16347287903240444877 1000x669

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 21-22-də Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq.

araz.az-ın məlumatına görə  Konfrans Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.

Milli Xalça Muzeyindən bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılacaq. İkigünlük akademik sessiyada konfrans iştirakçıları “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər. Pandemiya şəraiti ilə əlaqədar bir sıra ölkələrdən olan mütəxəssislər konfransa onlayn şəkildə qoşulacaqlar.

Konfrans çərçivəsində qonaqlar üçün mədəni proqram da nəzərdə tutulub. Onlar Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olacaqlar, “İçərişəhər” Muzey Mərkəzini, Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.

Oktyabrın 22-də tədbir iştirakçıları Fəxri xiyabanda Xalq rəssamı Kamil Əliyevin məzarını ziyarət edəcəklər.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.