Azərbaycanın Zəngilan və Ermənistanın Qafan rayonu arasında yerləşən Ağdağ zirvəsinin (ermənilər Pelasar adlandırır-red.) hansı tərəfin nəzarətində olduğuna dair müzakirələr davam edir.
araz.az xatırladır ki, ilk dəfə bu il oktyabrın 16-da Ağdağ zirvəsinə nəzarətin bütünlüklə Azərbaycan tərəfinə keçməsi barədə məlumat yayılıb. İlk olaraq bu barədə “Ermənistan” blokunun üzvü, deputat Anna Qriqoryan açıqlama verdi. O, yüksəkliyin tədricən Azərbaycan tərəfinə təhvil verildiyini bildirib.
Ardınca, Qafan meri Qevorq Parsyan da yayılan xəbərləri təsdiq edib.
“Bizim Pelasar (Ağdağ) dediyimiz dağ bütünlüklə Azərbaycanın nəzarətinə keçib. 2 gün əvvəl dağın bir tərəfi bizim, digər tərəfi azərbaycanlıların nəzarətində idi. Dünəndən artıq zirvə bütünlüklə azərbaycanlılardadır”.
Bu xəbərlər fonunda Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlama yayaraq “Ağdağ istiqamətində mövqe dəyişikliyi olmayıb”,- deyə təkzib xarakterli məlumat yaydı.
Amma Ermənistanın güc strukturlarının bundan öncə də – istər müharibə zamanı, istərsə də müharibədən sonra yaşanan proseslərdə dezinformasiyalar yayması hər kəsə məlumdur.
Modern.az saytı xəbər verir ki, ermənilərin Pelasar, azərbaycanlıların isə Ağdağ adlandırdığı zirvə 2020-ci ilin dekabrından Azərbaycan Ordusunun nəzarəti altındadır. Həmin vaxt GPS vasitəsilə Azərbaycan-Ermənistan sərhədlərinin bəzi istiqamətlərində demarkasiya prosesi həyata keçirilmişdi. Nəticədə, zirvənin böyük hissəsinin Azərbaycanın Zəngilan rayonu ərazisində düşdüyü müəyyən olunub.
Yüksəskliyin yanında Rusiya hərbçilərinin nəzarət postu və erməni sakinlərin qanunsuz ağac kəsimi üçün yolu var idi. Ağdağın Azərbaycana verilməsi ilə bağlı isterika rəsmi Bakının rus hərbçilərinin postu yığışdırmaları və ermənilərə yoldan ağac kəsimi üçün qanunsuz istifadəyə qadağa qoymasından sonra başlamışdı.
Bu fakt Ermənistan Milli Təhlükəsizlik Xidmətinin növbəti dəfə ölkə ictimaiyyətini aldatmağa yönələn dezinformasiya ilə çıxış etdiyini göstərir.
Ağdağ zirvəsi suveren Azərbaycan ərazisində yerləşdir və Ordumuzun tam nəzarəti altındadır. Yüksəklik Ermənistanın Qafan və Əkərək şəhərlərini, 10-dan çox kəndi vizual nəzarət altında saxlamağa imkan verir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.