“Ölkə rəhbərliyinin Qarabağa olan diqqətini dəstəkləyirik. Ermənistanla danışıqların, bəzi güzəştlərin olmasını da qəbul edirik, çünki ancaq qarşılıqlı anlaşmalar bölgədə sülh yarada bilər. Son vaxtlar ard-arda erməni tərəfə güzəştlər edilir, sülh sazişindən sonra cinayət törətmiş erməni hərbiçiləri hissə-hissə geri qaytarılır”.
araz.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
“Bu gün hamımız üçün ən narahatedici məsələ Birinci Qarabağ savaşında itkin və əsir düşmüş minlərlə vətəndaşlarımızın taleyi olmalıdır. Onsuz da Vətən müharibəsində hakimiyyətin bəzi başıboş, məsuliyyətsiz jurnalistləri sayəsində Birinci Qarabağ savaşında həlak olmuş, qan tökmüş qəhrəmanlarımıza qarşı hörmətsizlik oldu, bəziləri qəhrəmanlarımız – torpaq üstündə canlarından keçmiş əsgər və zabitlərimiz arasında fərq qoymaq istədilər və bununla da birinci Qarabağ savaşında həlak olmuş, itkin düşmüş qəhrəmanlarımızın doğmalarını çox incitdilər. Bu gün də o məsələnin daim gündəmdə olmaması, heç olmasa 30 ildən sonra qalıqların aşkar olunub doğmalarına qaytarılmaması böyük haqsızlıqdır. Ona görə də hakimiyyət rəsmiləri bütün danışıqlarda bu məsələni qaldırmalı və həmin qəhrəmanların basdırıldığı məzarlıqların aşkar edilməsinə və heç olmasa qalıqlarının ehtiramla dəfn olunmasına çalışmalıdırlar. Əminəm ki, bu gün də sağ olan erməni terroçuları həmin kütləvi məzarlıqların yerini bilirlər” – A.İsmayılov əlavə edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.