Füzulinin 30 ilə yaxın işalına son qoyulmasından 1 il keçir. Artıq işğaldan azad edilən digər rayon və şəhərlərimiz kimi Füzuli rayonu da azaddır və burada bərpa-quruculuq işləri böyük sürətlə həyata keçir.
Təməli bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev tərəfindən qoyulan Füzuli Beynəlxalq Hava Limanın, həmçinin “Zəfər yolu”nun və digər mühüm obyektlərin tikintisi davam edir. Oktyabrın 17-də Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuliyə səfərləri çərçivəsində aerokomplekslə tanış olan İlham Əliyev beynəlxalq miqyaslı layihəni belə dəyərləndirib: “Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir”.
Bu da o deməkdir ki, Qarabağı 44 günə düşmən tapdağından azad edən Qalib Sərkərdə dünya tarixində daha bir ilki reallaşdırdı – illərlə minalanmış ərazilərin təmizlənmə prosesi daxil olmaqla, cəmi 8 aya beynəlxalq hava limanı inşa etdirdi. liman beynəlxalq standartlara uyğun infrastrukturla tam təchiz edilib.
Bu günlərdə Füzuli hava limanına beynəlxalq status verilib. Bu statusun verilməsi haqqında qərar hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.
Hava limanında istənilən tip təyyarəni qəbul etməyə imkan verəcək uzunluğu 3000, eni 60 metr olan uçuş-enmə zolağı istismara tam hazırdır.
Təməlqoymadan 8 ay sonra, sentyabrın 5-də hava limanına ilk uçuş reallaşıb. Bakıdan uçan “Qarabağ” adını daşıyan ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək 35 dəqiqəyə Qarabağın ilk hava limanında eniş icra edib. Bundan əlavə, həmin gün ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də həmin gün hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Beləliklə, aerokompleks fəaliyyətə başladıqdan sonra Prezident İlham Əliyevin Qarabağın dirçəlişi istiqamətində reallaşdırdığı beynəlxalq miqyaslı növbəti layihə Azərbaycana həm iqtisadi dividendlər gətirəcək, həm də Qarabağın turizm potensialının inkişafına böyük töhfə verəcəkdir.
İsrafil KƏRİMOV – AJB-nin üzvü, “Qızil qələm” mükafatı laureatı
araz.az xəbər portalı.