WhatsApp Image 2021 10 20 at 22.08.4621 oktyabr saat 19:00-da Azərbaycan Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərginin açılış mərasimi keçiriləcək. Muzeydən araz.az-a daxil olan məlumata görə, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq “İstiqlal” ordenli Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunur.
Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdiriləcək. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rəssamın yaradıcılığına aid 3 xalça, habelə sənətkarın ailə arxivindən üç xalça və 5 eskiz də ekspozisiyada yer alacaq.
Xalça sənətinə peşəkarlıqla yiyələnən rəssam klassik xalça kompozisiyalarını yaradıcı şəkildə dəyişərək təkcə bu sənət üçün deyil, həmçinin digər tekstil növləri və keramika üçün də ornamentlər yaradıb. Portret xalçaları Kamil Əliyevə xüsusilə dünya şöhrəti gətirib. O, portret janrını hazırda xalçaçılıq sahəsində böyük tələbat olan istiqamətə çevirməyə nail olub.WhatsApp Image 2021 10 20 at 22.09.29
Kamil Əliyev uzun və çox məhsuldar yaradıcılıq həyatı boyunca siyasi və ictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin, tanınmış mədəniyyət nümayəndələrinin obrazlarını xalça üzərində parlaq şəkildə canlandırıb. Onun Nizami Gəncəvi, İmadəddin Nəsimi, Aleksander Sergeyeviç Puşkin, Şota Rustaveli, Rabindranat Taqor kimi dünyaca məşhur ədəbi xadimlərin, Ümummili lider Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk, İndira Qandi, Bill və Hillari Klinton, Əli Əkbər Haşimi Rəfsəncani, Ayətullah Xomeyni və s.portret xalçaları onları əhatə edən klassik ornamental kompozisiya ilə mükəmməl şəkildə vəhdətdə yaradılıb.
Xalq rəssamı Kamil Əliyevin fərdi sərgiləri ölkəmizlə yanaşı Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin nüfuzlu muzey və qalereyalarında keçirilmişdir.Onun müəllifi olduğu xalçalar dünyanın məşhur muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq sərgi 21 noyabr tarixinədək davam edəcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.