Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən “Fakt Araşdırıcı-N” MMC-nin direktoru Zeynal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
araz.az Pravda.az-a istinadən bildirir ki, hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli Qaynar xətt əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri əsasında cinayət işi başlanmışdı.
İbtidai istintaqla Zeynal Məmmədovun həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxsləri həmin Cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə olunmasının həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verərək pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Xatırladaq ki, Z.Məmmədov barəsində daha əvvəl də Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılmışdı.
Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdi.
Ona məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdi. Bu dəfə Z.Məmmədova həmin cəzanın yerdə qalan hissəsi ilə sonuncu cəzası qismən toplanaraq hökm elan olunub.
Qeyd edək ki, Zeynal Məmmədovun 72 yaşı var.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.