89733583

Azərbaycan və Ermənistan arasında müharibənin başa çatmasından təxminən 1 il keçir. Ötən bir ildə Ermənistanın ciddi cəhdlə sülh sazişi imzalamaqdan yayınması, birmənalı qarşılanmır. Bu məsələdə qarşı tərəfin vaxt qazanmaq istəyi aşkar müşahidə olunur. Ermənistan vaxt uzatmaqla Azərbaycanı qalibiyyət ab-havasından uzaqlaşdırmaq istəyir? Keçən 1 ildə zaman kimin xeyrinə işlədi?

araz.az bildirir ki , məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Ermənistanın müharibədən sonra sazişi tez-tələsik imzalaması real görünmürdü:

“Gəlin, məsələyə bir az realist yanaşaq. Realizm budur ki, müharibədən sonra bunu imzalamaq Ermənistan üçün mümkün deyildi, çünki qabaqda parlament seçkiləri var idi. Bunu imzalayan şəxsin də seçkidə hər hansı bir şəkildə ümumiyyətlə, qabağa çıxması mümkün olmayacaqdı. Ona görə də, Ermənistan tərəfi seçkilər keçiriləndən sonra bu prosesin irəliləməsinə maraq göstərdiyini ortaya qoydu.

Təbii ki, Ermənistanda fikirlər müxtəlifdir: Müxalif, revanşist, millətçi və s. qüvvələr var, amma imkanlar fərqlidir. Artıq imkanlar onu göstərir ki, Ermənistan hansısa formada bu prosesdə uğur qazanma şansını, özü də qəbul etdiyi kimi itirib”.

BQP sədrinin sözlərinə görə, belə bir vəziyyətdə onsuz da, bu müqaviləyə doğru addımlar atılır və burada Rusiyanın da müəyyən çalışmaları var ki, məsələ yekunlaşsın:

“Bu, Rusiyanın beynəlxalq prestiji üçün vacibdir, çünki sabah Rusiya da müxtəlif auditoriyalarda məsələni qoyacaq ki, məhz Rusiyanın yardımı ilə bu sülh müqaviləsi imzalandı və Rusiyanın bölgədə barış gətirə biləcək missiyaya sahib bir dövlət olduğu, təbliğatda onun üçün çox önəmlidir.

Ermənistanın burada sülh sazişinə irəliləməsi üçün müəyyən problem var. Bu da daxili problemlərdir. Bizdəki daxili problemlərlə oradakılar eyni deyil. Məğlub ölkənin əhval-ruhiyyəsi tam fərqli olur və o baxımdan da bu məsələdə Ermənistanın hansısa bir şəkildə tələsik addım atmasını gözləmək sadəlövhlük olar.”

F. Mustafa onu da vurğulayıb ki, sülh sazişinə doğru Ermənistanda irəliləyiş var: “Son açıqlamalar bunu göstərir ki, Ermənistanın özündə də bu prosesin artıq hakimiyyət səviyyəsində yekunlaşmasına müəyyən dərəcədə doğru bir hərəkətlənmə var və bu hərəkətlənməni də biz doğru dəyərləndirməliyik. Çalışmalıyıq ki, uzatmadan bu prosesi yekunlaşdırıb, bölgədə sülhün və barışın bərqrar olunmasına nail olaq, ona görə ki, bölgədəki bərpa-quruculuq işlərini bir az rahat tempdə aparaq”.

Ermənistanın vaxtı uzatmasına səbəb, danışıqlar masasında bərabər durumda olmaq istəyidir sualına isə millət vəkili belə bir cavab verib:

“Bu gözlənilmir, çünki ikimiz faktiki olaraq eyni deyilik, çünki biz işğalı ortadan qaldırmışıq və Ermənistan Ordusunu da darmadağın etmişik. Ona görə də, faktiki vəziyyət bunu diktə etmir. Oradakılar da uşaq deyillər. Görmürlər ki, artıq əvvəlki üslub və ritorikanın heç biri keçmir? Müharibədən öncə 7 rayonun heç birini qaytarmağı düşünmürdülər, indi isə Xankəndi üzərində söhbət gedir. Ona görə də bu kimi məsələlərdə onlar elə də sadəlövh və yaxud da anlamaz kimi özlərini göstərməyə çalışmayacaqlar. Çünki real vəziyyətdən, sadəcə nələrisə yumşaltmaq üçün addımlar atacaqlar və bu yumşalatmalar da daha çox Azərbaycanın mərhəmətinə güvənərək olacaq. 

Azərbaycan da açığı bu məsələdə əslində, mərhəmət göstərib, erməniləri tamamilə Qarabağdan təmizləməməklə, Xankəndində müəyyən ermənilərin yaşaması üçün təminat verməklə bunu edib, amma bundan o tərəfə artıq mərhəmətin yeri yoxdur.

Hər hansısa bir statusdan, Azərbaycana qarşı müəyyən torpaqların Ermənistanın əlində saxlamasından və digər məsələlərdən söhbət getmir. Xəritə qoyulub və xəritə üzərində də addımlar atılır. Ona görə də dərəbəylik vəziyyəti nə yarana, nə də ki, yaranmasını kimsə iddia edə bilər. Çünki üstünlük bizdədirsə, biz bu üstünlükyü vermək niyyətində deyilik. Qarabağda gördüyümüz genişmiqyaslı işlər də bunu göstərir ki, Azərbaycan, artıq inamla öz torpaqlarını mənimsəməyə, öz torpaqlarında hakimiyyətini möhkləndirməyə doğru böyük addımlar atır və bu addımlar da davam edəcək. Hesab edirəm ki, sülh sazişini də ermənilər Azərbaycanın beynəlxalq hüquqda nəzərdə tutulan maraqları istiqamətində imzalamağa məcbur olacaqlar”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.