WhatsApp Image 2021 10 19 at 00.14.57

Azərbaycanın məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi üçün, ölkə Prezidenti İlham Əliyev cənabları da, 03.04.2019-cu il tarixli Fərman imzaladı. Həmin Fərmana uyğun olaraq, məhkəmə-hüquq sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir. Sözsüz ki, məhkəmə-hüquq sistemində aparılan islahatların əsas məqsədi, həm dövlət idarəetmə sisteminin üç hakimiyyət (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) qolundan biri olan məhkəmə hakimiyyətinin gücləndirilməsini, həm də cəmiyyətin məhkəmə-hüquq sisteminə inamının artırılmasını özündə ehtiva edir. Mən də, hələ 2018-ci ildə, məhkəmə-hüquq sistemində vacib sayılan sahələr üzrə layihələr və təkliflərlə Milli Məclisə müraciət etmişəm. Təklif etdiyim həmin dəyişikliklər barəsində, bu linkdən məlumat ala bilərsiniz: ( http://siam.az/siyaset/57369-vuqar-dadaov-mhkm-sistemind-islahatlar-davam-etmlidir.html).

Etdiyim həmin təkliflərə baxdıqda, aydın görünür ki, bu gün islahat adıyla aparılanların bir çoxu bu təkliflərimlə həmahənglik təşkil etmir. Məhz bu səbəbdəndir ki, bu sahədə görülən işlər, əsaslı olaraq, müəyyən narahatçılıq yaradır.
Bildiyimiz kimi, 29 mart 2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 12 fevral 2020-ci tarixdə Mediasiya Şurası yaradıldı. Əsas vəzifəsi və hədəfi isə, mübahisələrin məhkəmədən kənar həlli və məhkəmələrin iş yükünün azaldılması kimi müəyyən edildi.

Ardınca, 16 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi. Bu dəyişikliklərə əsasən, məhkəmə, “əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar surətdə maneçilik törədən” tərəfi, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə biləcəkdi.

25 iyun 2021-ci il tarixli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən isə, məhkəmələrə müraciət etmək üçün tələb olunan dövlət rüsumu xeyli miqdarda artırıldı. Məsələn, əvvəl qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə, dövlət rüsumu 10 manatdan 40 manata qədər idisə, indi də, 100 manat dövlət rüsumu müəyyən edildi. Bu yerdə, onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, təkcə yuxarıda göstərilən bu üç dəyişikliklər, birbaşa, bürokratiya yaratmaqla, məhkəmələrə əhalinin müraciətində maddi çətinlik yaratdı, eləcə də vəkil fəaliyyətini əhəmiyyətsiz və təsirsiz etdi.

Mediasiya İnstitutunun yaradılması ilə bağlı, onu da qeyd edim ki, bu Qanuna qədər, Azərbaycan Respublikası qanunvericiliyində hüquqi şəxslər, eləcə də fiziki şəxslərlə hüquqi şəxslər arasında mübahisələrin məhkəmə baxışının mümkünlüyü üçün, qarşı tərəfə “pretenziyanın” verilməsi kimi tələblər mövcud idi. Həmin tələbə əsasən, tərəflər aralarında yaranmış mübahisəni həll etmək üçün, qarşı tərəfə “pretenziya” ilə müraciət etməli və mübahisə öz aralarında həll edilmədikdə, yəni “pretenziya” rədd edildikdə, bu mübahisə məhkəmə predmeti kimi icraata qəbul edilə bilər. Bu yerdə, xüsusən onu da qeyd edim ki, Mediyasiya xidməti tərəfləri barışmağa məcbur edə bilməz və təklifləri də, tərəflər üçün məcburi yox, tövsiyə xarakterlidir. Mediyasiya xidməti ancaq mübahisənin tərəflər arasında həll olmadığını sübut edən sənədi verdikdən sonra, məhkəmə həmin mübahisə üzrə işi icraata qəbul etməlidir. Elə, buna görə də, ortada sual yaranır: “Heç bir təsir imkanlarına malik olmayan Mediyasiya xidmətinin “pretenziya” mərhələsindən əhəmiyyətli fəqri nədədir? Bu sualın cavabı olaraq, demək istəyirəm ki, bunun üçün əlavə xidmətin yaradılması yox, “pretenziya” mərhələsini təkmiləşdirmək daha effektiv olardi. Mediasiya xidməti mahiyyətcə əlavə bürokratiya yaradan və subyektin məhkəməyə müraciətini əngəlləyən bir vasitədir. Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, boşanmaların qarşısını almaq üçün, Mediyasiya xidmətindən daha əhəmiyyətli vasitələrin tətbiqi hədəflənən nəticəni verə bilərdi. Belə təkliflərin bəziləri haqqında layihəni, hələ, 2018-ci ildə Milli Məclisə təqdim etmişəm. Həmin təkliflər, mahiyyətcə ( Bu barədə, bu linkdən daha ətraflı məlumat ala bilərsiniz: https://snn-news-haber.blogspot.com/2019/08/snn-news-haber-qadnlar-niy-ax-bosanrlar.html), nigahın rəsmi bağlanması ilə, paralel “nigah müqaviləsi”nin məcburiliyi, 3 yaşına qədər azyaşlı uşaqları olan valideynlərin boşanmasının qadağan edilməsi, boşanmadan sonra uşağın kiminlə qalmasının müəyyən edilməsi zamanı valideynlərin təhsil səviyyəsi, yaşayış yerləri, işləri və gəlirləri, sağlamlıqları, məhkəmə tərəfindən valideynlərə barışmaq üçün verilən 3 ay müddətin daha çox uzadılması və alimentin təyin edilməsi Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumuna uyğun deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən edilməsi, əsas şərt olaraq tətbiq edilməsindən ibarətdi.

