1634369568 ayaz mtellibov 7

 
“Cəmi 1 ay sonra vertolyot qəzasında şəhid olmuş Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov və  digərləri də bu məsələdə birmənalı olaraq xalqın və mənim yanımda idilər…”
“30 il öncə -1991-ci il oktyabrın 18-i, yəni Azərbaycan parlamentində  Dövlət Müstəqilliyinin Bərpası haqda Konstitusiya Aktının qəbulu ərəfəsində  ölkə daxilində bu təşəbbüsümüzə qarşı heç bir ciddi narazılıq olmadı. Çünki Azərbaycanın azadlıq və müstəqilliyinə nail olmaq  xalqımızın çoxdankı arzusu idi. Və bunu artıq həyata keçirmək  o vaxtkı rəhbərlik olaraq bizim tərəfimizdən qəti və tamamilə  düşünülmüş addım oldu. Düzdü, çox az sayda ayrı-ayrı şəxslər məsələyə başqa mövqedən baxırdı.  Azərbaycanın bizim bu təşəbbüsümüzü, eləcə də  müstəlliyinin bərpası haqda sənədi dəstəkləməyənlər də oldu. Halbuki, cəmi bir neçə il sonra belələri dövlət müstəqilliyinin bərpasının siyasi və maddi bəhrələrinə sahib oldular. Yəni vəzifələrə, rütbələrə və s. yiyələndilər…” 
araz.az   Moderator.az-a  istinadən bildirir ki, bu fikirləri açıqlamasında Azərbaycanın ilk Prezidenti  Ayaz Mütəllibov ifadə edib.
“1991-ci ilin 30 avqustunda olduğu kimi,  mən SSRİ-nin hələ dağılmadığı, Qarabağda  hərbi qarşıdurmanın alovlandığı mürəkkəb bir dövrdə dövlət başçısı olaraq Ali Sovetin rəhbəri mərhum Elmira Qafarovaya göstəriş verməyə məcbur oldum ki, parlamenti toplayaraq Azərbaycanın Müstəqilliyinin Bərpası haqda Konstitusiya Aktının səsverməyə qoyulmasını təmin etsin. Və deputatların böyük əksəriyyəti buna səs verdi. Müstəqilliyimiizin bərpasına az sayda səs verməyənlər isə yəqin ki, sonradan peşman olublar… Amma bütövlükdə məsələ heç bir eksses, gərginlik olmadan həllini tapdı. Mən şəxsən hansısa ciddi bir etiraz hiss etmədim. Çünki dediyim kimi, nəinki siyasi dairələrdə, bütövlükdə Azərbaycan xalqında  müstəqilliyin bərpa olunması istiqamətində fikir, ideya birliyi, böyük ruh yüksəkliyi vardı.  Dövlət rəhbərliyindəki məmurların əksəriyyəti, o cümlədən cəmi 1 ay sonra vertolyot qəzasında şəhid olmuş Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov və  digərləri də bu məsələdə birmənalı olaraq xalqın və mənim yanımda idilər.  Və bu günədək xalqımız  həmin  mürəkkəb dövrdə bəzən öz həyatları bahasına müstəqilliyimizin bərpasına yol açmış siyasətçilərə böyük hörmətlə yanaşır. Həyat göstərdi ki, biz o dövrdə haqlı olmuşuq və doğru addım atmışıq. Və əksəriyyət buna  şübhə etmirdi və indi də etmir” – deyə açıqlamasının davamında sabiq dövlət başçısı vurğulayıb.
araz.az xəbər portalı.

araz.az xəbər portalı.