.