Vəkillərin onsuzda məhdud səlahiyyətlərinin daha da azaldılması (əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən” tərəfi, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimələnməsi) məhkəmə çəkişməsində vəkili təsirsiz və əhəmiyyətsiz hüquq müdafiəçisi etməklə iş üzrə ədalətli qərarın çıxarılmasına şübhələr yaradır. Bu tətbiq vəkili, müdafiəçini formal və mənasız iştirakçıya çevirir. Əvvəla qeyd edim ki, dünyanın heç bir hüquqi dövlətində hüquq müdafiəçiləri üçün belə bir absurd məhdudiyyət yoxdur. Azərbaycanda nümayəndəlik institutunun ləğvi, vəkillər ittifaqına alternativ qurumun olmaması bu qurumu hüquq yardım sahəsində monopolisti etməklə bu sahədə rəqabət və peşəkarlığın inkişafını yox dərəcəsinə endirir.

Məhkəmələrə müraciət etmək üçün tələb olunan dövlət rüsumunun xeyli miqdarda artırılması isə əhalinin məhkəmələrə müraciət etmək hüququndan istifadəsini çətinləşirir. Qeyd etdiyim kimi, qanunda son dəyişikliklərə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat miqdarında müəyyən edilmişdir. Ölkə üzrə tətbiq edilən dövlət rüsumları, cərimələr və sair ölkədə qüvvədə olan minimum əmək haqqına (250 manat), yaşayış minimuma (196 manat) uyğun mütənasibdə olmalıdır. Əmək haqqının yarısı miqdarında dövlət rüsumunun müəyyən edilməsi hansı məntiqə, elmə uyğundur?

Yazıda qeyd etdiyim ardıcıllığa fikir verəndə belə bir qənaətə gəlirsən ki, dövlətimizin Məhkəmə-hüquq sistemində apardığı islahatları qanun lahiyəsi hazırlayanlar və qanun qəbul edənlər “məhkəmlərin iş yükün azaldılmasını” kimi hərfi mənada anlayırlar. Məhkəmə- hüquq sisteminin fəaliyyətində keyfiyyət əmsalı kəmiyyət əmsalı ilə dəyişik salınır, məhkəmələrin iş yükün azaldılması o demək deyil ki, mümkün inzibati yollarla əhalinin məhkəmələrə müraciətlərinin qarşısı alınmalıdır. 250 manat əmək haqqı alan 100 manat dövlət rüsumu ödəyərək Məhkəməyə getməyəcək, vəkil cərimələnəcək deyə vəsatət verməyəcək-işlər araşdırılmadan tez yekunlaşacaq, ölkədə nümayəndəlik institutu ləğv edildiyindən və vəkillər ittifaqının alternativinin yoxluğundan bu təşkilat təsirsiz formal bir qurum kimi faktiki müşahidəçi halına salındığından hüquqi müstəvidə mübarizə aparmayacaq, mediasiya xidməti əlavə bürokratik maneə yaratdığından məhkəməyə müraciət etmə əngələnəcək-gecikdiriləcək və sözsüz ki, nəticədə məhkəmələrin iş yükü azalacaq-daha doğrusu baxılan işlərin sayı azalacaq, həll olunmamış məsələlər isə cəmiyyətdə qalacaq. Əgər ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların məqsədi məhkəmələrin iş yükünün azaldılması kimi anlaşılırsa, onda bu islahatlar Sahil Babayevin əhalinin sosial müdafiəsi sahəsində apardığı “islahatlar” kimidir.
Məhkəmələrə müraciətlərin məhdudlaşdırılması ilə yaranmış belə bir vəziyyət hansı göstəriciləri ilə islahat adlana bilər?

 

Vüqar DADAŞOV,
hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.